Hökumətin gələn il üçün proqnozları - doğrulacaqmı...

Ekspert: “Təşəbbüslərə qapı açılmalıdır, investorlar cəlb olunmalıdır, bunun üçün isə...”

2024-cü ildə Azərbaycanın neft-qaz sektorunda 1,7  faiz azalma, qeyri-neft-qaz sektorunda isə 4,6  faiz artım proqnozlaşdırılır. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında açıqlayıb: “Bu, qeyri-neft-qaz sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması hədəfinə uyğundur. Dediyim göstəricilər həyata keçiriləcək tədbirlər nəticəsində əldə olunacaq. Qeyri-neft-qaz sektorunun inkişafı sahəsində atılan addımların nəticəsidir ki, qarşıya qoyulan məqsədlərə, hədəflərə uğurla nail oluruq. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində geniş tədbirlər həyata keçirilir”.

Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycanın kənd təsərrüfatında 4.6 faiz , tikintidə 3.4 faiz, ticarətdə 3 faiz, turizm sahəsində 15.8 faiz , nəqliyyat sahəsində 4.5 faiz, informasiya və rabitə sahəsində 9.5 faiz artım proqnozlaşdırılır.Onun sözlərinə görə, bu proqnozlar baza ssenarisi əsasında formalaşıb və özünü doğruldacaq: “Azərbaycanda həyata keçirilən genişmiqyaslı və çoxşaxəli yeni nəsil islahatlar nəticəsində bu gün iqtisadiyyatımızla bağlı hesablamaların özünü doğrultduğunu demək olar. Dünyadakı iqtisadi proseslər fonunda və mürəkkəb siyasi vəziyyətdə ortamüddətli və uzunmüddətli proqnozları dəqiq vermək mümkün deyil. Beynəxalq maliyyə qurumları da bu şəraitdə öz proqnozlarına yenidən baxır. Xüsusilə buna misal olaraq faktiki iqtisadi vəziyyətə toxunmaq istərdim. Cari ilin doqquz ayında neft-qaz sektorunda real ÜDM-in 1,5 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3 faiz təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir edib. Bu ilin 9 ayında ÜDM-in 0,8 faiz  artması neft hasilatının azalmasının təsiri altında formalaşıb. İqtisadiyyat Nazirliyinə təqdim edilən məlumatlara görə, cari ilin sonuna kimi neft hasilatında mənfi dinamika davam edəcək. Bu amil nəzərə alınmaqla, eyni zamanda qeyri-neft-qaz sektoru üzrə müxtəlif təşkilatların təqdim etdikləri son illik proqnozlar da əsas gətirilməklə cari ilin sonuna İqtisadiyyat Nazirliyi iqtisadi artım tempini 1,9 faiz gözləyir. Təbii ki, bu rəqəmlər hesablanarkən aidiyyəti qurumlarla müzakirə olunur, razılaşdırılır və təqdim edilir”.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində cari ildə ölkədə 2,7 faiz iqtisadi artıma nail olunacağı proqnozlaşdırılmışdı. May ayında İqtisadiyyat Nazirliyi dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyaları nəzərə alaraq, 2023-cü il üzrə makroiqtisadi proqnozlarında dəyişiklik edib. Belə ki, bu il ölkədə iqtisadi artımın 2,7 faiz deyil, 1,8 faiz olacağı qənaətinə gəlinib. Hesab olunurdü ki, dövlət büdcəsində edilən dəyişikliklərlə azad olunmuş ərazilərin bərpasına yönəldiləcək əlavə vəsaitlər hesabına həyata keçirilən bərpa prosesi bu artıma təkan verəcək.

Maraqlıdır ki, bəzi beynəlxalq agentliklər hökumətin bu optimizmini bölüşmürdülər. Belə ki, Standard & Poors  Beynəlxalq Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. On ayda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olub.

İlin sonuna qalan 2 ayda 0,5 faizlik iqtisadi artımı 1,8 faizə yüksəltmək böyük ehtimalla, mümkün olmayacaq. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan iqtisadi aktivlik göstəricilərinə görə kəskin geridə qalır: “On ayda ÜDM artımı cəmi 0,5 faiz olub ki, bu da artım deyil, əslində resessiyanın müjdəsidir. Müqayisə üçün deyim ki, Gürcüstanda ÜDM bu il 6,8 faiz, Qazaxıstanda 4,7 faiz, Özbəkistanda 5,8 faiz, Moldovada 2 faizdən bir az çox artıb. Ermənistanı qeyd etmirəm, çünki o ölkədə iqtisadi artım orqanik və dayanıqlı deyil, Rusiyanın sanksiyalardan yan keçməsinə dəstək verdiyinə görədir”.

Ekspert bildirir ki, hökumətin vergi-gömrük siyasəti doğru deyil: “İqtisadi azadlıqlar təşviq edilmir, məhkəmə hakimiyyəti müstəqil və çevik deyil, özəl sektoru boğmaq yox, kömək etmək lazımdır. Amma yanaşmaları tərsinədir - kiçik, mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV məsələsində güzəşt etmək, ərzaq və dərmanların pərakandə satışında ƏDV-i azaltmaq istəmirlər. Bir sözlə - iqtisadiyyat həyəcan təbili çalır, məmləkətin isə getdikcə artan xərcləri var, bir tək işğaldan azad olunan torpaqların bərpasına yaxın 5-6 ildə 60 milyard manat əlavə vəsait lazım olacaq. Bu vəsaiti tək büdcə hesabına qarşılamaq mümkün deyil, özəl təşəbbüslərə qapı açılmalıdır, investorlar cəlb olunmalıdır, bunun üçün isə biznes-dostu hökumətə ehtiyac var”.

HAZIRLADI: Dünya SAKİT

18.11.2023 12:28
1155