“Hizbullah”çıların peycerləri necə partladıldı: Siqnal gəlib və mesajı oxuyarkən ... – İsrailli politoloqdan detallar

İsrail kəşfiyyatı peycerləri partlayan Hizbullah üzvlərinə qarşı görünməmiş əməliyyat keçirib.

İsrailli politoloq, siyasi elmlər doktoru, beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə ekspert Simon Tsipis haqqin.az-a müsahibəsində bu unikal əməliyyatın təfərrüatlarından danışıb: “Xüsusi xidmətlərin peycerlərlə işləməsi üç mərhələdən ibarət olub: haker hücumu, mobil şəbəkə şifrələməsinin uzaqdan sındırılması və minlərlə peycerə partlayış siqnalının göndərilməsi”.

S.Tsipis deyir ki, bu SMS mesajlaşma qadcetləri - peycerlər yalnız Hizbullah yaraqlıları tərəfindən istifadə edilib və onları kəmərlərinə taxıblar: “Peycerlərdəki mesajlar şifrələnirdi və təşkilat üzvləri onlardan hərbi ratsiya kimi istifadə edirdilər. Şəbəkəni sındıran İsrail kəşfiyyat xidmətləri bu şəbəkəyə qoşulan hər kəsi müəyyən edib. Müəyyən saatda peycerlərə siqnal gəlib, təşkilatın bəzi üzvləri onları çıxarıb mesajı oxumaq üçün yaxınlaşdırıblar və həmin an partlayış olub”.

Təhlükəsizlik eksperti İsrail kəşfiyyat xidmətlərinin peycerlərə partlayıcı yüklədiyini istisna etmir: “Bu qurğular bir neçə həftə əvvəl Hizbullah üzvlərinə paylanıb. Bu peycerlər köhnə texnologiyadır, kifayət qədər ağırdır və müəyyən miqdarda partlayıcı saxlaya bilir. Ola bilsin ki, yaraqlılar artıq minalanmış peycerləri alıblar”. 

7b1dbc9f-50c8-46b1-a968-783d762fb7b6.jpg (23 KB)

Qeyd edək ki, əvvəllər də İsrail kəşfiyyat xidmətləri mobil telefonlardan istifadə edərək terrorçuların məhv edilməsi əməliyyatları həyata keçirib.
1996-cı ildə İsrail kəşfiyyat xidmətləri ən təhlükəli terrorçulardan birini - HƏMAS yaraqlılarının lideri və təlimatçısı, "Mühəndis" (Əl-Muhəndis) ləqəbi ilə daha çox tanınan Yəhya Ayyaşı məhv edib.

Yəhya Ayyaşın Qəzza zolağında olarkən mobil telefonun partlaması nəticəsində öldüyü məlumdur. Versiyalardan birinə görə, İsrailin kəşfiyyat agenti Ayyaşın istifadə etdiyi motorola cihazına plastik partlayıcı yerləşdirib və o, telefonla danışıq zaman pilotsuz uçuş aparatının göndərdiyi siqnaldan sonra işə düşüb.

 

Şahanə Rəhimli
Musavat.com

18.09.2024 00:22
1960