Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik
- Qüdrət bəy, Rusiya Federasiyasının prezidenti ölkənin baş nazirinə inzibati orqanların, icra hakimiyyəti və bələdiyyə qurumlarının sahibkarların biznes fəaliyyətini yoxlamağı 01 oktyabr tarixdən qadağan edən qanun layihəsinin hazırlanmasını tapşırıb. Ölkədə qanunun aliliyi təmin edilmirsə bu, iqtisadiyyatın inkişafına töhfə verə bilərmi ?
- Ölkədə qanunların aliliyi tam təmin olunmasa belə, bu, biznes mühitini yaxşılaşdıracaq. Biznes subyektlərinin yoxlanılması yalnız vergi orqanlarına tapşırılacaq. Onlar sahibkarın qanunsuz olaraq “qanını” alanda belə biləcəklər ki, onun bərpası üçün zaman lazımdır. Əks halda “ölə” bilər. Cinayət xarekterli faktlar aşkarlandıqda isə onu İstintaq Komitəsinə göndərəcəklər. Bu halda daha bizdəki kimi özləri istintaq aparmayacaqlar. Hüquq mühafizə orqanları hər hansı cinayət işinin istintaqı zamanı iqtisadi fəaliyyət sahəsində cinayət faktları ilə rastlaşarsa, həmin faktların yoxlanılması vergi orqanlarına göndəriləcək. Bu sahibkarları müəyyən mənada qoruyacaq. Yoxsa bir dövlət orqanı gedir, digəri gəlir və hər biri “qan” alanda sahibkar o dünyalıq olur. Ona görə də heç kim Rusiya iqtisadiyyatına investisiya qoymur, kapital xaricə axır.
- Azərbaycanda da oxşar qərarın qəbulunu mümkün sayırsınızmı?
- Prezident keçən ay “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın tərkibində dəyişiklik etdi. Ümid edək, yeni tərkibdə komissiya fərqində olacaq ki, əlverişli biznes mühiti yaratmaq üçün ciddi adımlar atmağa ehtiyac var. Qarabağın bərpası üçün böyük məbləğdə vəsait lazımdır. Neft və qaz satışından gələn gəlirlər isə yetərli deyil. Buna baxmayaraq, hökumətin məqsədi büdcəyə daha çox vəsait toplamaq yox, yeni iş yerlərinin açılması olmalıdır. Yeni iş yerləri açılarsa, bu zaman büdcə gəlirləri onsuz da artacaq. Amma yeni iş yerləri açılmadan gömrük və vergi proqnozları sistemli şəkildə hər il artırılırsa, bu kiçik və orta biznesi çökdürür. Düşünürəm, Rusiyanın təcrübəsindən istifadə faydalı olardı. Azərbaycanda da vahid İstintaq Komitəsinin yaranmasına ehtiyac var.