Hit boğuşması – Musiqi zövqümüzə necə qapaz tutuzdururlar

 

Neçə ilin dəbidir, efirə nəsə bir səfeh, əttökən, düşük, vulqar, bayağı, ətürpədən, üzqızardan, qanqaraldan, nə desən o, bir diringə (musiqi deməyək, ayıb olar) parçası çıxır, şimşək sürəti ilə populyarlaşır, dildən-dilə gəzir, onu tənqid edənlərlə yanaşı, mütləq müdafiəçilər də tapılır və sırf manıs dili ilə deyirlər: “AMMA TUTUZDURUB HAA”.

Adamı yandıran o diringədən də çox, bu böyük hərflərlə yazdığım “tutuzdurub” ifadəsidir.

Bu möhürdür, yekun rəydir, bir kəlməlik resenziyadır, bunu dedilərsə, diringə yaşamaq hüququ qazanır, səviyyəsi barədə söz-söhbətlər arxa plana, pərdənin o üzünə keçir. Əsas odur ki, kişinin oğlu və ya qızı tutuzdurub, alındırıb.

Bu “tutuzdurma” sözü “uğur qazanıb” anlamında işlənilir. Köhnə vaxtlarda o söz adətən belə ifadələrin feili olardı: “Gədənin qulağının dibindən bir dənə necə tutuzdurdularsa, tirtap yıxıldı”; “Topa necə bir təpik tutzdurdusa, top dirəyə dəyib göyə milləndi”; “Qardaşı çatan kimi, söz atan oğlana soldan birini tutuzdurdu” və s.

“Uğur qazanmaq” mənasında işlədilən tutuzdurmağa gəlincə isə, söz yox, ötənlərdə tutuzduranlar çox olub.

Məsələn, 60 il əvvəl Qədir Rüstəmov “Sona bülbülləri” oxuyub, necə tutuzdurubsa, bu gün də tutulu qalıb.

Yaxud ötən əsrin 70-ci illərində Demis Russos “Qud bay, may ləv”i və “When ı'm a kid”i əla tutuzdurub. “Boney M”-in 3-4 dənə yaxşı tutuzdurulmuş mahnısı var. Sanni və Şerin 58 il əvvəl oxuduğu “Little man” mahnısı babat tutuzdurulmuş musiqi parçasıdır. Al Bano Karruzo və Romina Pauerin “Feliçita”sı, “Liberta”sı parlaq tutuzdurma nümunəsidir. “Modern Tokinq” qrupu hansı mahnını oxuyub, hamısını tutuzdurub. “Avropa” qrupunun “The final countdown” mahnısı da əla tutub.

İndi bu mahnıların internet bağlantısını bir-bir burda versəm, yazı köşədən çox, musiqi albomuna oxşayacaq. Ona görə də elə etmirəm, istəyən Youtube-də bu adları yazıb, bunlara, eləcə də Şövkət Ələkbərovanın “Dərələr”inə, Teymur Mustafayevlə Nəzakət Məmmədovanın “Ay qız” duetinə, İslam Rzayevin “Gəl inad etmə”sinə, Arif Babayevin “Yar bizə qonaq gələcək”inə, Səid Sinanla Nərminə Məmmədovanın “Ninnə yarım”ına, Baba Mahmudoğlunun “Ceyran bala”sına, Süleyman Abdullayevin “Sevgilimə könül açdım”ına, Rübabə Muradovanın “Heydərbaba”sına, Zeynıb Xanlarovanın onlarla mahnısına, Flora Kərimovanın “Bağışla”sına, “Eşqimə şahid zaman”ına, Alim Qasımovun “Qaragilə”sinə, Məmmədbağır Bağırzadənin “Qəlbimdəsən”inə (onlarca bu cür başqa musiqi parçalarına) qulaq asa bilər.

Ağadadaş Ağayevin baltanı mühafizəçiyə tutuzdura bilmədiyinə baxmayın, “Könlüm qəmi neylər”i 42 il əvvəl toylara elə tutuzdurub ki, hər axşam yüzlərlə toyda oxunur, bəlkə də səslənmə sayı milyardı keçib.

Eldar Mansurovun “Bayatılar”ı 30-a yaxın ölkədə tutub. Eyyub Yaqubovun “Bakılı balasıyam”ı da tutuzdurulmuş nəğmədir.

Niyaməddin Musayevin “Dünya mənim”i 35 il əvvəl necə tutmuşdusa, hələ qopmamışdı, “Dərviş Band” təzədən tutuzdurdu.

Akif İslamzadə “Ötən günlərimi qaytaraydılar”ı yaxşı tutuzdurub, adam onu dinləyəndə deyir, kaş elə olaydı, ötən günləri qaytaraydılar, o vaxtlar diringələrin tutmaq şansı yox idi.

Axtarsan, saysız-hesabsız hitə çevrilmiş ifalar var - Faiq Ağayevin “Əlimdə bir qədəh şərabı”ndan tutmuş Aygünün “Qoy işığı söndürüm”ünə qədər. Onların hamsının adını çəksəm, musiqi antologiyası kimi bir şey alınar.

Onların qarşısında Məmişxanın “Gedib mamana demə” diringəsi barədə “tutuzdurub” deyilirsə, ta heç nə, demək, son 10 ildə musiqi zövqümüzə möhkəm tutuzdurblar – biri qapaz, o biri təpik, bu biri yumruq və s.

4-5 il öncə bir cavan oğlan “haryaedirsən, ayə” deyə nəsə bir şey oxuyanda da “tutuzdurub” deyənlər vardı. Amma qardaşa qarşı hasızlıq oldu, siftəsinə tənqidi pis tutuzdurdular, ta elə şeylər oxumadı.
Məmişxanın hiti isə başqadır. Hələ siz bu hit boğuşmasının son qalibinin sözlərinə baxın:

Cəmali görsət telefonun dalından
Xəbərdar olsun Məmiş halından
Tut yanağından marçıldadım
Dinmə yavaş söz, gizlət mamandan...

Ətinizi tökməmək üçün diringənin o biri kupletlərini və nəqarətlərini burada iqtibas eləmirəm. Vallahi, edərəm, iyrənərsiniz, ürəyiniz bulanar, “Youtube”-yə girməz olarsınız.

Yox də, indi bu nə deməkdir? Bu, plintus-palaz səviyyəsi də deyil, daha aşağı bir şeydir, el üzünə qoyulası andır deyil.

Millət də tökülüşüb qulaq asır – sanki Dimaş Kudaybergen yeni hit ifa edib.

Bax, belə olur ki, deyirlər, sovet vaxtında bu cür mahnılar efirə çıxmazdı. Doğrudan da eləydi. Məsələn, o vaxt bir ara mahnısı vardı, “Qəni-qəni”, sözləri beləydi:

Köynəyi yaşıl oğlan Qəni-Qəni,
Əcəb yaraşır, oğlan, Qəni-Qəni.
Keçmə bizim məhlədən,
Anam savaşır, oğlan, Qəni-Qəni.

“Gedib mamana demə”dən yüz dəfə mənalı sözlər deyilmi, siz canınız?

Xüləs, musiqi zövqümüzə tutuzdura-tutuzdura gedirlər, axırda pişik kimi miyoldayacaqlar və 10 günə 10 milyon baxış əldə edəcəklər.

 

27.11.2024 08:05
2048