Eçmiədzin icmasının meri Diana Qasparyan Cinayət Axtarış İdarəsinə çağırılaraq mart ayının sonunda baş vermiş qətl hadisəsi ilə bağlı izahat verib. Hadisə onun qayınatasına məxsus yanacaqdoldurma məntəqəsində baş verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, 35 yaşlı kişinin qətlə yetirilməsi hadisəsi merin əri – hakim “Vətəndaş Sazişi” (VM) partiyasından olan Ağsaqqallar Şurasının üzvü Aramays Mirzoyanla bağlıdır. Bildirilir ki, öldürülən şəxs – Artur Paronyan bir neçə ay öncə Diana Qasparyanın əri ilə mübahisə edib.
Onların hansı mövzuda mübahisə etdikləri məlum deyil, lakin Eçmiədzin sakinlərinin yarıdan çoxu bu barədə danışır ki, qətldə şübhəli bilinən Karen Badalyan (“Yaponçik” ləqəbli oğru) merin ərinin dostudur. Hadisədən sonra Karen Badalyan gizlənib və barəsində axtarış elan olunub.
Diana Qasparyan bildirib ki, hadisə baş verən gün onlar Ermənistanda olmayıb və hadisə barədə xəbər tutar-tutmaz geri qayıdıblar. Lakin “Vətəndaş sazişi” partiyasının daxilində belə bir fikir var ki, Qasparyan bu məsələyə görə heç olmasa siyasi məsuliyyət daşımalıdır, çünki ortada qurban var və hadisənin izi onun ailəsinə gedib çıxır.
Eçmiədzin merinin taleyinə dair qərarın nə olacağı isə hələlik məlum deyil.
Musavat.com