İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər? - AÇIQLAMA

İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb.

G.Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş anadan uşağa bətndaxili inkişaf dövründə və ya ana südü ilə xəstəliyin keçməsi mümkündür:

“Vurğulamaq istərdim ki, İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür. Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim Mərkəz mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər”.

Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur:

“Çünki, təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar Mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da Anadan uşağa ötürülmənin profilaktikası aparılır”.//trend

24.01.2024 21:32
505