Hüquq müdafiəçisi: Putinin Azərbaycana səfəri dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir

“Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də qonşu dövlətlərlə münasibətləri daha da möhkəmləndirmək, əməkdaşlığı genişləndirməkdir. 2020-ci ildə Ermənistan üzərində qazandığımız tarixi qələbədən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı da artıb. Hər dəfə dövlət başçılarının qarşılıqlı səfərləri dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi dövlət səfəri böyük maraqla izlənildi. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər bütün sahələr üzrə daim yüksək səviyyədə olub və dinamik xarakter daşıyıb. İkitərəfli münasibətlərin daha da möhkəmlənməsi və inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolu xüsusi qeyd edilməlidir. Bu baxımdan Prezident Vladimir Putinin səfəri dünyanın diqqət mərkəzində idi”.

Musavat.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir: “Qarşılıqlı səfərlər bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir. Prezident İlham Əliyev də qeyd etdi ki, hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdır. Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır və dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər həmçinin tarixi xarakter daşıyır və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək”.

Rusiya Prezidentinin səfərini yüksək dəyərləndirən hüquqşünas deyib ki, qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Bu, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsindən xəbər verir. Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir.

Tanınmış hüquqşünas Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb olduğunu, onlarda 160 min şagird təhsil aldığını və 800 mindən çox şagirdin rus dilini ikinci dil kimi öyrəndiyini diqqətə çatdırıb. Bununla yanaşı, ölkəmizin 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri olduğunu diqqətə çatdırıb.

Ç.Qənizadə iki ölkəni liderlərinin görüşü zamanı regional təhlükəsizliyin də müzakirə olunduğunu diqqətə çatdırıb: “Qeyd edildi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

Hüquq müdafiəçisi dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizlərinin də müzakirə olunduğunu diqqətə çatdırıb və qeyd edib ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində bu dəhlizin həm dəmir, həm də avtomobil yolları seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcək. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta sovet dövründə bu qədər qarşılıqlı reys olmayıb. Bu, insanlar arasında təmasların mütəmadi xarakter daşımasından xəbər verir. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur. Bununla yanaşı, neft-qaz sektorunda və elektrik enerjisi sahəsində də fəal işlər aparılır.

Ç.Qənizadə Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyinin Rusiya tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.

“Səfər çərçivəsində iki dövlət arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması Rusiya-Azərbaycan əməkdaşlığını daha da möhkəmləndirəcək”- deyə Ç.Qənizadə vurğulayıb.

21.08.2024 09:54
424