Bakı şəhərinin böyük şadlıq saraylarından birində toy iştirakçıları zalın tən ortasında camaat namazı qılıblar. Bu barədə video sosial şəbəkədə yayılıb. Paylaşılan videoya yazılan rəylərdə qeyd olunur ki, şadlıq evi araq süfrələrinin açıldığı, yeyib-içmək məclislərinin qurulduğu, insanların şənləndiyi məkanıdır və buradan təyinatına uyğun olmadan istifadə edilib, ayaq altında namaz qılınıb. İbadət etmək üçün Bakıda məscidlərin, eləcə də şadlıq saraylarında namaz otaqlarının olduğu əsas gətirilərək, toy iştirakçılarının bu davranışını nümayişkarlıq kimi dəyərləndirənlər, onları qınayanlar da olub.
Medianews.az mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədovun fikrini öyrənib.
İlahiyyatçı-alim bildirib ki, sözügedən toy məclisi içkilərin verilmədiyi və dindarların böyük əksəriyyət təşkil etdiyi bir mərasim olub.
Onun sözlərinə görə, toyda ibadət əhlinin belə çoxluq təşkil etməsi və kollektiv qılınan namazlar olduqca təqdirəlayiqdir: “Mən özüm də həmin toyda iştirak etmişəm. Namaz vaxtı gəldi və dindarlar elə oradaca namaz qıldılar. Namaz üçün bir otaq kifayət etmədi. Amma, bu, dindarlarımıza maneə olmadı. Düşünürəm ki, burada qeyri-adi nə isə yoxdur. Digər tərəfdən, toylarda kifayət qədər çatışmayan cəhətlər və anormallıqlar var. Məsələn, bəzi kollektiv rəqs formaları, toyların diskotekaya çevrilməsi bizim milli adət-ənənələrimizə, dəyərlərimizə ziddir. Lakin nədənsə onları müzakirəyə çıxaran yoxdur. Toyda qılınan kollektiv namaza gəldikdə, müsəlman ölkəsi olduğumuzu insanlara xatırlatmaq istərdim. Bu baxımdan da burada müzakirə mövzusu olacaq qeyri-adi nə isə görmürəm”.
İlahiyyatçı E.Məmmədov qeyd edib ki, məclisdəki bu kollektiv ibadət nümunəvi olsa da, hər toya şamil edilmir: “Ənənəvi qaydada keçirilən toylarımızda ibadət edənlər çoxluq təşkil etməyə bilər. Belə halda onların bir kənara çəkilib ibadətini etməsi daha düzgün olar. Çünki, toyun təyinatı ibadət deyil, əylənməkdir. Namaz qılarkən ətrafdakı səs-küy də bizə maneə ola bilər. Ona görə də, toyda azlıq təşkil edən möminlərin ayrıca namaz qılması daha doğrudur”.