Hindistandan Ermənistana gələn muzdlular - beynəlxalq təşkilatlar niyə susur...

Ermənistan etiraf edib ki, Hindistandan təkcə silah almırlar, həm də saysız-hesabsız Hindistan vətəndaşı İrəvana axışır. Əlbəttə, İrəvandan verilən açıqlamalarda onların ucuz işçi qüvvəsi kimi “humanitar” əsaslarla iş üçün gəldikləri iddia olunur. Ancaq heç şübhəsiz ki, zaman-zaman ordusuna muzdlular yığmış Ermənistan bu dəfə hansısa revanşist xülyalara dalaraq, hindliləri perspektiv planları üçün muzdlu döyüşçü qismində cəlb edirlər. 

Muzdlu cəlb etmək beynəlxalq cinayətdir. Ermənistanın Hindistan vətəndaşlarını ölkəsinə muzdlu kimi cəlb edib-etmədiyini araşdırmaq üçün beynəlxalq qurumlardan komissiya yaratmaq tələbini qaldıra bilərikmi? Bunu fiksə etməyin və Ermənistanı, habelə heç şübhəsiz ki, İrəvanla öncədən anlaşaraq öz vətəndaşını muzdlu qismində yola salan Hindistanı cəzalandırmağın yolu varmı? Bu yöndə addımlar atmalıyıqmı?

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev: “Azərbaycan Hindistanı bu addımlardan çəkinməyə çağırmalıdır”

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, Azərbaycan bu yöndə Hindistana öz təpkisini göstərməlidir: “Bir çox dövlətlər Cənubi Qafqazda mövcud olan situasiyadan istifadə etməklə hansısa planlarını həyata keçirməyə cəhdlər edir. Bir neçə ildir ki, Hindistan da bu istiqamətdə fəaliyyətini ardıcıl davam etdirir. İlk baxışda deyilə bilər ki, hər bir dövlət istədiyi ölkə ilə siyasi, hərbi sahədə münasibətlər, ticarət əlaqələri qura bilər. Dünyada əhali sayına görə ikinci dövlət olan Hindistan da bu istiqamətdə fəaliyyətini görür. Amma bu münasibətlər yekunda başqa bir dövlətin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə təhdidlər yaradarsa, o zaman proseslərin ticarət, ikitərəfli münasibətlər pərdəsi altında tamam başqa istiqamətdə cərəyan etdiyi görünər. Hindistanın hər zaman Ermənistanla isti münasibətlərinin olduğu sirr deyildi. Bunu mümkün edən bir sıra amillər var idi. Azərbaycanın uzun illər Pakistanla olan əlaqələrinə alternativ olaraq rəsmi Dehli Ermənistana dəstəyini gizlətməyib. Baxmayaraq ki, Hindistanın Ermənistanla nə dini, nə tarixi yaxınlığı, nə də ki, coğrafi qonşuluğu var. Amma düşməni Pakistanın dostu olan Azərbaycanın düşməni onun dostudur yanaşması ilə fəaliyyət göstərməkdən çəkinməyib. Digər bir səbəb Ermənistanın son illərə kimi Rusiyanın himayəsi altında olması, Hindistanın Rusiya ilə əlaqələrinin çox yaxın olması, hətta mahiyyət etibarı ilə Qərb və ABŞ-a qarşı formalaşan BRİKS-də birgə təmsilçilikləri də bu əlaqələrin inkişafına kömək etmişdi. Hazırda nə baş verib ki, Hindistan Rusiyanın Ermənistandakı siyasətinə zidd olan fəaliyyət göstərməyə başlayıb?

Çünki Ermənistanı sürətlə silahlandırmaq cəhdləri Azərbaycanla münasibətlərin gələcəkdə yenidən qaynar fazaya keçməsi təhlükəsini yaradacaq, eyni zamanda Ermənistanın Rusiyadan silah asılılığını da minimuma endirəcək və oradan çıxması prosesini sürətləndirəcək. Bunun əvvəldən Rusiya ilə razılaşdırıldığına inanmıram. Böyük ehtimalla Hindistan Fransa ilə bu istiqamətdə hansısa səviyyədə razılığa gəlib. Bu da təsadüfi deyil. Fransanın Hindistanla çox böyük ticarət dövriyyəsi var və gələcəkdə bunu inkişaf etdirmək niyyətindədir. Hazırda Hindistanın Ermənistana satdığı silahlardan əlavə müxtəlif adlar altında canlı qüvvə göndərməsi, məlumatların ortada olması ciddi təhlükə kimi qəbul olunmalıdır və Azərbaycan Hindistanı bu addımlardan çəkinməyə çağırmalıdır. Bu istiqamətdə mövcud olan bütün vasitələrdən istifadə etməlidir. Həmçinin müttəfiqlərimizlə birgə hərbi təlimlər və digər tədbirlərin sayı artırılmalıdır. Əgər rəsmi Dehli bunu sülh müqaviləsi imzalandıqdan, regionda təhlükəsizliyin və sabitliyin formalaşmasından sonra etsəydi, normal qəbul edilərdi. Amma indi bu cür fəaliyyət sülh müaviləsinin imzalanmasını ciddi şəkildə ləngidir və yeni müharibənin başlanması risklərini artırır. Yeni müharibə olarsa, sözsüz ki, Azərbaycan qısa müddətdə uğur qazanacaq və Ermənistanın itkiləri daha da artacaq. Düşünürəm ki, Azərbaycan sülh danışıqları ilə paralel ordunun gücləndirilməsini, yeni nəsil silahlarla təmin olunmasını daha sürətləndirib və bunu açıq şəkildə göstərməlidir ki, hər hansı revanşist hərəkətlər olduğu halda nə ilə qarşılaşacaqlarını görsünlər”.

Bir sorğunun qorxunc nəticəsi - Azərbaycanın suverenliyi də təhlükədə? –  RƏYLƏR

Şəhla Cəlilzadə: “Hindistanı bölgəmizdən çəkindirməyin yeganə yolu...”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə qeyd etdi ki, muzdlu hərbi fəaliyyətin qeyri-qanuni elan olunması və qadağan olunması istiqamətində fəaliyyət beynəlxalq hüquqi çərçivə 1960-cı illərdən etibarən formalaşmağa başlayıb: “İlk dəfə Afrika Birliyi Təşkilatı muzdlu hərbi fəaliyyətin qadağan olunmasına dair 1977-ci ildə qəbul edilən Libreville Konvensiyasında muzdlu döyüşçü olmağı qadağan edib. Bundan sonra muzdlu döyüşçülərin cəlb edilməsinin kolonializmə qarşı mübarizə aparan xalqların öz müqəddəratını təyin etməsinə mane olduğunu nəzərə alan BMT də bu sahəyə xüsusi diqqət yönəltdi və muzdlu hərbi fəaliyyət dövlətlərin bərabərliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə qarşı yönəlmiş fəaliyyət adlandırıldı. Həmçinin bu fəaliyyət insanların yaşama, fiziki sağlamlıq və təhlükəsizlik və s. təməl insan hüquqlarının pozuntusu ilə müşayiət olunduğundan beynəlxalq humanitar hüquq çərçivəsində də qeyri-qanuni fəaliyyət olduğu bəyan olundu. Bu sahədə daha bir mühüm sənəd - 2001-ci ildə qəbul edilmiş "Muzdlu döyüşçülərin cəlb olunması, istifadəsi, maliyyələşdirilməsi və təlimləndirilməsi ilə mübarizə haqqında" BMT Konvensiyasıdır. Konvensiyanı 2021-ci ilədək 37 dövlət ratifikasiya etmiş, 9 dövlət isə imzalamış, lakin hələ ratifikasiya etməmişdi. Qeyd edim ki, Azərbaycan bu Konvensiyanı 1997-ci ildə, Ermənistan isə 23 noyabr 2020-ci ildə ratifikasiya edib. 

Konvensiyaya əsasən muzdlu döyüşçülər qanuni döyüşçü hesab olunmadığından hərbi münaqişə zamanı tutularsa, “əsir” statusu da əldə edə bilmirlər və buna görə “Hərbi əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasının (1949) və beynəlxalq hüququn müəyyən etdiyi digər müdafiə mexanizmlərindən də məhrumdurlar. 

Hətta Ukrayna da bu konvensiyaya qoşulub (1993-də), lakin buna baxmayaraq o və digər dövlətlər öz maraqlarını təmin etmək üçün muzdlu hərbi xidmətlərdən günümüzədək faydalanırlar. Hətta muzdlu hərbi fəaliyyəti təşkil edən şirkətlər belə fəaliyyət göstərir, məsələn ən tanınmış nümunə Rusiyanın “Wagner”, ABŞ-ın “Blackwater” qrupudur, həmçinin “Dyn Corp”, “Vinnell Corporation” və s. qeyd oluna bilər. Bu praktika heç vaxt səngiməyib. Ən qəribəsi isə bu şirkətlərin rəhbərlərinin tarixi yaddaşda hələ də “əbədiləşdirilməyə” davam etməsidir ki, məsələn, “Wagner”in eks-rəhbəri Priqojinə Krasnodarda heykəlin qoyulacağı xəbəri bunu sübut edir. 

Ermənistan hərbi qüvvələrinin 44 günlük müharibədə pərən-pərən olması, 11 mindən çox hərbçinin isə dezertirlik etməsi nəzərə alınaraq, Ermənistanın əli ilə bölgədə təxribatlar törətməyə çalışan xarici qüvvələr bu coğrafiyaya muzdlu döyüşçüləri cəlb etməkdə maraqlıdırlar. Onu da qeyd edim ki, elə 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan xarici muzdlulardan istifadə etmişdi. Buna baxmayaraq, AŞ PA 2021-ci il qətnaməsində (N.2391) məhz Azərbaycanı Türkiyənin dəstəyi ilə Qarabağa muzdlu döyüşçülər cəlb etməkdə ittiham etmişdi. Halbuki Ermənistanın bu fəaliyyətinin hələ I Qarabağ müharibəsi dövründən bəri davam etdirdiyini bilirik. Belə ki, 2008-ci ildə BMT Baş Assambleyasının 86-cı sessiyasında qəbul olunan qətnamədə məhz Ermənistanın muzdlu döyüşçülərdən və terrorist qruplardan istifadə etməsi və Qarabağın işğalı faktı yer alır. Ermənistanın revanşist siyasətinin davam etdiyini və xarici qüvvələrin regionda təsir uğrunda mübarizə apardığı müddətdə bu cür muzdlu xidmətlərin davam edəcəyini, qarşılıqlı beynəlxalq məhkəmə iddialarının isə nəticə verməyəcəyini təxmin etmək olar".

Siyasi ekspert fikirlərində bu yerə də xüsusi diqqət ayırdı: “Nüvə silahına malik iki böyük dövlət olan Hindistan və Pakistanın tarixən mübarizə içərisində olduğu və Azərbaycanın Pakistanla yaxın münasibətlərinə görə Hindistanın Cənubi Qafqaz regionunda Ermənistanı dəstəkləməklə onunla proksi-mübarizəyə girdiyini söyləmək olar. Odur ki, Hindistanı bölgəmizdən çəkindirməyin yeganə yolu münasibətlərdə neytrallığı qorumaq olar. Əks təqdirdə, Hindistanın Ermənistanı silahlandırmaq, təlimləndirməklə yanaşı, muzdlu döyüşçülərini də göndərəcəyi istisna deyil. Bununla mübarizə üsulu kimi beynəlxalq qurumlar qarşısında Ermənistan tərəfindən müvafiq konvensiyanın pozulmasını iddia etməklə komissiya yaratmaq tələbi qaldırıla və beynəlxalq qətnamələrdə müvafiq fəaliyyət aktlaşdırılaraq öz əksini tapması təmin oluna bilər. Bu, Azərbaycanın Ermənistanla hüquqi müstəvidə mübarizəsinə fayda verə bilər, lakin real, hərbi müstəvidə muzdlu döyüşçülərin cəlbinin qarşısını alacağını düşünmürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


14.03.2024 10:37
3001