Hüquqi çatışmazlıq

Öncə zəhmətkeşlərimizi ABŞ-da prezident seçkisi münasibətilə təbrik edirəm, çünki dünyanın istənilən sakini üçün oradakı seçkilərin hansısa önəmi vardır, hətta deyərdim ABŞ prezidentini həmçinin azərbaycanlılar və Azərbaycan üçün seçirik. Bu gün, 5 noyabr səsvermə günüdür, baxmayaraq ki, artıq 80 milyona yaxın seçici öncədən, elektron-filan üsullarla səs vermişdir. Amerikada belə şeylərə icazə vardır. 

Bəs hansı namizəd qalib gəlsə bizə xeyirlidir? Allah bilir - mənim politoloq və mistik şərhim hələlik bundan ibarətdir. Əgər Tramp qalib gəlsə, məncə, xəcalətli qalibiyyət olacaqdır, Şərqdə zənən üzərində qələbə çalan erkəyə pis baxırlar, bu isə Trampın 2-ci dəfə zənən xeylağını seçkidə udmağı hadisəsinə çevriləcək, bir dəfə də Bill Klintonun zövcəsi Hillari xanım üzərində qələbə çalmışdı (bir növ belə yazmaq olar: “Demokrat Partiyası Trampın qabağına çıxarmağa kişi tapmır”).  

Sözgəlişi, ABŞ seçkiləri müəyyən dərəcədə qatmaqarışıq, bizim bucaqdan baxanda lap anlamsız seçkilərdir. Məsələn, elə Hillari üzərində qələbə zamanı əslində Donald müəllimin bütün ölkə üzrə yığdığı səs daha az idi. Amma ABŞ-da superseçicilər adında bir anlayış var, orada ştatlar üzrə camaat müəyyən sayda nümayəndə təyin edir, onlar gedib bir daha səs verir. Nəsə çox qəlizdir, bizim üçün özəlliklə maraqsızdır. Bizdə Məzahir müəllim builki bələdiyyə seçkisini ümumiyyətlə ləğv elədi. Kefi elə istədi. 

Ən anlamsız cəhət isə hələ də qalibin bilinməməyidir. İlkin rəy sorğularına görə, Kəmalə xanım da 50 faizdir, Donald bəy də. Yarı-yarıya. Belə də seçki olar? Nəticədə ölkə camaatı bölünür, xalqın birliyinə xələl gəlir, ABŞ-ın dövlət quruluşu, sabitliyi pozulur. Xalq bir fikirdə olmalı, hamı çəkici eyni nöqtəyə vurmalıdır. Seçkinin qalibi, onun yığacağı səslər, hansı məntəqədə saxtakarlıq olacaq, hansında səslər ləğv ediləcək, müşahidəçinin qaşındakı çapığın eni neçə santimetr olmalıdır və sairə - bütün detallar öncədən bilinsə yaxşıdır. 

Ötənlərdə yazmışdım, bizdə bu kimi məsələlər daim dövlətin qayğısı, diqqət mərkəzindədir, artıq dönər də nəzarətə götürülüb. Dünən Yemək-içmək idarəsinin açıqlaması vardı, deyir dönəri 12 saat ərzində yeməliyik. 

Həqiqətən, uzatmağa nə ehtiyac? Bəs dönərin saatı necə qoyulacaq, hələlik bilmirəm. Yəqin bunun üçün dövlət büdcəsindən ağıllı saatlar alınacaq, dönərə taxılacaq. Saat 12-ni keçən kimi, dönərin fırlanmağı dayanacaq, ət yanacaq. 

O cümlədən təzə qaydaya görə, dönər yalnız mal, qoyun və toyuq ətlərindən olacaq. Daha camış əti, həmçinin at-eşşək əti vurulmayacaq. 

Dönər yazdım, yadıma düşdü, keçən həftə deputat Səyavuş müəllim Milli Məclisdə haqlı olaraq bir məsələ qaldırdı (məclisdə akreditasiya olunan jurnalistlərdən aldığım xəbərə görə, məsələ hələ də qalxdığı yerdə durur, heç düşməmişdir). Deyir bizdə hüquq elmləri namizədi, doktorları çox azdır, prokurorluqda belələri çalışmır və sairə. 

Həqiqətən, hüquq elminin vəziyyəti acınacaqlıdır. Şəxsən mən cəmi 1 hüquq elmləri namizədi tanıyıram, o da elə Səyavuş müəllimdir. Deyəsən, Səyavuş müəllim hüquqla elmi baxımdan məşğul olmağa başlayandan sonra bu sahəyə daha heç kəs gəlmədi. Hamı, xüsusilə gənclər başqa elm sahələrinə axışır, filologiya, toyxana, mütrüflük, jurnalistika, politologiya, tarix, yemək-içmək və sairə üzrə elmlər namizədləri və doktorlarımız saysızdır. Bircə hüquq elminə girişən yoxdur. 

Azərbaycanda insan hüquqları qorunmursa, hüquq elmini necə tədris edəsən, necə tədqiqat aparasan? (Bu cümlə araya səhv düşdü, üstündən keçin). 

Ancaq bu, bizə əsas vermir. Olmayan şeyin tədqiqatı əslində daha maraqlı gəlməlidir. Əsas odur nikbin olaq. Mübarizə aparaq. Elə Səyavuş müəllimin ailəlikcə (xanımı da ombudsmandır) insan hüquqlarının inkişafı üçün çalışması bizə əlavə ruh verir. 

 

05.11.2024 08:00
1101