İctimai nəqliyyatda üztanıma texnologiyasının tətbiqi uğurlu olacaqmı?

Üztanıma texnologiyası vasitəsilə qatarlarda ödənişləri həyata keçirən bir çox ölkə var. Məsələn, illərdir Çin, Rusiya, Yaponiya və Qazaxıstan bu texnologiyanı metro və qatar ödəniş sistemlərində tətbiq edir. Bu texnologiya ödəniş prosesini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Bəs Azərbaycanda üztanıma texnologiyasının tətbiqi nə dərəcədə uğurlu olacaq?

“Nəhayət, “Azərbaycan Dəmir Yolları” stansiyalarında növbəti ildən sərnişinlərin üztanıma texnologiyası vasitəsilə ödənişlərini həyata keçirməsi planlanır. Bunun həm təhlükəsizlik, həm də rahatlıq baxımından əhəmiyyətli bir addım olduğunu düşünürəm”.

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov bildirib.

ELVİN SOM.jpeg (30 KB)

Ekspert qeyd edib ki, ADY bu yeniliyi yeni nəsil biometrik imza olan SİMA ilə həyata keçirəcək:

“Rəsmilər qeyd edir ki, proses artıq test mərhələsindədir və uğurlu nəticələr əldə olunarsa, gələn ildən istifadəyə veriləcək. Bu cür texnologiyaların tətbiqi rəqəmsal transformasiyanın bir hissəsidir və xüsusən də nəqliyyat sektorunda innovativ həllərin genişlənməsi ilə sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini daha da asanlaşdıracaq. Fürsətdən istifadə edərək bir məqama daha toxunmaq istəyirəm. Sosial şəbəkələrdə metro və dəmir yolları qatarlarında sərnişinlərin çoxluğu səbəbindən sıxlıqdan şikayət edən istifadəçilər tez-tez müşahidə olunur. Bu qədər şikayətə rəğmən, qatarların intervalı niyə azaldılmır, açığı, mənə məlum deyil, ola bilsin, qatar çatışmazlığı var”.

Nigar HƏSƏNLİ,
Musavat.com

28.10.2024 11:31
340