"İçərişəhərdə niyə elə musiqi səsləndirilməlidir?" - Sevda Ələkbərzadə

"Bayağı" deyilən musiqi mövzusuna toxunmaq istərdim. İnternetdə kimin nəyə qulaq asması onun şəxsi haqqı və zövqüdür. Amma problem ondadır ki, belə musiqilər televiziya və radiolara sızıb. Bəs “bayağı” musiqisinin ifaçılarını televiziya və radio aparıcıları necə tərifləyirlər... Onlara "sənətkar" deyirlər və bu insanlar əslində “sənətkar” olduqlarına inanmağa başlayırlar".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında "Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması" adlı panel-sessiyada deyib.

Müğənni hazırda çox səsləndirilən və "bayağı" adlandırılan mahnılardan danışıb:

"Şəxsən mən ətrafda elə “sənətkar"lar olanda "sənətkar" olmaq istəmirəm. Balaca uşaq bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı. O sadəcə görür, eşidir və ona təsir edir. Mən bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Orada fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim... Bura İçərişəhərdir. Tarixi məkan. Həmin o cür bayağı musiqi niyə orada səslənməlidir?".

Sevda bildirib ki, verilişlərə getməməsinin səbəbi də bu cür mahnıların reklam edilməsidir:

"Baxıram ki, həmin verilişdə 2 gün əvvəl kimlər olub və necə təqdim edilirlər. Mənim elə verilişdə nə işim var? Ayıbdır".

Qeyd edək ki, S.Ələkbərzadə İçərişəhərdə baş tutan konsertdə Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" mahnısının səsləndirilməsini tənqid etmişdi.

30.11.2023 21:33
1025