Hindistan BRİCS-in supergücü ola bilər...

"Nə qədər ki, BRİCS-in üçüncü hərfi (İ - İndia) Hindistanla bağlıdır,  BRİCS ABŞ-ın yaratdığı güc mərkəzinə ciddi rəqib ola bilməz. Ümumiyyətlə, müəyyən addımlar atılmasa, BRİCS öz məqsədinə nail ola bilməyəcək".

Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.

O, səbəbini izah edərkən deyib ki, Putin 2006-ci ildə Braziliya, Rusiya, Hindistan və Çindən ibarət bu təşkilatın yaranmasını təklif edəndən sonra Cənubi Afrika (South Africa) bu təşkilata qoşularaq ölkələrin birinci hərflərindən ibarət BRİCS yarandı:

WhatsApp Image 2024-09-03 at 18.39.07.jpeg (283 KB)

"İnkişaf etmiş kollektiv qərbə qarşı dayanıqlı olmaq məqsədilə yaradılan bu təşkilat 2024-cü ildə yeni üzv ölkələr sayəsində 10 ölkəyə qədər genişləndi. Birləşən 5 yeni ölkə Misir, Efiopiya, İran, SƏ və BƏƏ idi. İndi isə Azərbaycan və Türkiyə də daxil olmaqla bir çox ölkələr bura üzv olmaq istəyir.

Düzdür, BRİCS-in ciddi makro göstəriciləri var. Onlar dünya xam neftinin təxminən 44%-ni istehsal edir. Genişləndirilmiş qrupun ümumi əhalisi təxminən 3,5 milyard və ya dünya sakinlərinin 45%-ni təşkil edir. Birgə üzv ölkələrin iqtisadiyyatları qlobal iqtisadiyyatın təxminən 28%-i olmaqla 28,5 trilyon dollardan artıq dəyərə malikdir.

Digər ölkələrin əsas məqsədləri fərqli olsa da, Çin, Rusiya, Braziliya kimi ümumi məqsədi ABŞ-a qarşı yeni güc mərkəzini formalaşdırmaqdır. Lakin bu işin ciddi “əmma”ları var. Bu “əmma”ların ən böyüyü vahid təşkilatın effektiv mexanizminin yoxluğudur. Digər “əmma” bu ölkələrin hər birinin dollardan ciddi asılılığıdır. Hindistanın bu təşkilatda olması isə növbəti “əmma”dır".

Ekspert əlavə edib ki, Hindistan ABŞ-ın ən etibarlı müttəfiqidir:

"Son 10 il ərzində dörd pillə irəliləyərək iqtisadiyyatına görə dünyanın 5-ci ən iri ölkəsinə çevrilib. Qarşıdakı illərdə ölkə iqtisadiyyatının ildə 6 faiz artacağı proqnozlaşdırılır. 2027-ci ilədək ABŞ və Çindən sonra dünyanın üçüncü ölkəsinə çevriləcəyi gözlənilir. Hindistan bununla da dayanmayacaq. ABŞ-ın Çinə qarşı sərt siyasəti, Hindistana qarşı isə əksinə yaxın müttəfiq dəstəyini göstərməsi bir müddət sonra imkan verəcəkdir ki, Hindistan Çini geridə qoyaraq, ikinci supergücə çevrilsin. Deməli, Hindistan həm də BRİCS-in supergücü olacaqdır. O zaman bu təşkilatın ABŞ-a qarşı ciddi problem yarada biləcəyi real deyil.

“Dollar asılılığı” sindromuna gəldikdə isə bundan qurtarmaq elə də asan görünmür. Vahid valyutanın buraxılması ideyası hər zaman gündəm olsa da, reallaşdırılması mümkün olmur. Çünki üzv ölkələrin iqtisadiyyatlarının kəskin fərqli olması, hər birinin  bura üzv olmayan digər ölkələrdən həyata keçirdikləri idxal həcmlərinin böyük olması və idxalçıların isə dollara üstünlük verməsi bu asılılıqdan xilas olmağa imkan vermir. İki tərəfli ticarət dövriyyələrində olan böyük ölçülü ticarət balanslarında olan fərqlər yenə də dollar üçün geniş meydan yaradır".

Eldəniz Əmirov digər ciddi məqamlara da toxunub:

"Məsələn, Dünya Bankına Beynəlxalq Valyuta Fondunun təsirlərini zəiflətmək üçün 2015-ci ildə BRİCS tərəfindən Yeni İnkişaf Bankı (NDB) yaradıldı. O vaxtdan 9 il keçib, lakin müşahidələr onu göstərir ki, bu istiqamətdə olan məqsədlərə də təşkilat tam nail ola bilməyib. Əsas şüarı “Qlobal artım və inkişaf” olan NDB-nin 4 gün əvvəl, daha dəqiq 29 - 31 avqustda Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən Doqquzuncu İllik Toplantısının nəticələri də bunu bir daha təsdiqlədi.

Beləliklə, BRİCS-i tezliklə ABŞ-ı dayandıra biləcək güc mərkəzi kimi qəbul etmək ciddi yanlışlıq olardı. Lakin bununla belə başında ABŞ-ın dayandığı kollektiv qərbin aqressiv təzyiqinə qarşı digər ölkələrin birləşməsi tam normal haldır. Bu birlik  aqressiv təzyiqi neytallaşdıra bilməsə də, aqressiyanın mənfi təsirlərini az da olsa, azalda bilər. Amma bir şərtlə ki, bu birlik ciddi konseptual əsaslar və birlik daxilində işləyə biləcək vahid effektiv iqtisadi-siyasi mexanizmlər yaratsın. Bunlar olmayıbsa, 5 ölkənin adından yaranan BRİCS-in hərflərinin sayı nə qədər uzansa da, effekti olmayacaq. Yeri gəlmışkən, artıq BRİCS-in adını dəyişib BRİCS+ qoymaq lazımdır".

Afaq Mirayiq,
Musavat.com

03.09.2024 18:33
959