İcazəsiz video və səs yayanlara sərt cəza gəlir - hüquqşünas rəyi

“Şəxsin səsinin, fotosunun tirajlanması özəl həyatına müdaxilədirsə, dövlətin təhlükəsizliyi baxımdan vacibdirsə...”

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Qeyd olunub ki, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.

Layihəyə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Bunun açması nədir? İnzibati işlər üzrə video və fotonun qorunması kimin məsuliyyətidir? Bəs bunu kimlər, hansı məqsədlə yayırdı və hansı fəsadlara səbəb olurdu? 

Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

Natiq Ələsgərov 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır: “Şəxsin səsinin, fotosunun tirajlanması özəl həyatına müdaxilədirsə, dövlətin təhlükəsizliyi baxımdan vacibdirsə, o informasiyanın yayılması yolverilməzdir. Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması hüquqi məsuliyyətdir. Bəzi KİV-lər reytinq xatirinə insanların telefon danışıqlarını, yazışmalarını yayır. Bu qanun pozuntuları xarici ölkələrdə olduğu kimi Azərbaycanda da qanunla tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 155-ci maddəsində göstərilir ki, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Bundan əlavə, biz əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur. Türk Cəza Qanununun 133, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 138, Almaniya Cinayət Qanununun 201-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi eyni məzmunda cinayət tərkibini ifadə edir ki, buna müvafiq olaraq əməli törətmiş şəxsin cinayət məsuliyyəti yaranmış olur. Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır”. 

Natiq Ələsgərov deyib ki, hər bir vətəndaşa məxsus fərdi informasiya var: “Müxtəlif sosial şəbəkələrdə və yaxud informasiya vasitələrində qeydiyyatdan keçib, onların xidmətlərindən istifadə edəndə şəxsi informasiyaların müxtəlif yollarla sızması halları baş verir. Şəxsi məlumatların yayılma müstəvisindən asılı olmayaraq, bu kimi problemlərə dünya ölkələrində olduğu kimi Azərbaycanda da nəzarət edilir. Bununla bağlı Mülki və Cinayət Məcəlləsində maddələr var. Facebook, İnstagram, WhatsApp, sosial servislər, internet şəbəkələrinin hər birinin ayrı-ayrılıqda istifadə qaydaları var. Bu qaydalarda geniş şəkildə izah edilir ki, qanun pozuntusuna yol verildiyi halda hansı addımları atmaq lazımdır. Bu kimi problemlər qanunla tənzimlənsə belə, birinci növbədə istifadəçilər öz təhlükəsizliklərinin qayğısına qalmalıdırlar. Yəni elementar təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Onu da əlavə edim ki, informasiyanın oğurlanması kimi hallarla üzləşən şəxslər təhlükəli məqam yarananda, qorunma ilə bağlı Azərbaycanda fəaliyyət göstərən Rabitə və Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin 1654 qaynar xəttinə də müraciət edə bilərlər”.

Natiq Ələsgərov bildirib ki, ümumiyyətlə, smartfonların ekran şəklini çəkmək imkanları fotolarınızın hər hansı şəxs tərəfindən əldə olunmasına böyük imkan yaradır: “İstifadəçinin şəkilləri paylaşdığı şəxslə münasibətləri korlanarsa, həmin şəkillər gələcəkdə onun əleyhinə istifadə oluna bilər. Buna misal olaraq Böyük Britaniyanı göstərmək olar. Bu ölkədə selfilərin çəkilməsi bir çox hallarda ciddi hüquqi sonluqla nəticələnir. Şəxsi həyatın toxunulmazlığı Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi ilə qorunur. İfadə azadlığını, media azadlığını isə həmin konvensiyanın 10-cu maddəsi qoruyur. 

Əgər jurnalist ictimai maraq baxımından bir nəfərin şəklini çəksə, həmin şəxs isə bunu özəl həyatına müdaxilə hesab etsə, onda son qərarı yalnız məhkəmə verir. Böyük Britaniyada məhkəmə qərarı mütənasiblik prinsipinə əsaslanır. Yəni müdaxilə səviyyəsi ictimai əhəmiyyətə uyğun olmalıdır. Əksər ölkələrin qanunvericiliyinə görə, ictimai yerlərdə şəkil və video çəkmək, səs yazmaq leqaldır. Bu baxımdan, məsələn, səsvermə günü səs verilən yer ictimai yer olduğuna görə orada insanların şəklini çəkmək icazəsi də var. Əksər Avropa ölkələrində qadağa - çəkilən şəklin, yazılan səsin ictimai nümayişi ilə bağlıdır. Yəni ictimai yerdə çəkmək olar, ancaq tirajlamaq olmaz. Amerikanın 38 ştatında söhbəti yazmaq olar, əgər yazan adamın özü söhbətin iştirakçısıdırsa və ya iştirakçılardan ən azı biri söhbəti yazmağa icazə veribsə. Qalan ştatların hamısında, məsələn, Kaliforniyada, Vaşinqtonda söhbəti yazmaq üçün bütün iştirakçıların razılığını almaq lazımdır. Bəzi ölkələr də var ki, orada yalnız hökumətdən icazə almaq lazımdır. Sudana gələn turist nəyi çəkirsə-çəksin, o cümlədən küçədə adamları çəkməyə əvvəlcədən hökumətin icazəsini almalıdır. Bu icazə “Şəkil çəkməyə xüsusi hökumət icazəsi” adlanır. 

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da bu məsələ əksini tapıb. Belə ki, konvensiyanın 8.1-ci maddəsinə görə, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Eyni zamanda konvensiyanın 13-cü maddəsində konvensiyada təsbit olunub hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunub". 

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

14.03.2024 09:03
3366