1942-ci ildə Adolf Hitlerin imzaladığı növbəti əmrlə Polşanın cənub şərqində, Vladova kəndi yaxınlığında yeni əsir düşərgəsinin salınması qərarlaşdırılıb. Yeni düşərgə digər analoji cəza müəssisələrindən təyinatına görə fərqlənərək yalnız əsirlərin məhv edilməsi üçün nəzərdə tutulub. Yəni, bu düşərgədə saxlanılanlar işçi qüvvəsi və digər məqsədlər üçün istifadə olunmayıblar. Qeyri-rəsmi olaraq düşərgə nasistlərin “edam mərkəzi” adlandırılıb.
Əsirlərin daşınmasında problemin yaranmaması üçün düşərgə dəmiryolu xəttindən cəmi bir neçə metr aralıda salınıb. Ərazi 4 qat, 3 metr hündürlüyündə tikanlı məftillərlə əhatəyə alınıb. Üçüncü və dördüncü qat arasındakı məsafə bütün düşərgə boyu minalanıb. İkinci qat məftillərə isə istənilən vaxt elektrik cərəyanı buraxmaq mümkün olub və bu, düşərgədən qaçmağa cəhd edənlərin şansını sıfıra endirib.
Düşərgə üç hissədən ibarət olub. Birinci hissədə düşərgədə məhdud sayda məhbuslar saxlanılıb. Onlar ərazinin təmizliyi, öldürülən məhbusların basdırılması üçün xəndəklərin qazılması, meyitlərin daşınması və yandırılması üçün istifadə olunublar.
İkinci hissədə baraklar və anbarlar yerləşib. Bu hissədə məhbusların paltarları, əşyaları saxlanılıb və onlar Almaniyaya göndərilib.
Üçüncü hissədə qaz kameraları yerləşib. Kameralara eyni vaxtda 120-180 nəfər yerləşdirmək mümkün olub. Qaz kameralarının bir girişi və bir çıxışı olub. Əsirlərin meyitləri çıxış qapısından düşərgənin xüsusu açıq ərazisinə daşınıb. Bir qismi yandırılıb, digər qismi xəndəklərə basdırılıb.
Fəaliyyət göstərdiyi 1 il 5 ay ərzində Vladovada 250 min əsir məhv edilib. Bunların təxminən 80-90 faizi yəhudilər olub.
Mühafizə və nəzrətin son dərəcə ciddi olmasına baxmayaraq düşərgədə əsirlər tərəfindən dəfələrlə qaçış və qiyamlara cəhd edilib. Bu cəhdlərdən isə yalnız biri baş tutub.
1943-cü ilin may ayında sovet ordusunun zabiti Aleksandr Peçerski düşərgəyə gətiriləndə o, ilk gündən nasistlərin əlindən qurtulmaq haqqında düşünüb. Ölüm növbəsini gözləyən Peçerski yaxşı anlayıb ki, düşərgədən tək qaçmaq mümkün olmayacaq. Bu məqsədlə də o, məhbuslar arasında gizli iş aparıb, qiyam planı cızıb. Çox qısa bir müddətdə sovet zabiti 420 məhbusla eyni plan ətrafında birlik yarada bilib.
Beləliklə, 1943-cü ilin oktyabrın 14-də Peçerski və digər 420 məhbus düşərgədə qiyam qaldırıblar. Qiyamın ilk dəqiqələrində düşərgənin 12 əməkdaşı zərərsizləşdirilib və onların silahı ələ keçirilib.
Ümumilikdə qiyama qoşulanların və düşərgədən qaçanların sayı 550 nəfərə çatıb. Onlardan 80 nəfəri qaçan zaman nəzarətçilər tərəfindən güllələnib. 40 nəfərə yaxın məhbus itkin düşüb. Qalanları isə sovet ordusunun nəzarətində olan ərazilərə qaçaraq əsasən partizan dəstələrinə qoşulublar.
Uğurlu qiyam və qaçış Hitlerin qəzəbinə səbəb olub. Fürerin göstərişi ilə iki sutka ərzində düşərgədə olan digər məhbusların hamısını yandırılıb, ərazini isə ağır texnikalarla şumlayaraq bütün izləri itiriblər.
Ümumiyyətlə, bütövlükdə II dünya müharibəsi dövründə Vladova qiyamı əsirlər tərəfindən qaldırılmış ən uğurlu qiyam kimi tarixə düşüb.
Müharibədən sonra Polşa hökuməti tərəfindən düşərgəsinin yerində memorial xatirə kompleksi və muzey yaradılıb. Bu məkanda uzun illər aparılan araşdırmalar zamanı qazıntılar nəticəsində minlərlə insan qalıqları, məhbusların şəxsi əşyaları aşkar olunub.
1949-cu ildə Berlin məhkəməsində düşərgəsinin əməkdaşlarının məhkəməsi keçirilib. Müttəhimlər kürsüsündə düşərgənin ələ keçən 48 əməkdaşı əyləşib. O cümlədən düşərgənin komendantlarından biri, hərbi cinayətkar Erix German da hakim qarşısına çıxarılıb. Məhkəmə 8 aprel 1950-ci ildə hərbi cinayətkarlara hökm oxuyub. Erix German ən ağır cəzaya, güllələnməyə məhkum edilsə də sonradan onun cəzası ömürlük azadlıqdan mhrumetmə cəzası ilə əvəzlənib. Cəlladlığı ilə fərqlənən German 1980-ci ildə Berlindəki Tegel türməsində uzun sürən xəstəliyi nəticəsində ölüb.
Qiyamın təşkilatçısı Aleksandr Peçerski isə müharibənin son gününə qədər cəbhə bölgələrində xidmət edib, döyüş əməliyyatlarında fərqlənib. Müharibədən sonra doğulduğu şəhərə, Rostova qayıdan Peçerski ömrünün sonuna qədər zavodda işləyib. O, 1990-cı ildə vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com