Hitlerin ən çox güvəndiyi adam haqda ŞOK DETALLAR

Milliyyətcə polşalı olan Erix Kempka 1910-cu ildə Almaniyanın qərbində, Obenhauzer şəhərində anadan olub. Yaşadıqları qəsəbədə onlar ən yoxsul ailələrdən biri sayılıb. Valideynləri üçün 10 uşağı yeməklə, geyimlə təmin etmək, təhsil vermək müşkül məsələyə çevrilib. Kempka bu ehtiyaclardan qurtulmaq üçün 15 yaşında usta yanında elektrik peşəsinə yiyələnib və qazanc üçün Berlinə üz tutub.

Berlində avtomobil təmiri sexində işləyən Kempka qısa müddət ərzində bacarıqlı mütəxəssis kimi tanınıb, yüksəkçinli məmurlar öz avtomobillərinin təmirini ona etibar ediblər. Bu kiçik sex Kempka üçün böyük imkanlar açıb. Nəhayət, ona Hitlerin qarajında iş təklif olunub.

ERİX.jpg (39 KB)

Erix Kempka 1930-cu ildə nasist partiyasına daxil olub. 1936-cı ildə isə Hitlerin əsas sürücüsü vəfat etdikdən sonra Kempka onun yerinə təyin edilib və eyni zamanda o, Hitlerin qarajının rəisi vəzifəsini də daşıyıb.

Kempka öz memuarlarında Hitlerin sürücülərə münasibəti haqqında yazaraq qeyd edib ki, fürer sürücü seçimində heç kimə etibar etməyib, namizədlərlə özü söhbət aparıb, sürücülərin texniki biliklərinin yüksək olmasına isə xüsusi diqqət yetirib. Bu məsələdə Erix Kempkanın bəxti gətirib. Hitler onunla iki saatlıq söhbətdən sonra qərarını verib.

İkinci Dünya müharibəsinin hər dəqiqəsini Hitlerin bir addımlığında keçirən Kempka bir çox tarixi hadisələrə, Hitlerin görüşlərinə, səfərlərinə, qələbə inamına, çətin anlarına, məğlubiyyət məyusluğuna, sonuncu günlərinə şahidlik edib. Fürerin Yeva Braunla sonuncu şam yeməyində də Hitlerin göstərişi ilə süfrəyə məhz Kempka xidmət edib.

Doqquz il fürerə sürücülük edən Erix Kempka bu illər ərzində çox şeylərə nail olub. Hitler şəxsi sürücüsünə böyük imtiyazlar, güzəştlər və səlahiyyətlər verib, ona hədsiz dərəcədə güvənib. Bu münasibətin sayəsində birbaşa Hitlerə tabe olan Kempka özünü yüksək ranqlı dövlət məmurlarından heç də aşağı saymayıb. Hətta bəzi vaxtlarda yüksəkçinli məmurların adi bir xahişini yerinə yetirməkdən də imtina edib.

ERİX SON.png (254 KB)

Sürücü kimi fəaliyyət göstərdiyi ilk illərdə Kempka iki mənzilə, böyük torpaq sahələrinə, şəxsi avtomobilə sahib olub. Berlində onun dörd şəxsi avtomobil sexi də fəaliyyət göstərib ki, bu sexlərdən gələn gəlir Kempkanın büdcəsini hər gün daha da zənginləşdirib. Araşdırmaçıların qənaətinə görə, Kempkanın banklardakı şəxsi vəsaiti milyonları keçib.

Almaniyanın məğlubiyyəti yaxınlaşdıqca Kempka öz gələcək aqibətinin necə olacağını yaxşı anlayıb. Buna baxmayaraq, o, Hitlerin son dəqiqəsinə qədər onun yanından uzaqlaşmayıb. Nəhayət, fürerin intiharından sonra Kempka Berlindən qaçmağa cəhd edib.

1945-ci ilin mayın 1-də Erix Kempka mülki paltar geyinərək metronun tunelləri ilə şəhərin kənarına çıxmağa çalışıb. Məhz metronun içərisində sovet döyüşçüləri onu yaxalayıblar. Əvvəllər tanıdığı yuqoslaviyalı bir qadın özünü qabağa ataraq rusların qarşısında əsl “şou” göstərib, göz yaşlarını axıdaraq bildirib ki, Kempka onun həyat yoldaşıdır və almanlara, müharibəyə heç bir aidiyyəti yoxdur. Sovet hərbçiləri qadının göz yaşlarına mərhəmətlə yanaşaraq bildiriblər ki, əgər belədirsə, onda siz SSRİ-nin qələbəsi şərəfinə içməlisiniz. Ruslar Kempkaya araq süzüblər, o, mis qabdakı arağı başından yuxarı qaldırıb “qələbənin şərəfinə” deyərək başına çəkib. Beləliklə, Erix Kempka 200 qram arağın hesabına ruslardan canını qurtarıb və özünü Berxtesqadenə çatdırıb. Amma burada o, amerikalı hərbçiləri aldada bilməyib. İyulun 18-də Kempka həbs edilib.

ERİX YENİ.jpg (75 KB)

Kempka cəmi iki il həbs cəzası çəkib. 1947-ci ildə azadlığa buraxıldıqdan sonra o, Münhendə yaşayıb.

1950-ci illərdən sonra Erix Kempka müəllifi olduğu kitablarla məşhurlaşıb. Onun Hitlerlə bağlı xatirələri bir neçə dilə tərcümə olunaraq Avropa ölkələrində kütləvi tirajla satılıb.

Müharibədən sonrakı illərdə həyatından heç də narazı olmayan Kempka yazdığı kitablardan, Hitler və İkinci Dünya müharibəsi ilə bağlı çəkilən filmlərdə məsləhətçi qismində aldığı qonorarla maddi vəziyyətini normal səviyyədə saxlaya bilib, dolanışığından şikayətlənməyib. O, 1975-ci ildə, 64 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

17.06.2024 11:12
2238