Ekspertlər yanacağın qiymətinin dəyişəcəyi ilə bağlı iddialara cavab verdilər; “Rusiyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq”
Azərbaycana Aİ92 markalı benzinin və dizel yanacağının idxalı aksiz vergisi və gömrük rüsümundan azad edilib. Bununla bağlı Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, martın 1-dən etibarən 31 dekabra qədər olan müddətdə ölkəyə idxal olunan Aİ92 benzin gömrük rüsumundan azad edilib. Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib. Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla, 95 oktandan aşağı mühərrik benzinlərinin hər tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib.
Nazirlər Kabinetinin qərarı ölkədə ciddi müzakirə olunmaqdadır. Belə ki, bir neçə gün əvvəl Rusiya hökuməti ölkədən benzin ixracını avqustun 31-dək məhdudlaşdırıb. Qərar daxili bazarda qiymət stabilliyini qorumaq, həmçinin yaz-yay hərəkətliliyi dövründə tələbatın tam ödənməsini təmin etmək məqsədilə əsaslandırılır. İki ölkədə eyni məhsulla bağlı mühüm qərarların alınması Azərbaycanda benzinin bahalaşacağına dair müzakirələrin başlanmasına səbəb olub.
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, Rusiyanın benzin ixracına qoyduğu 6 aylıq qadağanın Azərbaycanda benzin təchizatına təsirlərini bilmək üçün son illərin idxal dinamikasına baxmaq lazımdır: “Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton Ai95 markalı benzin idxal edib. Deməli, yuvarlaq götürsək, Rusiyadan idxal 2022-ci ildə 40 faizədək, 2023-cü ildə isə 60 faizədək azalıb. 2023-cü ildə bu ölkədən Aİ92 markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27 faizinə bərabərdir. Deməli, benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılığın olacağını deyə bilərik. Bu isə onu deməyə əsas verir ki, Rusiyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq, ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq Aİ95 markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur”.
Ekspertə görə, Rusiyanın benzin ixracını qadağan etməsinin səbəbi rəsmi izahatdakından fərqlidir: “Rəsmi Moskva bunu kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehsal və emal proseslərinə təsiridir”.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Nazirlər Kabinetinin qərarı aviakerasinə və Aİ95, Aİ98 markalı benzinlərə aid deyil: “Qərar ancaq Aİ92 və dizel yanacağına aiddir. Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır, ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu, daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tətbiq edilir ki, bahalaşma olmasın. Bu qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə, bahalaşmasın deyə belə bir qərar verilib”.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Nazirlər Kabinetinin qərarı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda gözlənilən dövrü təmirlə bağlıdır: “Həmişə zavodda təmir başlamazdan 1-2 ay əvvəl Aİ92 idxalı gömrük rüsumu və aksizdən azad edilir. Çünki təmir dövründə daxili tələbatı təmin etmək üçün həmin benzin xaricdən alınır. Adətən belə hallarda benzinin çox hissəsi Rusiyadan alınırdı, indi onlar da ixraca qadağa qoyublar. Bu baxımdan, Azərbaycan benzini başqa ölkələrdən idxal etməli olacaq”.
İlham Şaban
Onu da qeyd edək ki, Heydər Əliyev adına NEZ-də axırıncı dəfə dövrü təmir 2022-ci ilin aprel-mayında həyata keçirilib. Həmin dövrdə Nazirlər Kabineti fevral-may aylarında Aİ92 markalı benzinin idxalını gömrük rüsumu və aksizdən azad edib. Maraqlıdır ki, bu dəfə azadolma müddəti 10 aylıq dövr üçün nəzərdə tutulur. Bu isə NEZ-də təmirin daha uzun müddəti əhatə edəcəyindən xəbər verə bilər. Belə ki, 2022-ci ildəki təmirlə bağlı verilən açıqlamada NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata keçirildiyi, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində kompleks tədbirlər planı hazırlanıb həyata keçirildiyi qeyd edilirdi. Proqramın icrası nəticəsində 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcəyi açıqlanmışdı. Bildirilmişdi ki, layihənin növbəti mərhələlərinin icrası nəticəsində bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub. 2023-cü ildə zavodda dövrü təmir işləri həyata keçirilməyib. Belə görünür ki, bu dəfə təmir daha uzun müddəti əhatə etməklə, dörd illik qrafikə uyğun işlərin görülməsini nəzərdə tutur.
Qeyd edək ki, indiyədək NEZ-də təmir dövründə xaricdən dizelin idxalına adətən ehtiyac yaranmırdı. Çünki dizel istehsal edən başqa bir qurğu da var. Zavod dayansa da, həmin qurğu ölkənin dizelə olan tələbatını təmin edə bilirdi. Bu il dizel idxalının da rüsum və aksizdən azad edilməsi göstərir ki, proses əlavə qurğunu da əhatə edəcək.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4526,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 7,3 faiz artıb. Bu zaman sürtgü yağlarının istehsalı 31,6 faiz, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3 faiz, neft koksunun istehsalı 10,0 faiz artıb, neft bitumu istehsalı 19,1 faiz, mazut istehsalı isə 92,7 faiz azalıb. O cümlədən il ərzində ölkədə 1 milyon 464,2 min ton avtomobil benzini istehsal olunub. 2024-cü ilin 1 yanvarına qalıq 45,9 min ton təşkil edib. Dizel istehsalı isə 2 milyon 311,2 min ton təşkil edib, yanvara 77,2 min ton qalıq qalıb.
2024-cü ilin yanvarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 303,6 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 9,6 faiz azalıb. Bu zaman neft bitumu istehsalı 22,8 faiz, ağ neft 4,8 faiz artıb, sürtgü yağlarının istehsalı 57,9 faiz, neft koksunun istehsalı 13,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı isə 7,4 faiz azalıb. O cümlədən avtomobil benzini istehsalı 0,1 faiz azalmaqla 115,8 min ton təşkil edib, fevralın 1-nə qalıq məhsul 38 min ton olub.
Rəsmi statistika deyir ki, 2022-ci ildə ölkədə nəqliyyatda avtomobil benzini istehlakı 1 milyon 279,1 min ton, dizel yanacağının istehlakı 1 milyon 34,7 min ton təşkil edib. Benzinin 299,9 min tonu, dizelin isə 41,8 min tonu idxal məhsulu olub.
Detallara nəzər yetirsək, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton “Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiyadan gerçəkləşdirilib. Lakin bu idxal ilin ilk 8 ayında reallaşıb - çünki 2023-cü ilin 1 sentyabrından Rusiyadan benzin və dizel ixracı yenə məhdudlaşdırılmışdı.
Rəsmi məlumatlardan aydın olur ki, 2023-cü ildə Azərbaycan xaricdən 60 milyon 205,08 min dollarlıq 64 976,68 ton Aİ92, 83 milyon 183,27 min dollarlıq 86 036,95 ton Aİ-95, 2 milyon 451,7 min dollarlıq 2031,38 ton Aİ98 idxal edib. İl ərzində ölkədən Aİ92 ixracı da qeydə alınıb. Bu, 23 milyon 8,89 min dollar dəyərlə 33 111,64 ton təşkil edib.
Aİ95-in 20 milyon 406,06 min dollarlıq 21 567,2 tonunu Belarusdan, 37 milyon 831,25 min dollarlıq 40 261,56 tonunu Rusiyadan, 2 milyon 63,05 min dollarlıq 2301,03 tonun Birləşmiş Ərəb Əmirliklərindən, 2 milyon 415,29 min dollarlıq 2219,71 tonunu Gürcüstandan, 9 milyon 647,57 min dollarlıq 9273,98 tonunu Rumıniyadan, 10 milyon 618,06 min dollar dəyərində 10213,45 tonunu Yunanıstandan almışıq. Göründüyü kimi, ötən il ilk dəfə olaraq BƏƏ və Yunanıstandan benzin almışıq.
Aİ92 benzini ixracımızın 1 milyon 509,8 min dollar dəyərində 2 320,65 tonu Özbəkistana, 21 milyon 499 min dollar dəyərində 30 790,98 tonu Türkiyəyə istiqamətlənib.
Aİ92-nin isə 14 milyon 254,89 min dollarlıq 17 387,79 tonunu Rusiyadan, 23 milyon 362,8 min dollarlıq 26 645,35 tonunu Türkmənistandan, 22 milyon 587,39 min dollarlıq 20943,53 tonunu Litvadan almışıq. Litvadan benzin idxalını da ilk hesab etmək mümkündür.
Son olaraq qeyd edək ki, Azərbaycanda “Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci ilin iyulunda dəyişib: Aİ-95 beniznin litri 1 manat 60 qəpikdən 2 manata, AI-98 super benzin isə 2 manatdan 2 manat 30 qəpiyə qaldırılıb.
Aİ92 və dizelin qiyməti isə 2021-ci ilin yanvarında artırılıb: Aİ92 90 qəpikdən 1 manata, dizel isə 60 qəpikdən 80 qəpiyə.
Dünya SAKİT,
“Yeni Müsavat”