Şair, naşir, dramaturq, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, Hidayət Orucov “Yeni Müsavat”a müsahibə verib.
Müsahibəmiz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci sədri Rafiq Əliyevin Bakupost.az saytına açıqlamaları, daha da konkretləşdirsək, Hidayət Orucov haqqında dedikləri ilə bağlıdır. R.Əliyev deyib: “Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər gördük. Daha sonra həmin vəzifəyə Hidayət Orucov təyin olundu. O, nə dini, nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə işlədi, lakin bu müddət ərzində onun gördüyü hər hansı işi qeyd edə bilmirəm. Çünki ədəbiyyatşünas idi və ancaq yazı-pozu ilə məşğul olurdu”. Bu kimi fikirlərin “Yeni Müsavat”da dərcindən sonra Hidayət Orucovun fikirlərini öyrəndik. Sabiq komitə sədri “Yeni Müsavat”a sensasion açıqlamalar verdi. Müsahibəni təqdim edirik:
- Hidayət müəllim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sizdən əvvəl rəhbərlik etmiş professor Rafiq Əliyev mətbuata açıqlamasında bildirib ki, Hidayət Orucov nə dini bilirdi, nə də siyasəti. İlk baxışdan çox sərt yanaşmadır. Bu yanaşma ilə tanış olan şəxs ani olaraq qarşılıqlı münasibətlərdə uyğunsuzluq elementləri axtarmalı olur. Bildiyimizə görə, kəsişən, toqquşan maraqlarınız da yoxdur... Elə isə sələfinizin illər sonra belə bir mövqedən çıxış etməsinin səbəbi nədir? Bu fikirləri necə qəbul etdiniz?
- Əvvəla, mənim xarakterim və məndən qabaq, məndən sonra işləyənlərə münasibətim belədir ki, hara təyinat almışam, işləməyə getmişəm, keçənlərə fikir verməmişəm, o barədə bir kəlmə danışmamışam. O cümlədən Rafiq Əliyevin o komitəyə rəhbərlik etdiyi illərlə bağlı... Getdim, həmin gün kollektivə dedim ki, biz bundan sonra belə işləyirik və ilaxır. Bir də o, vəzifədən gedəndən sonra yenə də o barədə heç nə danışmamışam. Heç vaxt! Mən indiyə kimi neçə yaradıcılıq, siyasi, diplomatik, yüksək məsul vəzifələr daşımışam, heç vaxt nə məndən əvvəlki, nə də məndən sonrakı haqqında danışmamışam. Yaxşılıq olanda şübhəsiz ki, demişəm. Məndən sonra işləyənlər də mənim haqqımda xoş sözlər deyiblər ki, “biz gəldik, o prosesləri davam elədik” və ilaxır. O cümlədən Mübariz Qurbanlı sədr gələndən sonra mənə də dedi ki, mən sizin işləri, sizin islahatları burada davam etdirirəm. Mənə bunu kollektivdən də dedilər. Yəni Mübariz Qurbanlı kollektiv qarşısında da demişdi ki, o, Hidayət Orucovun işlərini davam etdirir.
- Elşad İsgəndərov da sədr oldu...
- O, qısa müddət işlədi. Dediyim kimi, mənim, ümumiyyətlə, iş üslubum budur. O cümlədən Rafiq Əliyev haqqında da... Əvvəllər də bir-iki dəfə mətbuatda nə isə dedi - mənim Dövlət Komitəsindən təzə gedən vaxtlarımda - əhəmiyyət vermədim. Heç indi də əhəmiyyət verməzdim. Amma indi elə yalanlar, uydurmalar, şər, böhtan deyib, elə qeyri-ciddi, nə keçmiş sədrə, nə professora yaraşan ifadələr işlədib ki... Bu, məni çox təəccübləndirdi. Onu da deyim ki, Dövlət Komitəsinə sədr gedəndə də təəccüblənmişdim. İnanmazdım, hətta təsəvvür eləməzdim ki, Azərbaycanda elə antidövlət komitəsi var. Məndən 5 il qabaq o komitə Ulu öndərin sərəncamı ilə yaradılmışdı. Getdim, orada Dövlət Komitəsinin fəaliyyəti, statusu, görəcəyi işlərlə bağlı heç nə görmədim. Bir daha təkrarlayıram, mən inanmazdım, həm də təsəvvür eləməzdim ki, Azərbaycanda elə antidövlət komitəsi var.
“Rafiq Əliyev sədr təyinatınadək bir gün də olsun dövlət qulluğunda işləməyib, özünü elə aparır ki, guya dövlət siyasətini bilir...” |
- Nəyə əsasən bu qənaətə gəlmişdiniz?
- Orada dövlət siyasətinin din sahəsində həyata keçirilməsi ilə bağlı... O zaman Azərbaycanda situasiya çox mürəkkəb idi, çox ciddi problemlər var idi. Yəni xarici missionerlərin ölkəmizə axını, onların təmsil olunduqları ölkələrdəki dövlət-din münasibətlərini burada təbliğ etmələri, İslam dəyərlərini özlərinə məxsus şəkildə yaymağa cəhd eləməsi, Azərbaycan üçün ənənəvi olmayan və Azərbaycan xalqının heç vaxt qəbul etmədiyi radikal təriqətlərin, mövhumatın burada yayılması və ilaxır. Bu məsələlərlə bağlı demək olar ki, heç bir iş görülmürdü. Əksinə, müəyyən adamlar da bu istiqamətdə heç narahat deyildilər. Hətta xarici missionerlərə şərait yaradanlar da istisna olunmurdu. Ona görə deyirəm ki, dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı heç bir iş görülmürdü. Adama belə gəlirdi ki, bu, elə antidövlət komitəsidir. Mən buna çox təəssüfləndim.
- Komitəyə rəhbər təyin olunduğunuz zaman Rafiq Əliyevin özü ilə bu barədə danışdınızmı?
- Xeyir, onun özü ilə heç bu barədə danışmaq istəmədim. Onunla bu haqda danışmağın heç bir mənası yox idi. Çünki o artıq işdən çıxarılmışdı. Lap dözülməzi o idi ki, bu, ümumiyyətlə, Dövlət Komitəsinin işi ilə məşğul olmurmuş. Mən orada fəaliyyətə başlayandan sonra əməkdaşlar dedilər ki, o, saat 11-12-də işə gəlirmiş, günorta 1-də, uzaqbaşı 2-də çıxıb gedirmiş və ondan sonra qayıtmırmış. Dövlət Komitəsini idarə edən maliyyə şöbəsinin müdiri onun yeznəsi imiş. Onun siyasətlə, dinlə heç bir əlaqəsi olmayıb, ticarətdə - “Azərittifaq”ın Ağdamdakı qurumunda işləyib. Əvvəla, yaxın qohumu ora işə götürmək olmaz, bu, öz yerində. Digər tərəfdən, “Azərittifaq”ın keçmiş işçisi siyasi bir qurumda, Dövlət Komitəsində, günün yarısından çoxunu sədrin yerinə necə işləyə bilər? O vaxt məlum oldu ki, bu adam 5 il komitə sədri işlədiyi dövrdə onun əsas diqqəti özünün maddi biznes maraqlarına yönəlib. Məsələn, “İrşad” hoteli tikdi, telefon şirkəti yaratdı və ilaxır.
- “İrşad” onundur?
- Əlbəttə, onundur. İndi bilmirəm o hotel qalır, qalmır? Bu vəsait onda haradan idi? Kimin hesabına hotel tikirdi? Hətta Ulu öndər bir müşavirədə ondan soruşdu. Dedi siz o hoteli haradan tikmisiniz? Bu cavab verdi ki, dostlarım kömək edib. Ulu öndər qayıtdı ki, mənim də dostlarım çoxdur, heç mənə kömək eləmirlər. Mən onda Azərbaycan Respublikasının dövlət müşaviri idim. Bu, Ulu öndərin çox özünəməxsus, çox yüksək səviyyəli və konkret istehzası, sərt tənqidi idi. Necə yəni dostlarım kömək elədi, hotel tikdim və ilaxır... Bilirsiniz, belə işlərlə məşğul olan adam, əvvəla, mətbuatda deyir ki, Hidayət Orucov nə dini bilirdi, nə siyasəti. Hidayət Orucov o komitəyə gələnə qədər 14 il Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri olub. Ümumiyyətlə, necə demək olar ki, 14 il ölkənin dövlət müşaviri olan adam siyasəti bilmir? Üstəlik, bu 14 ilin təxminən 10 ildən çoxu dini siyasət mənim kurasiyamda olub. Yəni dövlət müşaviri olaraq dini siyasətə mən məsul olmuşam. Arada 3-4 il o zamankı Prezident Aparatında ayrı qurum baxdı dini siyasətə. İkinci tərəfdən, bu qədər işləyəndən sonra dini necə bilməmək olar? Axı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri siyasi vəzifədir, dövlət siyasətini həyata keçirən qurumdur. Dövlət siyasəti nədir? Azərbaycan Konstitusiyasıdır, “Dini etiqad azadlığı haqqında” Qanundur, digər qanunlardır, cənab Prezidentin siyasətidir, onun çıxışlarından gələn tezislərdir və sair. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri dini ayinlərə rəhbərlik eləmir. (Gülür). Tutaq ki, hansı molla, ya axund necədir, buna baxmır. Bu məsələlərdən yana dini mərkəzlər var. Əlbəttə, Dövlət Komitəsində də bu işlərlə hər gün məşğul olan ilahiyyatçı sədr müavini, müvafiq şöbə, peşəkar, ixtisaslı əməkdaşlar var. Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə gələnəcən bir gün də olsun dövlət qulluğunda işləməyib, özünü elə aparır ki, guya bu, dövlət siyasətini bilir.(Gülür). Özü də deyir dini də bilir, ərəb dilini də... Hidayət Orucov isə nə dini bilir, nə də siyasəti. Əvvəla, o, Hidayət Orucovla imtahan aparıb, görsün dini, ya siyasəti bilir-bilmir? Sonra ərəb dilini bildiyini deyir, komitəyə ərəb dili müəllimi gedibmiş, ərəb dili dərsi deyəcəkmiş? Siyasi vəzifədə bir gün işləməyən adam siyasəti necə bilə bilər? Dövlət Komitəsinin belə acınacaqlı vəziyyətində mən ora sədr getdim. Hər şey yenidən başladı. Yeni yaranan Dövlət Komitəsini peşəkar səviyyədə yaratmaq... Ulu öndərin sərəncamı ilə yaradılan komitəni onun acınacaqlı günə qoyduğu vəziyyətdən çıxartmaq çətin olacaqdı. Bunu orada hiss etdim. Amma ardıcıl fəaliyyət, mübarizə getdi, çox gərgin vaxtlar oldu.
- Nə kimi dəyişikliklər etdiniz?
(Davamı növbəti sayımızda)
Elşad PAŞASOY,
Foto: “YM”