İcra başçılarına XƏBƏRDARLIQ EDİLDİ - Seçki ilə bağlı...

Namizədlərin 4 gün vaxtı qaldı; avqustun 31-i Azərbaycanda “sükut günü”dür

Həftəsonu-1 sentyabrda növbədənkənar parlament seçkiləri keçiriləcək. Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib. İddialılar arasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri ilə yanaşı, müxalifəti və bitərəfləri təmsil edən namizədlər də var. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: "Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var". MSK rəsmisi bildirib ki, bu vaxta qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.

“Unikal”ın əldə etdiyi məlumata görə, budəfəki seçkilərdə icra hakimiyyətlərinin hər hansı bir formada iştirakı, yaxud müdaxiləsi tamamilə məhdudlaşdırılacaq.

Belə ki, icra hakimiyyətlərinin başçıları Prezident Administrasiyasına çağırılaraq seçkiöncəsi vəziyyət müzakirə olunub. Onlara tapşırılıb ki, seçki prosesinə hər hansı bir formada müdaxilə yolverilməzdir. Yəni icra hakimiyyətlərinə hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin belə xeyrinə iş aparmamaqla bağlı konkret tapşırıq verilib ki, seçki günü saxta bülletenləri qutulara salınmasın, karusel prosesi edilməsin.

Hakim komandadan Milli Məclis üzvlüyünə namizədlərin seçkidə önə çıxması üçün isə bütün proses YAP-ın yerli təşkilatları tərəfindən icra olunacaq. Yəni bu seçkidə aktivliyi yaratmaq və hakim partiyanın namizədinin seçilməsinə nail olmaq üçün YAP üzvləri ciddi şəkildə işləməli olacaq.

Bu arada “Yeni Sabah” sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə şansı olmayan YAP-çı namizədlərdən bir neçəsinin adını dəqiqləşdirə bilib. Məlum olub ki, hakim partiyanın 10 saylı Binəqədi üçüncü seçki dairəsindəki namizədi Hümbət Hüseynovun qanunverici orqanda təmsil olunmaq şansı çox aşağıdır. Bu dairədə Müsavat başqanının müavini Razim Əmiraslanlının və ya Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin qalib gələcəyi gözlənilir.

İqtidar partiyasının 26 saylı Sabunçu birinci seçki dairəsindəki namizədi Afaq Hacıyevanın da qalib gəlməsi qeyri-mümkün sayılır. 

36 saylı Xətai-Suraxanı seçki dairəsində YAP-ı təmsil edən Nərminə Hacıyevanın da mübarizədən məğlub ayrılacağı iddia olunur. 

YAP-ın 81 saylı İmişli seçki dairəsindəki namizədi İsrafil Məmmədov da  mandat almaq şansı  aşağı qiymətləndirilir.

16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş YAP üzvü Həbib Mirzəyevin də qalib gəlmək şansı aşağıdır. Bu dairənin seçicilərini qanunverici orqanda növbəti 5 illikdə yenə ReAL Partiyasının üzvü Erkin Qədirlinin təmsil edəcəyi iddia olunur.

Sayt iddia edir ki, yaşı  70-i ötmüş YAP-çı namizədlərin də qələbə şansı aşağı qiymətləndirilir.

Yeri gəlmişkən, YAP tərəfindən Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərdə heç bir namizəd irəli sürməyib. Hakim partiyanın 52 üzü Naxçıvan Ali Məclisinə seçkilərdə öz təşəbbüsləri ilə namizəddir.

Bundan başqa, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) və AĞ Partiyanın bir üzvü də seçkilərdə namizəd kimi iştirak edəcək. Ötən seçkilərdə isə hakim partiya 45 seçki dairəsindən 42-sində vahid namizədlə seçkilərə qatılmışdı, digər 3 seçki dairəsində isə bitərəf namizədləri dəstəkləmişdi. Nəticələrə əsasən isə YAP Ali Məclisdə 42 yer qazanmışdı.

Bu il keçirilən seçkilərdə hakim partiya tərəfindən irəli sürülən namizədlərin olmaması təəccüb doğurub.

Qeyd edək ki, siyahıda Naxçıvan Ali Məclisinin sabiq sədri, Məclisin üzvü Vasif Talıbov və oğlu Seymur Talıbovun adı yoxdur.

Yeni Azərbaycan Partiyası Naxçıvan Ali Məclisinə namizədlər irəli sürməməsinin səbəblərini açıqlamır.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi - SƏRƏNCAM -  AZƏRTAC

Avqustun 26-da isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərin təlimatlandırılması məqsədilə müşavirə keçirilib. Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Namizədlərin təbliğat-təşviqat aparmaları üçün isə cəmi 4 gün qalıb. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu həftənin şənbə günü - avqustun 31-i Azərbaycanda “sükut günü”dür. Parlament seçkiləri ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və bu proses avqustun 31-i saat 8:00-da dayandırılmalıdır. Həmin günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.

Hazırda davam edən təşviqat üçün ölkə üzrə 3 min 469 açıq, 2 min 037 qapalı yer ayrılıb.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Bu gün-27 avqustda isə seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti başa çatıb.

“Seçki 2024" Müstəqil Media Mərkəzinin məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

Sənəddə bu prosesin avqustun 27-dək həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.

Seçki günü polis də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bəs maraqlıdır, polis əməkdaşları səsvermə günü hansı vəzifələri yerinə yetirir?

Polis əməkdaşı Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanında vəzifə tutan və “Polis haqqında” Qanunla və digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ictimai qaydanın qorunması və ictimai asayişin bərpa edilməsi kimi xidməti vəzifələri yerinə yetirir. Polis əməkdaşlarının qanunazidd hərəkətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

Azərbaycan vətəndaşı kimi polis əməkdaşının da qanunvericilikdə müəyyənləşdirilmiş qaydada seçkilərdə seçici qismində iştirak etmək hüququ var.

Milli Məclisə seçkilər zamanı qeydiyyatdan çıxma vəsiqəsi müvafiq seçki dairəsinin ərazisində tətbiq edilir. Əgər polis əməkdaşı seçki günü fəaliyyəti ilə əlaqədar aid olduğu seçki məntəqəsində səs verə bilmirsə, o, qeydiyyatdan çıxma vəsiqəsi ilə ərazisində olduğu seçki məntəqəsində səsvermədə iştirak edə bilər. Qeydiyyatdan çıxma vəsiqəsi dairə seçki komissiyasından səsvermə gününə 45-25 gün qalmış, məntəqə seçki komissiyasından isə səsvermə gününə 24-3 gün qalmış götürülə bilər.

Azərbaycanda gələn il iki seçki keçiriləcək

Polis əməkdaşı səsvermə günü nələri etməlidir?

- Polis əməkdaşı səsvermə günü xidməti formada olmalıdır;

- Polis əməkdaşı xidməti vəzifəsini seçki məntəqəsi yerləşən binadan azı 100 metr aralıda yerinə yetirməlidir;

 - Polis əməkdaşının Seçki Məcəlləsinin 104.14-cü maddəsinə əsasən səsvermədə seçici kimi iştiraketmə hallar istisna edilməklə, səsvermə zamanı seçki məntəqəsində olması qadağandır;

- Polis əməkdaşı yalnız məntəqə seçki komissiyası sədrinin dəvəti ilə ictimai asayişi bərpa etmək üçün səsvermə otağına daxil ola bilər. Bu zaman səsvermə müvəqqəti olaraq dayandırılır. Polis əməkdaşı ictimai asayişi bərpa edərkən qanunvericiliyin müvafiq müvafiq tələblərinə əmək etməli, ictimai asayiş bərpa edildikdən sonra dərhal seçki məntəqəsini tərk etməli və öz xidməti vəzifəsini yuxarıda göstərilən məsafədə yerinə yetirməlidir.

“Seçkilər yalnız parlamentin tərkibini müəyyənləşdirməklə kifayətlənməyəcək, eyni zamanda ölkənin gələcək siyasi və iqtisadi istiqamətini də formalaşdıracaq. Azərbaycanın daxili sabitliyini və beynəlxalq mövqeyini daha da gücləndirəcək”. Bu fikirləri “Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Şamil Ayrım qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Ermənistanla daimi sülhə, sülh sazişinə nail olmaq üçün intensiv diplomatik səylər davam edir. Qafqazda uzunmüddətli münaqişələrin sona çatması və regional sabitliyin təmin olunması üçün Azərbaycanın sabit və güclü olması əsas şərtdir. Bu seçkilər Azərbaycanın mövqeyini gücləndirir.

Ş.Ayrım deyib ki, bu gün Azərbaycan daxildə parlament seçkiləri, regionda sülh danışıqları və beynəlxalq aləmdə COP29 kimi mötəbər tədbirə ev sahibliyinə hazırlıqlar kimi mühüm proseslər astanasındadır: “Ölkənin bu proseslərdə əldə edəcəyi uğurlar, həm daxili, həm də xarici siyasətdə güclü bir mövqeyə çatmasına səbəb olacaq. Parlament seçkilərinin canımız Azərbaycan xalqı üçün uğurlu olmasını ürəkdən arzulayıram”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

27.08.2024 08:37
3486