İbrahim Rəisi kim idi: İranın 8-ci prezidentinin SİYASİ PORTRETİ

Xəbər verdiyimiz kimi İran prezidenti İbrahim Rəisinin içərisində olduğu helikopter mayın 19-da Azərbaycanla sərhəddən Təbrizə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərzəğan və Culfa şəhərləri arasındakı dağlıq bölgədə qəzaya uğrayıb.

Musavat.com xatırladır ki, qəzaya uğrayan helikopterdə prezident İbrahim Rəisi ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imamı Seyid Məhəmməd Ali Haşim, general Seyid Mehdi Musəvi, Prezidentin mühafizə xidməti rəhbəri, mühafizəçilər və 3 nəfər heyət üzvü də həlak olub.

96f15100-1665-11ef-9b12-1ba8f95c4917.jpg (24 KB)

Bu hadisə İran tarixində miqyasına görə ən böyük faciələrdən biri hesab olunur. İslam Respublikasının 8-ci prezidenti Seyid İbrahim Rəisi 1960-cı il dekabrın 14-də Məşhəd şəhərində seyid və ruhani ailəsində anadan olub. Rəisinin 5 yaşı olarkən atası dünyasını dəyişib.

Əvvəlcə Məşhəddə dini təhsil alan Rəisi 15 yaşında Quma gedərək burada təhsilini davam etdirib. Dövrün nüfuzlu din alimlərindən dərslər alıb, İslam hüququ (fiqh) sahəsində mütəxəssis olub. Bu dövrdə Qum dini elm mərkəzi olmaqla yanaşı İranda həm də Şah hakimiyyətinə qarşı əsas mübarizə mərkəzlərindən biri idi. İbrahim Rəisi də gənc yaşlarında Şaha qarşı dini-siyasi hərəkatda yer alıb.

ibrahim-reisi.jpg (62 KB)

İslam inqilabından sonra məhkəmə-hüquq sistemində çalışmağa başlayıb. 1989-cu ildə Tehran şəhər prokuroru təyin olunub. 1980-ci illərdə inqilab məhkəməsinin üzvü, 1994-2004-cü illərdə İranın Baş Müfəttişlik Təşkilatının sədri, sonrakı 10 il ərzində Ali Məhkəmə sədrinin müavini, baş prokuror, eyni zamanda o, 2012-ci ildə Qumda fəaliyyət göstərən və yalnız din xadimlərinin mühakiməsini həyata keçirən dini məhkəmənin hakimi, nəhayət 2016-cı ildə Məşhəddə yerləşən   ölkənin ən böyük dini vəqfi olan Astani Qudsi Rəzəvi – İmam Rzanın (ə) hərəmi - vəqfinin rəhbəri vəzifəsinə təyin edilir. O, 2017-ci il seçkilərində prezidentliyə namizəd olsa da, o dövrdəki prezident Həsən Ruhaniyə məğlub olur və 2 il sonra İran məhkəmə sisteminin rəhbəri vəzifəsinə gətirilir, paralel olaraq Ekspertlər Şurasının (Xubreqan) üzvü olub.

ededddd.jpg (20 KB)

2021-ci ildə keçirilən prezident seçkilərində İbrahim Rəisi İslam Respublikasının 8-ci prezidenti seçilib. İranda qatı mühafizəkar qanadın nümayəndəsi olan İ.Rəisi ali dini liderə yaxın şəxs hesab olunurdu. Onun qayınatası Ayətullah Aləmul Huda dini liderin Məşhəd təmsilçisi və Məşhəd imam-cüməsidir. Son 20 il ərzində İranda dini liderə ən yaxın olan prezident İbrahim Rəisi idi. Bu səbəbdən hətta müxalifləri tərəfindən tənqid olunsa da, Rəisi bununla da həm də dindar-mühafizəkar qanadın ən populyar və dəstək görən üzvü hesab olunurdu.

Onun 3 illik prezidentliyi dövründə mühafizəkar qanad daxilində ciddi parçalanma müşahidə olunmayıb, əksinə, prezidentə dəstək yüksək olub. Bu səbəbdən də onun adı həm də dini liderin potensial varisləri siyahısında hallanıb.

rrrrrrrrrrrrrrrr.jpeg (125 KB)

İbrahim Rəisi klassik mühafizəkar baxışları daşıyıb. Fələstini dəstəkləyib və İsrailə qarşı sərt çıxışları olub. Eyni zamanda prezident olmamışdan əvvəl Livan və Suriyaya səfər edib, buradakı islamçı silahlı qruplara. O cümlədən, Həmas və İslami Cihad kimi fələstinli təşkilatlara dəstək verib.

Ancaq onun prezidentliyi dövrü elə də rahat keçməyib. Ümumilikdə populyar, güclü natiqlik qabiliyyəti olmadığı üçün kütlə içərisində xüsusi populyarlığı olmayıb. Ancaq məhkəmə sisteminə rəhbərlik etdiyi dövrdə və daha sonra prezident olarkən korrupsiyaya qarşı sərt münasibəti ilə tanınıb və bir sıra səs-küylü korrupsiya həbsləri həyata keçirib. Prezident olarsa şəffaflığa xüsusi diqqət edəcəyini söz verib.

2021-ci il prezident seçkiləri İranda ən passiv seçkilər olub, lakin bu, Rəisidən daha çox ölkədəki sosial-siyasi şəraitlə bağlı olub. İbrahim Rəisi sələfi Həsən Ruhaninin ABŞ-la dialoq kursuna qarşı olub və nüvə danışıqları siyasətini həm 2017, həm də 2021-ci il seçkilərində tənqid edib. Obamadan sonra prezident seçilən Donald Tramp İranla nüvə sazişindən çıxaraq sanksiyaları yenidən bərpa etməklə bu mənada İbrahim Rəisini haqlı çıxarıb.

rggggggggggggg.jpg (39 KB)

İbrahim Rəisinin prezidentliyinin ilk illəri, xüsusən də ilk 2 ili çox çətin keçib. Qərbin geniş miqyaslı sanksiyaları nəticəsində neft-qaz satışının məhdudlaşması, ölkə iqtisadiyyatının tənəzzüldə olması Rəisiyə qarşı sərt tənqidlərə səbəb olub. Xüsusən də 2022-ci ilin payızında baş verən və bir neçə ay davam edən Məhsa Əmini etirazları İbrahim Rəisi hökuməti üçün ciddi sınaq olub.

Lakin 2023-cü ilin əvvəlindən etibarən iqtisadi vəziyyət dəyişib, İran həm sanksiyaların qismən yumşalması, həm də Rusiya-Ukrayna müharibəsinin təsiri ilə neft satışını artırıb, Rusiya ilə ciddi şəkildə yaxınlaşması sayəsində regional siyasətdə mövqeləri möhkəmlənib. Onun hakimiyyəti dövründə mühafizəkarlar güclənib, bu səbəbdən də xarici siyasətdə, xüsusən də regional siyasətdə sərt xətt tərəfdarlığı yüksəlib. O cümlədən, Azərbaycanla münasibətlərdə ciddi gərginliklər müşahidə olunub. İran ordusu sərhəddə təlimlər keçib, 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə silahlı hücum iki ölkə münasibətlərinə ciddi təsir edib.

Erdogan-Reisi.jpg (53 KB)

Lakin İbrahim Rəisi həm Azərbaycan, həm Türkiyə, həm də İraqla münasibətlərdə yumşalma tərəfdarı kimi çıxış edib. Onun 2021-ci ilin dekabrında İƏT dövlət başçılarının Sammitində, 2022-ci ildə Xəzəryanı dövlət başçılarının sammiti çərçivəsində  Aşxabadda görüşləri, həmçinin 2023-cü ilin noyabrında Daşkənddə Azərbaycan prezidenti ilə görüşləri müsbət atmosferdə və dostluq mesajları ilə müşayiət olunub. Ötən gün qəzadan əvvəl Araz çayı üzərində yeni su bəndi və SES-nin açılışında da iki ölkə prezidenti dostluq və əməkdaşlıq mesajları veriblər.

Azərbaycan prezidenti İlham Əliyev münasibətlərin ən sərt vaxtlarında iranlı həmkarını ittiham etməyib, İran daxilində müəyyən qrupların və eləcə də xarici qüvvələrin iki ölkə münasibətlərini pozmağa çalışdığını qeyd edib.

ilham_reisi.jpg (56 KB)

İranın mövcud qanunlarına əsasən prezident dünyasını dəyişəcəyi təqdirdə birinci vitse-prezident onu əvəz edir.

Hazırkı şəraitdə vitse-prezident Məhəmməd Möhbər İran prezident səlahiyyətlərinin icrasını üzərinə götürüb. Möhbər də mühafizəkar qanada aid şəxslərdəndir, bu vəzifəyə qədər İranda ən böyük dini vəqflərdən biri olan “SETAD”a rəhbərlik edib.

İranda prezident postu daha çox hökumət rəhbərinə uyğun olduğu üçün hər hansı ciddi siyasi və ya hakimiyyət böhranı gözlənilmir.

Çünki prezidentdən daha üst qurum olaraq inqilab rəhbəri, hazırkı vəliyyi-fəqih Ayətullah Əli Xameneyi dövlətin birinci şəxsi statusundadır. Eyni zamanda 50 gün ərzində yeni prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Seçkilərdə böyük ehtimalla mühafizəkar qanada məxsus siyasətçi İbrahim Rəisinin yerini tutacaq.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

20.05.2024 13:52
4612