"Hizbullah"ın yeni baş katibi seçildi - Naim Qasım KİMDİR...

Livanın "Hizbullah" hərəkatı İsrailin hava hücumunda öldürülən baş katib Həsən Nəsrullahın yerinə Naim Qasımın seçdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Təşkilat yazılı açıqlamasında qeyd edib ki, şura 71 yaşlı N.Qasımı baş katib olmaq üçün müəyyən edilmiş mexanizmə uyğun olaraq seçib. O, 1991-ci ildə silahlı qrupun o vaxtkı baş katibi Abbas əl-Musavi tərəfindən "Hizbullah"ın sədr müavini təyin edilib. Abbas əl-Musavi isə növbəti il İsrail helikopterinin hücumu nəticəsində öldürülüb.

Musavat.com Naim Qasımın dosyesini təqdim edir:

"Hizbullah"ın qurucularından olan Şeyx Naim Qasım Livan Universitetinin İlahiyyat fakültəsini bitirib və Məhəmməd Hüseyn Fəzlullahın tələbəsi olub.

O, "Hizbullah"ın aparıcı fiqurlarından biridir və uzun müddət təşkilatda baş katibin müavini vəzifəsini icra edib. Naim Qasım sabiq lider Seyid Həsən Nəsrullahın ən yaxın müttəfiqlərindən biri kimi tanınıb və Livanda, xüsusilə də şiə cəmiyyətində böyük nüfuza malikdir.

N.Qasım həm hərbi, həm də siyasi sahədə "Hizbullah"ın siyasətini formalaşdıran mühüm şəxslərdən biridir. Yeni baş katib təşkilatın ideologiyasını yaymaq, regional və beynəlxalq münasibətlərini koordinasiya etməkdə əhəmiyyətli rol oynayır. O, Livanda təşkilatın siyasi qanadının güclənməsində mühüm fəaliyyət göstərir.

N.Qasım "Hizbullah"ın İranla olan sıx münasibətləri çərçivəsində Tehranla koordinasiyanı və dəstəyi gücləndirməyə çalışır. 

Onun çıxışları Livan daxilində və bölgədəki siyasi hadisələrə təsir edir, təşkilatın ölkə siyasətindəki gücünü artırır.

İqbal RZAYEV,
Musavat.com

29.10.2024 13:14
1783