Hindistandan absurd dəhliz təklifi - İrəvana yeni “xilas kəməri”...

Çabaharla bağlı planları reallaşsa belə, yüklərin Ermənistan üzərindən ötürülməsi bu ölkə ərazisindəki infrastrukturun hazır olmaması səbəbindən uzun illər rentabelli olmayacaq

Mayın 13-də Hindistan İranın Hind okeanı sahilindəki Çabahar limanını 10 illiyə idarəetməyə götürdükdən sonra Ermənistanda ölkənin Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması imkanları ilə bağlı geniş müzakirələr başladılıb. Erməni ekspertlər dəhlizin fəaliyyətinin genişlənməsi fonunda İrəvanın onun tərkib hissəsinə çevrilmək istiqamətində fəaliyyətlərini aktivləşdirməsinin gərəkdiyini bildirirlər.

Ermənistanın dəhlizin iştirakçısı olması layihənin iki mühüm iştirakçısı - Hindistan və İran tərəfindən dəstəklənir. Hər iki ölkə öz maraqları baxımından dəhlizin bir qolunun Ermənistan üzərindən keçməsini istəyir. Ötən il Hindistanla Ermənistan arasında İrəvanın Çahabar limanında idarəetmədə iştirakına dair razılaşma əldə olunduğu elan edilib. Bu ilin yanvarında Errmənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib ki, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur: “Məqsədimiz budur ki, Hindistanın Mumbay limanından Ermənistana İrandan Çabahar limanı vasitəsilə keçməklə düzgün fəaliyyət göstərən ticarət marşrutunun olması üçün bu ilin may ayına qədər bütün məsələləri həll edək”.

Hindistanın adı dəyişdirilə bilər

Nazir bildirib ki, hindistanlı həmkarı, həmçinin Çabahar limanında Hindistana məxsus ərazinin operatoru olan şirkətin rəhbəri ilə görüşərək, maya qədər görüləsi işləri razılaşdırıb. 

May ayı artıq başa çatır, hələ ki Kerobyanın dediyi ticarət yolunun açılması gündəmə belə gətirilməyib. İranla Hindistan arasında müqavilə imzalandıqdan sonra Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinha “Armenpress” agentliyinə bildirib ki, “Yeni Dehli İranın Çabahar limanından istifadə ilə bağlı İrəvanın təkliflərini gözləyir”. Diplomat Ermənistan nümayəndələrinin limandan istifadəyə maraq göstərməsinə diqqət çəkib. 

2023-cü ilin dekabrında Hindistanın İranla birgə inkişafında iştirak etdiyi limana Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan baş çəkib. “Biz Ermənistan tərəfdən təfərrüatı gözləyirik və konkret təkliflər daxil olanda onları mütləq nəzərə alacağıq”, - səfir bildirib.

Diplomat həmçinin vurğulayıb ki, Ermənistan dənizə çıxışı olmayan ölkə olduğu üçün mütləq daha çox kommunikasiya layihələrinə ehtiyacı var - Hindistandan İranın Çabahar limanına və İrandan Qara dənizə gedən marşrut kimi. Onun fikrincə, layihənin həyata keçirilməsi Ermənistanın dənizə çıxışının olmamasından yana çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.

Ermənistanda hesab edirlər ki, Hindistandan yüklər Çabahar limanından İran ərazisi ilə ya dəmiryol, ya da avtomobillər vasitəsilə onların ərazisinə, oradan isə Gürcüstan üzərindən ya Rusiyaya, ya da Bolqarıstan limanlarına daşınacaq. Lakin İrəvanda aydınlıq gətirmirlər ki, Ermənistan-İran sərhədindən yüklər Gürcüstana qədər necə daşınacaq: Ermənistanın dəmiryol sisteminin İran sistemi ilə əlaqəsi yoxdur - sovet dövründə Naxçıvan vasitəsilə təmin olunan əlaqə çoxdan ermənilərin özləri tərəfindən sıradan çıxarılıb. Avtomobil yoluna gəlincə, Ermənistan İran sərhədindən Gürcüstan sərhədinə qədər geniş avtomagistralın tikintisi layihəsinin icrasına 2009-cu ildən başlanıb, hələ heç yolun 30 faizi belə hazır deyil. Müxtəlif xarici qurumlardan alınan  kreditlər hesabına yolun bir neçə hissəsində tikinti işlərinə başlanılıb, lakin aşkarlanan korrupsiya faktları üzündən hələ də tikinti tamamlanmayıb. Tikinti işləri cəmi 67 km-lik hissədə bu və ya başqa dərəcədə aparılıb. Digər hissələrdə tikintinin maliyyələşdirilməsi üçün müxtəlif beynəlxalq maliyyə qurumlarının vəsait ayırdığına dair məlumatlar bir qayda olaraq, doğrulanmır. Məsələn, 2022-ci ilin iyununda Ermənistan rəsmiləri yolun Kacaran-Aqarak hissəsinin tikintisinin maliyyələşməsi üçün Avrasiya İnkişaf Fondunun 154 milyon dollar kredit ayırdığını elan ediblər. Bildirilib ki, bu hissənin tikintisi 2023-cü ilin sonunadək yekunlaşacaq. Lakin 2023-cü ilin oktyabrında məlum olub ki, Ermənistanla İran yolun həmin sahəsinin tikintisinə dair müqavilə imzalayıblar. İmzalanma mərasimində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın verdiyi məlumatdan aydın olur ki, 32 km-lik yolun tikintisi 210 milyon dollara başa gələcək və bu vəsaiti tamamilə İran maliyyələşdirəcək. Yolun tikintisini də İran şirkətləri həyata keçirəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək başa çatdırılacağı deyilir. İran həmçinin Ermənistanla sərhəddə Araz çayı üzərində yeni körpünün tikintisini reallaşdıracaq. 

Düyməyə basıldı: Üç ölkə HƏMAS-İsrail savaşına qoşulur –

2022-ci ildə Ermənistan rəsmiləri yolun tikintisinin ölkə büdcəsinə 3,5 milyard dollara başa gələcəyini açıqlamışdılar. O da o halda ki, 2022-2023-cü illərdə bütün sahələrin tikintisi üzrə müqavilələr imzalansın. Bu şərtlər daxilində yolun tikintisinin 2030-cu ilədək başa çatdırılması planlaşdırılırdı. Lakin  hazırda 2024-cü ildir və hələ də yolun qalan hissələrində real tikinti işlərinə başlanmayıb. 

Qeyd edək ki, Ermənistanda yeni avtomagistral Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq məqsədilə inşa olunur. Lakin son illərdə regionda baş verən proseslər Ermənistanın bu layihədən kənarda qalmasını şərtləndirib. Belə ki, Qərbin ağır sanksiyalarına məruz qalan Rusiya dəhlizin Azərbaycandan keçən seqmentinin işə salınması istiqamətində hərəkətə keçib. 2023-cü ilin mayında İranla Rusiya arasında Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dair müqavilə imzalanıb və Rusiya bu layihənin maliyyələşdirilməsi üçün İrana 1,3 milyard avro həcmində dövlət krediti ayrılıb. Yaxın həftələrdə İran ərazisində fiziki tikinti işlərinin başlanması gözlənilir. Aydın məsələdir ki, Rusiya İrandan yüklərin Ermənistana, oradan Gürcüstana, yalnız oradan öz ərazisinə çatdırılması kimi absurd proyektə dəstək verəsi deyil. Xüsusilə də Azərbaycanın daha qısa, hazır infrastrukturu olduğu, Azərbaycan üzərindən daşımaların həm vaxt, həm də maliyyə tutumu baxımından digər seqmentlərlə müqayisədə  dəfələrlə əlverişli olduğu bir şəraitdə. Ermənistanın getdikcə artması gözlənilən yükləri ötürmək üçün nə normal avtomobil, nə də dəmiryolu infrastrukturu, Rusiyanın isə onun yaradılmasını gözləməyə vaxtı yoxdur...

Erməni ekspertlər hesab edirlər ki, İrəvan layihədə mühüm rolu öz ərazisində nəqliyyat problemlərini həll edib, Şimal-Cənub avtomagistralının tikintisini başa çatdırdıqdan sonra oynaya biləcək. Onlar bildrirlər ki, Ermənistan marşrutu logistika və infrastruktur nöqteyi-nəzərindən tam əlverişli olmasa da, o, hər bir halda İrana lazımdır. Tehrana Ermənistan ərazisindən Rusiya və Avropaya yüklərini çatdıracaq alternativ yolun olduğunu bilmək çox vacibdir. Hazırda Rusiya ilə ticarətin çox böyük hissəsi Azərbaycan, Avropa ilə ticarət isə Türkiyə üzərindən reallaşır. Tehran hər iki ölkədən asılılıqdan çıxmaq üçün Ermənistanla işləməyə, sadəcə, məcburdur.

Hindistanın da Ermənistan üzərindən yükdaşımaların təşkilində əsas marağı  İran üzərindən göndərəcəyi yüklərin Avropaya çatdırılmasında Azərbaycandan asılılığı ən azı azaltmaqdır. Son illərdə Azərbaycanın Pakistanla yaxınlaşması Hindistan üçün arzuolunmaz prosesdir və Dehlinin bu dostluğa qarşı hansısa qüvvə qoymaq istəyi təbiidir. Lakin Hindistanın Ermənistan üzərindən keçməsi gözlənilən marşrutun inkişafında investor kimi iştirakı çətin görünür. Çünki Hindistan ABŞ-ın patronajlığı altında Avropa İttifaqı, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yeni Dehlidə Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması prosesinə qoşulub. İndia - Middle East - Europe Economic Corridor / İMEC adlandırılan layihə çox böyük investisiya qoyuluşları və intensive fəaliyyətlər tələb edir. Hindistanın İranla Çahabar limanına dair müqavilə imzalamasından sonra ABŞ Dövlət Departamenti Yeni Dehliyə xəbərdarlıq edib. Belə ki, 2018-ci ildə İrana qarşı sanksiyalar genişləndirilən zaman ABŞ Hindistanın Çabahar limanındakı fəaliyyətlərinə istisna tətbiq edib. Lakin İranın Rusiyaya aktiv hərbi dəstək verməsindən sonra Vaşinqton Tehrana gəlir gətirən bütün kanalları bağlamağa çalışır. Digər tərəfdən, Çahabar vasitəsilə ötürülən yüklərin mühüm hissəsinin Rusiyaya çatdırılması planlaşdırılır. Belə bir şəraitdə Hindistanın Çabahar vasitəsilə İran üzərindən ticarəti genişləndirməsinə imkan verilməyəcəyi, limanla bağlı layihələrin sanksiyaların əhatə dairəsinə daxil ediləcəyi açıq dillə Yeni Dehliyə çatdırılıb. ABŞ Çabaharı sanksiyaya məruz qoyarsa, onun genişləndirilməsi planları da yarımçıq qalacaq. Nəticədə Hindistanın bu liman vasitəsilə yük ötürmək imkanlarında artım olmayacaq. Ən yaxşı halda Yeni Dehli Rusiya ilə ticarətini bu liman vasitəsilə reallaşdırmaq imkanında olacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, Moskva yüklərin İran və Azərbaycan üzərindən deyil, İran-Ermənistan-Gürcüstan boyu hərəkətdən sonra öz ərazisinə çatmasında heç bir halda maraqlı olmayacaq.

Hətta Hindistanın Çabaharla bağlı planları reallaşsa belə, yüklərin Ermənistan üzərindən ötürülməsi bu ölkə ərazisindəki infrastrukturun hazır olmaması səbəbindən hələ uzun illər rentabelli olmayacaq. Bu marşrutla yaxın və ortamüddətli dövrdə ancaq Ermənistanla Hindistan öz arasındakı ticarəti reallaşdıra bilər. Ötən il bu ticarətin həcmində 7 faiz artım olub və ümumi həcmi 380 milyon dollara çatıb. 

Ermənistandan fərqli olaraq, Azərbaycanın hazır infrastrukturu var, bu infrastruktur sürətlə genişləndirilir. Nəqliyyat dəhlizi dövlətlərin marağında olsa da, onu işlək edən biznesdir. Biznes isə heç vaxt qısa və rahat yolu qoyub uzaq və narahat yolla hərəkət etməyəcək...

Dünya SAKİT,
“Yeni Müsavat”

23.05.2024 08:44
3090