APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Həmədan - Azərbaycanın ən qədim paytaxtı” adlı yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Həmədan şəhəri Həmədan əyalətinin mərkəzi sayılır. Həmədan bu əyalətin ən böyük və ən sıx məskunlaşan şəhəridir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Həmədan şəhəri əslində Həmədan rayonunun (şəhristan) mərkəzi sayılaraq bir çox qəsəbə və kəndi öz ətrafına almaqdadır.
2017-ci ilin siyahıyaalınmasına əsasən, Həmədan şəhərinin əhalisi 577 min 458 nəfərə bərabər olmuşdur. Azərbaycanın ən qədim şəhərlərindən biri olan Həmədan şəhərinin əhalisinin əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır. Lakin şəhər daxilində farsca danışanların (bunlar farslaşmış türklər, farslar, farsca danışan lorlar və kürdlərdir) sayısı diqqət çəkməkdədir. Əslində Həmədan əyalətinin güney bölgəsində çoxunluqla lorların yaşadığı 2-3 şəhər vardır. Əyalətin mərkəzində, quzeyində, batısında və doğusunda yerləşən Həmədan, Kəbudər Əhəng, Bahar, Famənin, Rəzən, Dərqəzin, Əsədabad, Həmədan şəhərlərində və Məlayir şəhərlərinin quzey tərəflərində Azərbaycan türkləri yaşamaqdadırlar.
Həmədanın qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa baxış
Həmədan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Eramızdan əvvəl I minilliyin əvvəllərində Midiya dövlətinin paytaxtı olmaqla yanaşı sonrakı dövrlərdə də Azərbaycan ərazisində qurulmuş bir neçə dövlətin paytaxtı olmuşdur. “Həmədan” adının kökü haqqında fərqili fikirlər vardır. Assur qaynaqlarında şəhərin adı “Əmədan”, yunan qaynaqlarında isə “Ekbatan” olaraq qeyd olunmuşdur. Lakin bəzi tarixçilər belə hesab edirlər ki, yunan qaynaqlarında Ekbatan olaraq qeydə alınan şəhər başqa yerdir. Həmədən elə Assur dövlətinin qaynaqlarında yazıldığı kimi qədim “Əmədan” şəhərinin dəvamıdır. Bu şəhər Arsaqlar yaxud Parfiya imperiyasının (eramızdan əvvəl 247-ci ildən eramızın 224-cü ilinə qədər) və Sasanilər imperiyasının (224-651) yaylaq paytaxtı olmuşdur. Həmədan şəhəri tarixi keçmişinə, coğrafi əhəmiyyətinə və şəhər quruluşuna görə, İslamdan sonra da həmişə padşahların diqqət mərkəzində olmuşdur. Şah İsmayıl Səfəvi də Çaldıran müharibəsindəki məğlubiyyətdən sonra bir müddət Həmədanı özünə paytaxt etmişdi.
Ümumiyyətlə, demək olar ki, bir vaxtlar Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərdən biri olan Midiya dövlətinin paytaxtı Həmədan sonralar da Azərbaycanda yaranmış dövlətlərin ərazisində yerləşibdir. Azərbaycan dövlətçiliyindən danışıb da həmədanlı alim və dövlət adamı Xoca Rəşidəddin Fəzlullahı unutmaq olmaz. Moğol İlxanlarının vəziri olan bu məşhur alimin hələ də Təbrizdə özündən yadigar buraxdığı əsərləri vardır.
Əvvəlki yazıları oxuyanlar yaxşı bilirlər ki, yüz il əvvəldən İranda Güney Azərbaycan türklərinin dil və mədəniyyətini məhv etmək üçün məqsədyönlü siyasət həyata keçirilib və türklərin tarixi geniş şəkildə təhrif edilərək Güney Azərbaycan türklərini assimlə etməyə və farslaşdırmaya çalışılmışdır. Bu siyasət Təbriz kimi şəhərlərdə az təsir buraxsa da Həmədan, Zəncan, Qəzvin, Kərəc kimi yerlərdə öz mənfi təsirlərini göstərib. Bunun bir səbəbi də türk olmayan xalqların bu şəhərlərə köçüdür. Əslində bu şəhərlərdə Azərbaycan türkcəsinin fars dili qarşısında geridə qalması və fars dilinin xalqın gündəlik söhbətlərində vasitəçi bir dil kimi istifadəsinin genişlənməsinin səbəblərindən biri də həmin aşırı köç.
Həmədan əhalisinin əksəriyyətini Güney Azərbaycan türkləri təşkil edən bir əyalətin mərkəzidir. Lakin bu yazıda qeyd olunan bəzi səbəblərə görə son yüz ildə bir çox türk olmayan xalqlar Həmədana köç etmişlər və nəticədə şəhərin əhalisi tədricən farsca danışmağa məcbur olmuşdur. Buna baxmayaraq hələ də Azərbaycan türkcəsi bu şəhərdə danışılır.
Təəssüf ki, Həmədan Azərbaycan-türk kimliyinin getdikcə unudulduğu şəhərlərdən biridir. Ancaq türkcə yazan şairlərin şeirlərində və aşıqların sazlarında bu kimlik hələ də yaşamaqdadır. Təbii ki, bu şəhərdə Azərbaycan mədəniyyəti hələ də yaşayır. Bunu yeməklərin adlarında, hazırlanma üsullarında, yerli və ənənəvi ayinlərdə görmək olar. Necə ki bu şəhərdə bişirilən, yaxud hazırlanan bir çox şiriniyyat və yeməklərin adları türkcədir, hazırlanma üsulları da Azərbaycan mətbəxi üslubundadır. Türk-Azərbaycan üsullarını yalnızca mətbəxdə yox, bir çox alanlarda da görmək olar. Məsələn, Həmədanda toxunulan xalçalar da, Türk-Azərbaycan ənənəsi ilə tam uyğundur. Həmədan xalçaları haqqında yazılmış olan bir çox yazılarda belə bir cümlə var: “Həmədan əyalətinin xalçaçıları çox möhkəm olsun deyə əl ilə toxunan xalçalarda türk düyünlərindən istifadə edirlər”. Əslində bu cümlə döğru, amma natamamdır. Bu xalçaçılar Azərbaycan türkləri olduqları üçün xalçaları da Türk-Azərbaycan üsullarına uyğun toxuyurlar. Necə ki mətbəxdə Türk-Azərbaycan üsullarına uyğun yemək hazırlayırlar.
Son illər Güney Azərbaycanın başqa bölgələrində olduğu kimi Həmədanda da türk-Azərbaycan mədəniyyətinin qorunub saxlanması istiqamətində gənclərin, mədəniyyət xadimlərinin fəaliyyəti artmaqdadır. Əslində, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilaxır çərşənbə ayinləri, Novruz bayramı adətləri, sayaçılar, təkəmçilər, Çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki Azərbaycan hələ bu şəhərdə yaşayır. Bu mədəni elementlərin bəziləri Həmədanda sönməkdədir, amma orada Türk-Azərbaycan mədəniyyəti hələ də yaşamaqdadır. Türk-Azərbaycan mədəniyyət ocağının bu şəhərdə sönməməsi üçün daha çox çalışmaq lazımdır. Məsələn, bir neçə il bundan əvvəl Həmədanda Aşıqlar Bayramı deyə bir tədbir keçirildi. Bu, Azərbaycan musiqi festivalının xalq tərəfindən geniş şəkildə qəbul edilməsi özlüyündə Türk-Azərbaycanlı kimliyinin bu şəhərdə dərin kök saldığını göstərir. Nəzərə gəlir ki, belə tədbirlərin sayısı genişlənməlidir. Yoxsa bir zamanlar Türk-Azərbaycan mədəniyyətinin ocağı sayılan bu şəhərdə getdikcə farslaşma sürəci güc qazanmaqda və bu ocaq hərarətdən düşməkdədir.
Həmədən şəhərinin tarixi və görməli yerləri
Şəhərin gəzməli-görməli yerləri o qədər çoxdur ki, bu qısa yazıda onları tanıtdırmaq mümkün olmaz. Əli Sədr mağarası kimi təbii gözəlliklər və görməli yerlər, Midiya dövlətinin əsərləri kimi tarixi abidələr və binalar, Əbu Əli İbn Sina kimi görkəmli alimlərin, yaxud şairlərin məzarları bu şəhərin turistik yerlərinin yalnız kiçik bir hissəsidir.
Həmədan Tarixi Kolleksiyası
Bu gün” Hegmətanə” deyə adlanan bu qədim tarixi kolleksiya əslində eramızdan əvvəl I minillikdə Midiya dövlətinin paytaxtı olan qədim Həmədan şəhəridir. 30 hektarlıq geniş bir sahədə yerləşən bu tarixi kolleksiyada aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəl I minilliyin müxtəlif əsrlərinə aid çoxsaylı tarixi əsərlər aşkar edilmişdir. Lakin bu şəhərin xüsusiyyətləri arasında əldə edilən qədim əsərlərlə birlikdə şəhərin nadir rast gəlinən memarlığı və nizamlı planı olduqca diqqətçəkicidir.
Bu qiymətli tarixi kompleks indiki Həmədan şəhərinin daxilində yerləşir və tarix həvəskarları tərəfindən ziyarət edilir.
Əbu Əli İbn Sinanın məzarı
Gözəl Həmədan şəhəri həm də məşhur alim Əbu Əli İbn Sinanın (980-1037) dəfn yeridir. İbn Sina Həmədanda olduğu müddətdə Buyəlilər əmirlərindən olan Şəms-od-dövlə Deyləminin vəziri idi. Daha sonra İsfəhana köçmüşdü, amma Həmədana səfər elədiyində bu şəhərdə vəfatetmişdi. İbn Sina türbəsinin əvvəlki binası Qacarlar dövründə Fəth Əli şahın nəvəsi Nigarın sifarişi ilə tikilmişdir.
(İbn Sinanın qədim türbəsi)
Təxminən 80 il bundan əvvəl qədim bina sökülüb yerinə indiki yeni bina tikilmişdir. İbn Sinanın türbəsini ziyarət edənlər oradakı muzeyi də ziyarət edib qədim əlyazma kitabları və arxeoloqların Həmədan bölgəsində kəşf etdikləri qədim tarixi əşyaları yaxından görə bilərlər. Türbə şəhərin içindəki meydanın ortasında yerləşməkdədir.
(İbn Sinanın yeni türbəsi)
Ester və Mordexay türbəsi
İrandaki yəhudi və xristianlar inanırlar İncildəki kraliça Ester və onun dayısının (bəzi rivayətlərə görə əmoğlusu) bu məkanda dəfn edilib və düzənli olaraq buranı ziyarətə gedərlər. Lakin bu düşüncə İrandan kənarda yaşayan yəhudilər tərəfindən dəstəklənməyir. Nə Babil, nə də Yerusəlim Talmutunda bu barədə heç bir söz yoxdur.
Tarixən sübuta yetirilməsi mümkün olmayan rəvayətə görə, Mordexay qədim Pers şahının ali muşaviriymiş. Ester beləliklə şahın sarayına yol tapmış və yəhudi olduğunu gizli saxlayaraq şahın həyat yoldaşı olmuşdur. Tövratdan götürülmüş rəvayətlərə görə, yəhudilərə kin bəsləyən vəzir, Mordexayı və bütün yəhudiləri öldürmək üçün padşahdan əmr alır. Padşahın həyat yoldaşı Ester bu xəbəri bilib və Mordexaya xəbər verir və beləliklə bu işin qabağı alınır.
Qeyd etdiyimiz kimi, Həmədanın gözəllikləri və tarixi abidələri o qədər rəngarəngdir ki, onları bu kiçik məqaləyə daxil etmək mümkün deyil. Üç min il bundan əvvəl Azərbaycanda formalaşmış bir dövlətin paytaxtı olmuş, sonrakı dövrlərdə də həmişə ticari, siyasi və mədəni əhəmiyyətini qoruyub saxlayan bir şəhər haqqında qapsamlı bir yazı hazırlamaq o qədər də asan deyil. Bu şəhərin müxtəlif yerlərində müxtəlif tarixi dövrlərə məsələn, Səlcuqlular, Moğol İlxanları, Səfəvilər, Qacarlar və s. aid əsərlərə rast gəlmək mümkündür. Həmədan qədim Azərbaycanın dövlətçiliyinin əzəmətini göstərən şəhərdir.