“Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim” - Kamildən ŞOK AÇIQLAMALAR

Azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı barəsində Ermənistanda cinayət işi açılıb və axtarışa verilib.

Ermənistan Kamil Zeynallını erməni əsilli mülki şəxsi “vəhşicəsinə öldürməkdə” ittiham edir. O, bu həftə Moskvadan Bakıya dönərkən hava limanında saxlanıb. Azərbaycan diplomatik qurumlarının müdaxiləsindən sonra Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya dönüb.

Musavat.com Kamil Zeynallının “BBC News”a verdiyi müsahibəni təqdim edir:

- Kamil bəy, müharibədən sonra siz Moskvaya gedib-gələndə hər hansı yoxlama-araşdırma olurdumu?

- Son iki ay ərzində üç dəfə getmişdim. Hamısında məni yoxlayıblar, pasportumu alıblar, 15 dəqiqə sonra buraxıblar. Qayıdanda da saxlayıb yoxlayırdılar. Mənə də maraqlıydı ki, onlar məni niyə saxlayırlar.

Sən demə, Ermənistan məni İnterpol yox, MDB dövlətlərarası axtarışa verib. Axtarışa verəndə familyamda hərf səhvi yazıblar. Sərhəddə də baxanda hərf səhvi var buraxıblar [ad üst-üstə düşməyib].

Bu dəfə isə saxlayanda yoxlanış bir az dərin getdi: 40-45 dəqiqə, sonra polislər məni apardılar polis bölməsinə. Orda dedilər ki, Ermənistan tərəfindən axtarışa verilmisiz və sizi onlara təhvil verəcəyik.

Prokuror dedi ki, sənədləriniz bir-iki saata hazırlanır, ora məruzə eləmişik, sizi göndərəcəyik ora, yəni sürətli proses gedir. Mən də bir kənara çəkildim, telefonla video çəkib paylaşdım.

Sağ olsun, dövlətimiz tez reaksiya verdi, ordakı səfirliyimiz, lazımi qurumlar tez reaksiya verdilər və qabağa düşdülər.

- Dəqiqləşdirim: Sizi MDB dövlətlərarası axtarışa veriblər, eləmi?

- Bəli. Paşinyanın müavini və daxili işlər naziri indi açıqlama verib ki, nahaq məni sərbəst buraxıblar və Rusiya məni niyə Yerevana təhvil verməyib. İndi Rusiyadan açıqlama gözləyirlər.

- Ermənistanda barənizdə cinayət işi qaldırıldığından xəbəriniz var idimi?

- Bilirdim ki, onlar məndən yanıqlıdılar. Bilirdim ki, onlar nəsə edə bilərlər. Amma xəbərim yox idi, axtarış barəsində, xəbərim olsa, yəni o qədər ağılsız deyiləm də, axtarış olan yerdə aparıb özümü odun içinə atım.

- Bəs Azərbaycan tərəfində, hüquq-mühafizə orqanlarında belə bir məlumat yox idimi ki, sizi MDB dövlətlərarası axtarışa veriblər?

- Yox idi, ordan bura yığıb, Daxili işlər Nazirliyinin idarələrindən biri yığıb mənimlə bağlı axtarışa baxıblar. Baxıblar ki, mənim adım axtarışda yoxdu. Onda soruşublar ki, onu nəyə əsasən tutsunlar? Yenidən Rusiyaya veriblər ad-familyamı, araşdırıblar ki, öz hərfləri ilə yazıblar. Mənim adımda “K”-dan sonra [rus əlifbası ilə] “ya” yazıblar: “Kyamil” olub, məndə isə pasportda “Kamil” yazılıb. Buna görə hər dəfə məni buraxırlarmış. Bu dəfə isə saxladılar.

- İndi sizə “stop” qoyulub?

- Bəli, MDB dövlətlərinə giriş edə bilmərəm.

- Bununla bağlı siz hüquqi müstəvidə hər hansı hərəkət aparacaqsızmı?

- Yox, aparsaq da... Ermənistandı də. Nə aparsaq, boşunadı. Bilirsiniz də, burda prinsip söhbətləri var. Həm siyasi problemlər, siyasi söhbətlərdi iki dövlət arasında. Düşmənimizdi də. Adı üstündə, düşmənimiz. Ona görə onlar bundan vaz keçməzlər.

- Kamil bəy, bir video yayılıb. Məlumatlara görə, Ermənistan da sizi o videoya görə ittiham edir. Bir qoca kişinin başının kəsilməsi videosu... Bu videonu görmüsünüzmü? Burda baş verənlər barədə nə xəbəriniz var?

- Belə bir şey olsa, o videoda mən olsam da, olmasam da, bilirsiniz axı, mən heç vaxt onu doğrultmaram. Çünki mənim xəbərim yoxdur.

- Yəni, tanımırsınız ordakıları?

- Mənim heç nədən xəbərim yoxdur. Heç nədən. Mən sizə müsahibə verirəm. Tutalım, mən onu təsdiq etsəm ki, o mənəm, sonra bunu, məsəl üçün, düşmənlərimiz götürəcək ki, o özü təsdiq edir. Cinayət işini daha da asanlaşdırmaq yoludur, onlar üçün. Ona görə, mənim heç nədən xəbərim yoxdur.

- Sizin bir videonuz yayılıb. Orda “erməni başı kəsən oğullardan” bəhs edirsiniz. Ünvanınıza belə ittihamlar vardı ki, adamları müharibə cinayətləri törətməyə çağırırsız.

- Onda müharibə gedirdi. Müharibədə hər bir hadisə ola bilər. Danışıq da, ölüm də, yaralanma da. Müharibə - adı üstündə. Burda hər şey ola bilər. Bunlar onu indi “kozer” kimi istifadə edirlər.

- Sizin müharibə vaxtı çoxlu videolarınız yayılırdı. Bir videoda topa mərmi qoyursuz. Belə döyüşmək istəyirdinizsə, niyə hərbi yolla getmədiniz?

- Hərbi yolla... gedib qeydiyyatdan keçdim, çağırmadılar. Çağırmadılar deyə, gedib qanunsuz girdim.

- Cəbhəyə qeyri-qanuni getdiyinizi həmin videoya şərhinizdə də yazmısız. Buna görə hüquq-mühafizə orqanları sizi çağırdımı?

- Əlbəttə, çağırdılar, niyə çağırmadılarʔ Çağırdılar, mənimlə oturub söhbət etdilər. Lazım deyil, girmə. Birdən sənin başına nəsə iş gələr. Onsuz da, deyir, səni paylaşıblar. Kim bunu öldürsə, mükafat veriləcək. Belə xəbərlər paylaşılmışdı. Hüquq-mühafizə orqanları mənimlə görüşdülər.

Bakıya gəldim Füzulidən. Dedilər girmə, dedim yaxşı. Amma dedilər, yardımlarını göndər. Dedim, yaxşı. Amma çıxdım, pis çıxmasın, yenə öz bildiyimi elədim.

Niyə öz bildiyimi, çünki ürəyim orda idi, müharibədə idi, qardaşlarımın yanında idi. Onlar orda, mən burda, özümə sığışdıra bilmədim, ona görə təzədən gedib girdim, sonradan həbs etdilər.

- Bir videonuz da var: əsgərlər qarşınızda sıraya düzülüb. Buna görə sizə hər hansı cəza verdilərmi?

- Xeyr. Əsgərləri mən ora zorla düzməmişdim ki. Bu, əsgərlərin mənə hörmətiydi. Onları kim ora zorla düzdürə bilər? Hamısı Azərbaycan kişiləri, əsgərləridir. Sadəcə, mənim xətrimi çox istəyirdilər. Sadəcə, mən gələndə, -idmanda, hərbidə salamlaşma qayda-qanunu var, onlar özləri düzüldülər, mənlə görüşdülər.

- İkinci Qarabağ müharibəsinə görə medallarınız varmı?

- Xeyr, mən medala görə getməmişəm…

- Sadəcə, soruşuram, medal verilibmi?

- Mən qanunsuz girmişəm axı, ona görə də mənə medal düşmür.

- Mən qayıtmaq istəyirəm qətl törədilməsi təsvir olunan videoya. Belə başa düşdüm ki, o videonu siz də görmüsünüz. Bu videonu necə qiymətləndirirsiniz?

- Lap əla qiymətləndirirəm. Düzdür, biz təcavüzkar millət deyilik. Biz hər şeyi qayda-qanunla, sülhlə etmək istəyirdik. Bunlar da başa düşmədilər. Bizim torpağımıza girənləri torpağımızdan çıxarmışıq.

Müharibədə yaşlısından cavanına kimi bunu gözə almalı idilər ki, biz Azərbaycan torpağındayıq, sabah bizi öldürə bilərlər və yaxud da digər nələrsə, ona görə biz burda olmalı deyildik. Onlar bunu gözə alıb bura gəliblərsə, artıq bu bizim günahımız deyil. Kimlər nağayrıblarsa, müharibədi, müharibədə hər şey ola bilər.

- Kimsəsiz, əliyalın, dinc insana qarşı bunu doğru sayırsınız?

- Xocalı faciəsində bizim qadınların qarnını yarıb uşağını çıxaran onlar idi, o qocalar idi. O ölən qoca idi. ...Bildinizmi?! Bizim qadınlara qarşı zorakılıq edənlərdin biri də onlar idi.

- Videoda olan kişinimi nəzərdə tutursunuz?

- Bəli, videoda olan kişi, həmin o Xocalıda bizim qadınlarımıza, uşaqlarımıza işgəncə verib öldürənlərdən biri də o olub.

- Bunu siz nədən bilirsiniz?

- İndi mən də bilirəm. Bilməsəm, danışmaram. Durub hər şeyin dərinliyini deyə bilmərəm ki. Mən də eşitmişəm, bəli. Eşitmişəm, özü də orda boynuna alıb, deyirlər.

25.02.2024 10:43
2629