“Humanistliyinizi anlaya bilmirəm...” – Brejnevdən daxili işlər nazirinə irad  

 

Leonid Brejnevlə SSRİ daxili işlər naziri Nikolay Şelokovun yaxın münasibətləri, ailəvi dostluğu Mərkəzi Komitədə heç kim üçün sirr olmayıb. Baş katib nazirə kifayət qədər böyük səlahiyyətlər verib, mötəbər partiya tədbirlərində onun haqqında yüksək fikirlər söyləyib. Amma buna baxmayaraq elə hadisələr də olub ki, Brejenv Şelokova səsinin tonunu qaldırmaq məcburiyyətində olub, nazirə iradını bildirib.

Belə hadisələrdən biri də 1970-ci ilin may ayında baş verib. Kuybışev vilayətindəki 7 və 16 saylı islah-əmək koloniyalarında məhbuslar qiyam qaldıranda hadisə ilə bağlı Brejnevə məruzə edilib. Baş katib dərhal hüquq-mühafizə orqanlarının rəhbərlərini yanına dəvət edib. Nikolay Şelokov insidentin bütün təfərrüatlarını məruzə etdikdən sonra Brejnev üzünü nazirə tutub:

1431981_600.jpg (43 KB)

-Siz hansı tədbirləri görmüsünüz?

-Leonid İliç, sizin göstərşinizi gözləyirik.

Bu cavabdan sonra “mülayim” Brejnev səsinin tonunu qaldırıb:

-Əgər bütün məsələlərə baş katib müdaxilə edəcəksə, yaxud da problemləri baş katib həll edəcəksə onda sizin nazir kimi funksiyanız nədən ibarətdir? Qiyama cəhd varsa, qanunlar pozulubsa demək, lazımi tədbirləri həyata keçirmək lazımdır. Gözləmə mövqeyi tutmaq yolverilməzdir. Mən sadəcə sizin humanistliyinizi anlaya bilmirəm. Əməliyyat hazırlayın, qoşun yeridin, problemi həll edin.

Maraqlıdır, islah-əmək koloniyalarında hadisələr nə dərəcədə ciddi olub ki, Brejnev qoşunların müdaxiləsini zəruri sayıb?

14255396.jpg (55 KB)

1970-ci ildə SSRİ-də Leninin 100 illiyi ilə bağlı böyük tədbirlər keçirilib. Ölkənin ayrı-ayrı bölgələrindən azadlıqdan məhrum olan məhkumların valideynləri, doğmaları Mərkəzi Komitəyə teleqramlar, məktublar ünvanlayaraq ölkə rəhbərliyindən Leninin 100 illik yubileyi ilə əlaqədar amnistiya verilməsini xahiş ediblər. Ayrı-ayrı tədbirlərdə rəsmilər belə bir qərarın verilməsinin mümkünlüyünü söyləyiblər və bununla da insanlarda bir ümid yeri saxlayıblar.

Aprel ayında ölkəni bürüyən yubiley tədbirləri sona çatıb. Daha sonra 1 May və 9 May bayramları təntənə ilə qeyd olunub. Amma amnistiya məsələsi reallaşmayıb. Bu isə cəzaçəkmə müəssisələrində ciddi narazılığa və etirazlara səbəb olub.
Mayın 21-də 17 saylı islah-əmək koloniyasında axşam saatlarında 1-ci postun gözətçi əsgəri Kiselyova məhbuslar hücum ediblər. Hadisə Kiselyovun məhbuslardan birinə xəbərdarlıq etməsi ilə başlayıb. Belə ki, gözətçi əsgər elan lövhəsindən taxta hissələri qopartmaq istəyən məhbusa geri çəkilmək əmrini verib. Əmr icra olunmayanda əsgər havaya xəbərdarlıq atəşi açıb. Lakin bu atəşin də nəticəsi olmayıb. Belə olan halda Kiselyov məhbusun ayaqlarına bir neçə dəfə atəş açaraq onu yaralayıb. Yaralını tibb məntəqəsinə çatdırdıqdan sonra təxminən 30 nəfərə yaxın məhbus Kiselyovu tərksilah edib ölümcül vəziyyətə qədər döyüblər. Onlar daha sonra koloniyanın inzibati binasına hücum edərək içəridə olan növbətçi zabitləri və nəzarətçiləri tanınmaz hala salıblar. Növbətçi otaqdan cərimə kameralarının (karserlərin) açarları götürülüb, 40 nəfərdən artıq adam dözülməz şəraiti olan cərimə kameralarından azad olunublar.

Qiyama iki “avtoritet”, Aleksandr Boqaçov və Aleksandr Yaxonov başçılıq edib. Qiyamçı məhbusların sayı 500 nəfərə çatıb. Koloniyanın ərazisindəki inzibati bina, klub, yardımçı təsərrüfat otaqları yandırılıb.

Sonra qiyamçılar koloniyaya bitişik olan digər cəzaçəkmə müəssisənə, 6 saylı islah-əmək düşərgəsinə hücum ediblər. Aradakı ikiqat daş hasarı bir göz qırpımında dağıdan məhbuslar burada da nəzarətçiləri və növbətçi zabitləri tərksilah edib kabinetlərdən birinə doldurublar. Koloniyanın ərazisində olan bütün tikililər yandırılıb.

808171_Klipart_Tyuryma_Tyumeny_kolyuchaya_provoloka_koloniya_tyuryma_250x0_3600.2400.0.0.jpeg (117 KB)

Koloniyanın sənaye zonasına daxil olan məhbuslar anbarlardan böyük miqdarda spirt əldə ediblər. Qatqısız texniki spirti içən qiyamçılar daha qəzəbli şəkildə qarşılarına çıxan hər şeyi darmadağın ediblər.

Axşam saat 22 radələrində islah-əmək müəssisəsinin rəisi Quryev, müavini Brener və əməliyyat hissəsinin rəisi Kostyuk hadisə yerinə gəliblər. Yüksək rütbəlilərin məsələni dinc yolla həll etmək cəhdi baş tutmayıb. Hər üçü dəhşətli dərəcədə döyülərək koloniyanın giriş qapısının qarşısına atılıb.

Məsələdən xəbər tutan Kuybışev vilayət daxili işlər idarəsinin rəisi Vasili Çistyakov gecədən xeyli keçməsinə baxmayaraq, hadisə ilə bağlı SSRİ daxili işlər naziri Nikolay Şelokovu məlumatlandırıb. Yuxarıda qeyd etdiyimiz kimi nazir də öz növbəsində hadisə ilə bağlı Brejnevə məruzə edib, baş katibin göstərişi ilə gecə yarısı daxili qoşunların hissələri koloniyaya yeridilib. 6 saata yaxın davam edən əməliyyatdan sonra koloniyada vəziyyət sabitləşdirilib.

Qarşıdurma zamanı koloniyanın 3 əməkdaşı və 4 məhbus həlak olub.

Hadisə ilə bağlı cinayət işi açılıb. Düz bir il davam edən istintaqa 140 nəfər cəlb edilib. 29 nəfər 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və onların cəza yerləri dəyişdirilib. 3 nəfərə isə ən ağır cəza, güllələnmə hökmü oxunub.

İlham Cəmiloğlu, Musavat.com

19.06.2024 16:00
2701