Hüseyn Abdullayevi yenə də məhkəməyə gətirmədilər, veb-kamera qarşısına da keçə bilmədi - SƏBƏB

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Hüseyn Abdullayevin sağlıq durumu ağır olduğundan onu saxlanıldığı Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirmirlər.

 Buna görə də proses onlayn formatda təşkil olunur. Hüseyn Abdullayevlə vəkili Bakı İstintaq Təcridxanasında veb-kamera qarşısına keçir, Bakı Ağır Cinayətlər Məhkəməsində də hakimlər veb-kameralar vasitəsi ilə prosesi davam etdirirlər. Ötən prosesdə Hüseyn Abdullayev veb-kamera önünə keçsə də, proses boyu başını stolun üstünə çarpazlanmış əllərinə qoyub qaldırmamışdı. Vəkili  müvəkkilinin sağlıq durumunda ciddi problemlərin olmasını demişdi. Bu gün keçirilən prosesdə  aydın oldu ki, Hüseyn Abdullayev səhhətində olan problemlə bağlı veb-kamerada görüntülənməkdən imtina edib. Buna görə də məhkəmə görüntü olmadan, amma səslə, vəkilinin iştirakı ilə prosesin davam etdirilməsini qərara alıb.

Vəkillər vəsatət qaldıraraq təqsirləndirilənin səhhətində olan ciddi problemlə bağlı tanınmış həkim, professor Adil Qeybullayevin Penitensiar Xidmətin müalicə müəssisəsində onu müayinə etməsinə icazənin verilməsini istəyiblər. Dövlət ittihamçısı isə öz növbəsində vəsatətə etirazını bildirərək, Hüseyn Abdullayevin proseslərdə iştirakına mane ola biləcək hər hansı səhhət probleminin olmadığını bildirib. O, bununla yanaşı, Penitensiar Xidmətin Tibb İdarəsində kifayət qədər ixtisaslaşmış tibb mütəxəssislərinin də olduğunu vurğulayaraq, professor Adil Qeybullayevin müayinəsinə ehtiyacın olmadığını deyib. Məhkəmə heyəti yerində müşavirə edərək təqsirləndirilənin vəkillərinin vəsatətini qəbul edib. Daha sonra dövlət ittihamçısı Hüseyn Abdullayevə ittiham aktını elan edib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

 Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb. İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış yeddi bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

 

E.Məmmədəliyev,
Musavat.com

19.09.2024 14:44
791