İdarə rəisi və işçiləri vətəndaşdan şikayətçidir - Rüşvət ittihamına görə

İdarə rəisi və müdir məhkəməyə müraciət edərək onları rüşvət almaqda ittiham edən vətəndaşın cəzalandırılmasını istəyiblər.

Musavat.com xəbər verir ki, vətəndaş Bəşarət Qədirov İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə müraciət ünvanlayıb.

Müraciətində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin rəisi Şamil Qasımovun, Qeydiyyat sənədlərinin qəbulu və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri Əhməd Məcidovun və həmin şöbənin hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı Şabəddin Aydəmirovun ondan rüşvət istədiklərini iddia edib.

Vətəndaş bildirib ki, torpaq sahəsinə mülkiyyət sənədinin verilməsi üçün ondan qanunsuz ödəniş tələb olunub.

Bundan sonra adı çəkilən məmurlar məhkəməyə müraciət edərək vətəndaş B.Qədirovun onlara ağır cinayətlə bağlı olan böhtan atdığını bildiriblər.

Müraciətlərində göstəriblər ki, vətəndaşın həmin böhtan xarakterli şikayəti ilə kollektivdə, təşkilatda nüfuzdan salınıblar. Buna görə də B.Qədirovun böhtan atma ittihamı ilə cəzalandırılmasını istəyiblər.

Məhkəmə məmurların müraciətini icraata qəbul etməyib. Buna səbəb şikayətin doğru formada tərtib edilməməsi olub. Belə ki, şikayətçi olduqları şəxs barədə məlumatları dəqiqliklə göstərməyiblər. Həmçinin Bəşarət Qədirovun onlara ictimai qaydada harada böhtan atması, şahidlərin olması barədə də doğru informasiya verə bilməyiblər.

Buna görə də məhkəmə onların müraciətini icraata qəbul etməyib. Onlar məhkəmənin bu qərarından 20 gün müddətinə apellyasiya şikayəti verə bilərlər.

İ.Muradov
Musavat.com

06.06.2025 20:30
792