Özbəkistanın Daşkənd şəhərində anadan olmuş 1986-cı il təvəllüdlü Teymur külli miqdarda dələduzluq etməkdə, vəzifəli şəxsə rüşvət verməyə təhrik eləməkdə təqsirli bilinib.
İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 32.4, 312.1-ci (içtirakçılıq, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.
“Mənə 30 faiz gəlir gətirdi”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, Namiqlə İçərişəhərdə bəzək əşyalarının, suvenirlərin satışı ilə məşğul olarkən tanış olub: “İçərişəhərdən tanıdığım Namiq 2020-ci ilin mart-aprel aylarında otellərə şirniyyat satdığını və qazanc əldə etdiyini bildirdi. O, pul verəcəyim təqdirdə dövriyyəni artıraraq qazanc götürə biləcəyimizi söylədi. Razılaşdım və ona hazırda xatırlamadığım müxtəlif məbləğlərdə pul verdim.
Namiq verdiyim pulları bir neçə həftə sonra qazancla geri qaytardı. Hər ay verdiyim pulun nisbətində mənə təqribən 30 faiz gəlir gətirdi. Namiqin anket məlumatlarını və telefon nömrəsini bilmirəm”.
“Qazancın az hissəsini özümə götürdüm”
Teymurun sözlərinə görə, ölkədə 2020-ci ilin mart ayından pandemiya qaydalarının tətbiqi səbəbindən bütün iş yerlərində olduğu kimi onların fəaliyyətində də ciddi çətinliklər yaranıb: “Tanışım Atasoltan mənə yaxınlaşaraq, işlərin pis getdiyini bildirdi və haradan gəlir əldə etmək mümkün olduğunu soruşdu.
Həmin ərəfələrdə Namiq dövriyyəni artırmaqla daha çox qazanc əldə edə biləcəyimizi və bunun üçün çox pul lazım olduğunu bildirdi”.
Təqsirləndirilən şəxs deyib ki, söhbət zamanı Namiqin belə bir işlə məşğul olduğunu və Atasoltanı da bu işə daxil edə biləcəyini deyib: “Atasoltan təklifimlə razılaşdı. İlk dəfə təxminən 2020-ci ilin martında mənə 1.000 manat verdi. Həmin pulu Namiqə çatdırdım. 15 gün sonra Namiq hazırda xatırlamadığım qazancla birlikdə pulu mənə geri qaytardı. Mən də 1.000 manatı və qazanc kimi Namiqin verdiyi pulu götürərək Atasoltanın yanına getdim.
1.000 manatı və qazanc kimi verilən pulun böyük hissəsini Atasoltana verdim. Qazancın az bir hissəsini isə özümə götürdüm”.
“Daha çox pul lazım olduğunu dedi”
Teymurun ifadəsinə görə, bundan sonra bir neçə dəfə Atasoltandan pul götürərək Namiqə verib:
“Namiq də həmin pulları bizə qazancla qaytardı. Qazancın böyük hissəsi Atasoltana, az bir hissəsi isə mənə çatmaqla aramızda böldük. Şirniyyat işinin görülməsi üçün Atasoltan ümumilikdə mənə təxminən 7.000 manat verdi. Həmin pulların hamısını Namiqə çatdırdım, o da qazancla birlikdə pulları geri qaytardı.
Mən qazancın az bir hissəsini özümə götürərək əsas məbləğləri və qazancın qalan hissəsini Atasoltana vermişəm. Şirniyyat işi təxminən 2020-ci ilin avqust ayına kimi davam etdi. Həmin ərəfələrdə Namiq mənə Çindən suvenirlər, bəzək əşyaları və dekorlar gətirərək satdığını, bunun müqabilində normal qazanc əldə etdiyini, bu işin görülməsi üçün daha çox pul lazım olduğunu bildirdi.
Mən də bu barədə Atasoltana dedim. Atasoltan bu işlərin görülməsi üçün də pul verə biləcəyini bildirdi”.
“Qazancı aramızda böldük”
Teymur deyib ki, bundan sonra müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə Atasoltandan pul götürüb və Namiqə verib:
“Həmin pulları Atasoltandan götürərkən mənə əlyazma yazdırdı, özündə saxladı. İlk dəfə təxminən 27 aprel 2020-ci ildə Namiqə vermək üçün Atasoltandan 7.000 ABŞ dolları məbləğində pul götürdüm və Namiqə verdim. Təxminən 1 ay sonra Namiq həmin məbləğdə pulu təxminən 2.600 dollar qazancla geri qaytardı. Mən də ümumilikdə 9.600 dolları götürərək Atasoltanın Yasamal rayonunda yerləşən mənzilinə getdim, 9.600 dolların 1.300-nü özümə qazanc kimi götürdüm, 8.300-nü isə Atasoltana verdim. Atasoltan bu barədə dəftərdə qeydiyyat apardı”.
Teymur deyib ki, təxminən 8 iyun 2020-ci ildə yenidən Atasoltandan 7.200 dollar götürüb, yenə də əlyazma yazıb imzalayaraq Atasoltana verib: “Təxminən 1 həftə-10 gün sonra Namiq 7.200 dolları hazırda xatırlamadığım məbləğdə qazancla birlikdə geri qaytardı”.
Teymurun sözlərinə görə, Namiqə vermək üçün Atasoltandan təxminən 8.800 dollar pul götürüb və bu barədə də əlyazma yazaraq imzalayıb: “Bir müddət sonra Namiq həmin pulu da hazırda xatırlamadığım məbləğdə qazancla geri qaytardı. Bu qaydada Atasoltanla işlərimiz 2020-ci ilin avqust-sentyabr aylarına kimi davam etdi”.
“Pulu qaytarmağı tələb etdi”
Teymur qeyd edib ki, 2020-ci ilin avqust-sentyabr aylarında Namiq Türkiyəyə getdiyindən pulları geri qaytarmağı gecikdirməyə başlayıb: “Namiq Türkiyə vətəndaşı olduğundan bizim pullarımızı oradan hesaba göndərəcəyini bildirdi. Lakin pulları göndərmədi. Bu səbəbdən mənimlə Atasoltan arasında narazılıq yaranmağa başladı. Atasoltan qalan pulu geri tələb etməyə başladı. Namiqi tapa bilmədiyimdən pulu Atasoltana qaytara bilmədim”.
Teymurun ifadəsinə görə, 2020-ci ilin sonlarına kimi Namiqlə vatsapda əlaqə saxlayıb, Namiq pulları geri qaytaracağını və onu pis vəziyyətdən çıxaracağını bildirib: “Mən də ona güvəndim, Atasoltana aramızda olan pul məsələlərini həll edəcəyimə söz verdim. Lakin Namiq 2020-ci ilin sonlarında mənimlə əlaqələrini kəsdi.
Namiqdən xəbər ala bilmədiyimdən Atasoltanla aramızda pul mübahisəsi həll edilmədi. Pulların bir hissəsi Atasoltana qaytarıldı. Hazırda xatırlamadığım miqdarda pullar qaytarılmayıb”.
Teymur deyib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquq məsləhətçisi kimi işə düzəltmək adı ilə Atasoltandan 14.000 dollar məbləğində pul almayıb.
“Yeni iş qurmağı təklif etdi”
Cinayət işi üzrə şahid qismində ifadə verən Atasoltanın sözlərinə görə, uzun müddətdir İçərişəhərdə bəzək əşyalarının, suvenirlərin satışı ilə məşğul olur:
“Teymuru 2020-ci ilin əvvəlindən tanımışam. İşlətdiyim mağazanın yaxınlığındakı mağazada satıcı işlədiyindən münasibətlərimiz yarandı. 2020-ci ilin martından etibarən COVİD-19-la bağlı mənim iş fəaliyyətimdə də çətinliklər yarandı. Həmin vaxt Teymur işlətdiyim mağazaya gəldi, özünü ağıllı və mədəni bir insan kimi göstərdi.
Teymur pandemiya ilə bağlı məhdudiyyətlərin uzun müddət davam edəcəyini bildirdi, yeni iş qurmağı təklif etdi. O, şirniyyat müəssisəsi olduğunu, nüfuzlu şəxslər üçün müxtəlif şirniyyat növləri, tort və paxlava bişirtdirib, satdığını dedi. Həmin işi böyütmək üçün müəyyən məbləğdə pul lazım olduğunu, bununla bağlı mənim də pul verəcəyim təqdirdə yaxşı qazanc əldə edəcəyimizi bildirdi”.
“Narahat olmadım”
Atasoltan qeyd edib ki, Teymur 1.000 manat verəcəyi təqdirdə, 15 gün ərzində həm həmin pulu qaytaracağını, həm də əlavə 300 manat qazanc verəcəyini deyib: “Teymurun təklifini qəbul edərək ilk dəfə 2020-ci ilin martın 17-də 1.000 manat pulu ona verdim. Teymur pulu götürdü, qısa vaxta həm verdiyim pulu, həm də əldə olunacaq qazancı verəcəyini dedi.
Teymur dediyinə əməl edərək aprelin 1-də 1.400 manatla yanıma gəldi. Həmin puldan 100 manat götürərək qalanını mənə verdi. Teymurun belə davranışı məndə inam yaratdı. Onunla bu şəkildə iş görməyə başladıq.
Teymur ilk dəfə məndən aldığı 1.000 manat pulu qaytarsa da, sonradan ona hər dəfə verdiyim 1.000 manatıqaytarmayaraq dövriyyədə olduğunu dedi. Çətin bir vaxtda Teymur mənə hər dəfə 300 manat qazanc verdiyindən maya olaraq verdiyim pulu qaytarmamasından narahat olmadım və şübhələnmədim”.