Müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarət olub. 1995-ci ildə konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlayıb. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk konstitusiyası hazırlanır və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilir. 2004-cü ilin dekabr ayından etibarən məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başlanıb.
Demokratik hüquqi dövlət quruculuğu prosesi hazırda Heydər Əliyev dövlətçilik ənənələrinin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Avropanın siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir. Praktiki tədbirlərin dairəsi isə genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş verir. Bu məqsədlə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılır, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması və fəaliyyətinin qiymətləndirilməsi məsələləri üzrə müvafiq Fəaliyyət Planı hazırlanır.
Məhkəmə-hüquq islahatlarının məntiqi davamı kimi “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” ölkə Prezidenti İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanı məhkəmə sisteminin müasirləşdirilməsi və inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla məhkəmə islahatlarının üçüncü mərhələsi başlanıb.
İndi isə məhkəmə-hüquq sistemində yeni dövr başlanır. Fərid Əhmədovun ədliyyə naziri təyin olunması ilə bu sistemdə dəyişikliklər olacağı gözlənilir. Müstəqil təhlilçilər ədliyyə sistemində ciddi islahatlara ehtiyac duyulduğunu bildirir. Yeni nazir Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri Fikrət Məmmədov olub.
Zahid Oruc
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc “Amerikanın Səsi”nə yeni nazirin ədliyyə sistemində ciddi islahatlar aparacağına inandığını bildirib və onu müsbət xarakterizə edib: “Ədliyyə Nazirliyi həm məhkəmə-hüquq sistemində, həm məhkəmə qərarlarının icrası sferasında, həm probasiya xidməti, notarial xidmətlər, vətəndaş aktlarının qeydiyyatı və başqa, yəni əhalinin böyük əksəriyyətinə xidmət göstərən bir sferadır. Hesab edirəm ki, yeni nazir qısa müddətdə tanınmış hüquqşünasları, üçüncü sektor təmsilçilərini, cəmiyyət adamlarını, digər tanınmış ictimai xadimləri dəvət edərək, bu platformada əsas görüləcək işlərin bir yol xəritəsini hazırlayacaq”.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Fərid Əhmədov yeni nəsil idarəçilərdəndir: “Heç şübhəsiz ki, bu təyinat cənab Prezidentin böyük etimadıdır. Fərid Əhmədov çox mürəkkəb sahəyə nazir təyin olunub. Ədliyyə sisteminə həm ölkə daxilində, həm də xaricində diqqət var. Cənab Prezident çıxışında yeni dönəmə qədəm qoyduğumuzu bildirmişdi. Bu dönəm özündə idarəetmədə yeni nəslin iştirakını da ehtiva edir. Mən hesab edirəm ki, Fərid Əhmədov yeni nəsil idarəçilərdəndir. Onun bilik və bacarığı, təcrübəsi ədliyyə sistemində yeni islahatların daha da dərinləşməsinə imkan verəcək”.
Fuad Əliyev
“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, məhkəmə-hüquq sistemində islahatların sürətlənməsi vacibdir: "Bu sahədə olan boşluqları aradan qaldırmaq lazımdır. Hakimlərin fəaliyyətindən narazılıqlar olur, bu sahədə də işlər görülməlidir. Hüquqi dövlət quruculuğu prosesində ədliyyə sistemində islahatlar daimi xarakter daşımalıdır. Yeni gənc nazir bu sahədə bir sıra problemlərin həllinə nail olacaq. Vətəndaşların etdiyi müraciətlər arasında məhkəmə qərarlarından da şikayətlərə rast gəlmək olur. Xüsusən də mülki işlərdə müəyyən problemlər görmək olar. Ona görə də bu sahədə məhkəmənin müstəqilliyinin artırılması mühümdür".
Hazırladı: Emil SALAMOĞLU