Hind okeanına çıxış niyə qəlizləşib?

Mərkəzi Asiya ölkələri İran, Əfqanıstan və Pakistanla tərəfdaşlıqlara diqqət yetirərək onları Hind okeanına birləşdirə biləcək yeni ticarət yollarını araşdırırlar. Bu marşrutlar Hindistan, Körfəz ölkələri və hətta Şərqi Afrika ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar vəd edir.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, bununla belə bu cür iddialı layihələrin reallaşması siyasi çağırışlarla bağlıdır:

"Əsas tranzit ölkələrində davam edən geosiyasi gərginlik, daxili qeyri-sabitlik və təhlükəsizlik narahatlıqları əhəmiyyətli maneələr yaradır.
Mərkəzi Asiya ölkələri Hind okeanına çıxış üçün iki əsas variantla üzləşiblər. Birinci variant İran üzərindən dənizlərə və okeanlara çıxış imkanıdır. İkinci variant Əfqanıstan vasitəsilə Pakistan limanlarına çıxışdır. Hər iki marşrut boyunca əsas problem Yaxın Şərqdə gərginliyin artması fonunda siyasi münaqişələrin varlığıdır. İranla İsrail arasındakı gərginlik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) gələcəyini şübhə altına alır. Pakistan limanlarına çıxış da asan deyil. Mərkəzi Asiya ölkələri, xüsusən Özbəkistan Pakistan limanlarına çıxış əldə etmək üçün Trans-Əfqan dəmir yolunu təşviq edir. Bundan əlavə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Özbəkistana Avrasiya logistika mərkəzi olmaq imkanı verəcək. Ancaq bunun üçün Pakistanın Qvadar və Kəraçi limanları tam gücüylə çalışmalıdır. Bu limanlarla bağlı təhlükəsizlik problemləri mövcuddur".

Elxan Şahinoğlu qeyd edib ki, bu limanlardan istifadə imkanlarını çətinləşdirən digər amil Əfqanıstanla Pakistan arasında ara-sıra qeydə alınan qarşıdurmalardır:

"Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi ilə Pakistan hakimiyyəti arasında müxtəlif mövzularda fikir ayrılıqları var. Halbuki, 2010-cu ildə imzalanmış Əfqanıstan-Pakistan Tranzit Ticarət Sazişi Əfqanıstan mallarının Pakistan limanları vasitəsilə tranzitinə icazə verir. Pakistan və Əfqanıstan arasında ticarət sərhəddəki gərginlik və məhdudiyyətlər səbəbindən azalıb. Əfqanıstan Pakistan limanlarından asılılığını azaltmaq üçün alternativ imkanlar axtarır. Bu vəziyyət Mərkəzi Asiya ölkələrinə seçim etmək imkanını daraldır. Qazaxıstan Əfqanıstandan keçən nəqliyyat marşrutlarının həyata keçirilməsini dəstəkləyir. İki layihə var. Qazaxıstan birinci layihəni Özbəkistanla, ikinci layihəni isə Türkmənistanla həyata keçirmək niyyətindədir. Bu Qazaxıstana ona görə lazımdır ki, nəqliyyat yolunun birində problem yarananda, ikincidən istifadə edə bilsin. Misal üçün Əfqanıstan-Pakistan sərhədində münaqişə baş verərsə, Qazaxıstana öz trafikinin bir hissəsini İran limanlarına yönləndirəcək. Hazırki mərhələdə Qazaxıstan üçün ən ideal variant Orta dəhlizin imkanlarından istifadə etməkdir". 

14976769_10210453923000284_3325797182522518901_o.jpg (143 KB)

Politoloq qeyd edir ki, Hindistan İranın Çabahar limanını icarəyə götürdüyünə görə, yüklərin buradan müxtəlif ölkələrə daşınmasının tərəfdarıdır:

"Tehranla Dehli arasında imzalanan sazişə görə, 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynayır. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq. Dəhliz həmçinin Hindistana Mərkəzi Asiyanın enerji resurslarına birbaşa çıxış imkanı verir ki, bu da onun artan enerji ehtiyaclarını ödəmək üçün vacibdir. Bütün hallarda Mərkəzi Asiyanı Hind okeanı ilə birləşdirəcək nəqliyyat layihələrinin gələcəyi regionun geosiyasi gərginlikləri, təhlükəsizlik çağırışlarını və iqtisadi qeyri-müəyyənlikləri idarə etmək qabiliyyətindən asılı olacaq".

 

Xalidə Gəray
Musavat.com

20.10.2024 23:25
554