Həyət evləri bahalaşmaqda davam edəcək – İLGİNC SƏBƏB

Bakıda fərdi yaşayış evlərinin qiymətinə əsasən tikinti materialları bazarında qiymət dəyişiklikləri və mövsümi amillər təsir göstərir.

Bu barədə ipoteka bazarında ən iri portfelə sahib olan ABB-nin hesabatında qeyd edilib. Belə ki, yay aylarında fərdi yaşayış və bağ evlərinə tələbin artması qiymət artımına səbəb olur.

Bundan başqa, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su və qaz təchizatı şəbəkələrinə qoşulması 01.10.2023-cü il tarixdən, elektrik şəbəkəsinə qoşulması isə 01 yanvar 2024-cü il tarixdən qadağan edilib. Bank analitikləri hesab edir ki, bu qaydaya əsasən, təkrar bazara tələbin artması və bunun nəticəsində fərdi yaşayış evlərinin qiymətində artımın müşahidə edilməsi gözlənilir.

MENZİL.jpg (79 KB)

Əvvəlki dövrlə müqayisədə 2023-cü ildə torpaq sahəsinin 1 sotuna düşən ən kəskin orta qiymət artımı 43% olmaqla Nəsimi rayonundadır. Nərimanov rayonunda torpaq qiymətində 5% azalma qeydə alınıb. Torpaq sahələrində isə ən çox bahalaşma Sabunçu rayonunda qeydə alınmışdır. 2022-ci il ilə müqayisədə yalnız Qaradağ rayonunda torpaq qiymətində azalma müşahidə edilir.

Fərdi yaşayış evlərinin qiymətinə tikinti materialları bazarında qiymətlərin təsiri gözlənilirmi?

elnur_ferzeliyev.jpg (59 KB)

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, fərdi yaşayış evlərinin qiymətinin artması daha çox fərdi yaşayış üçün yararlı olan torpaq sahələrinin qiymətlərinin artması ilə bağlıdır:

“Tikinti materiallarının qiymətinin artması ümumi satış qiymətinin artmasına səbəb olsa da, bu cüzi bir faiz təşkil edir. Biz Bakının Nərimanov, Səbail rayonları ərazisindəki 200 kvadrat metrlik mənzilin qiymətinə baxsaq, Bakı ətrafındakı mənzillərlə arasında 100 min manat fərq var. Qiymətin dəyişməsində əsas amil torpaq sahələrinin baha olmasıdır.

Ötən il oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Qanunvericiliklə, ev, yaxud qeyri-yaşayış obyektinə hər hansı bir kommunikasiya xətlərinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır. Fərdi evlərin böyük əksəriyyətində çıxarışın olmaması həmin ərazilərdə ünvanların verilməsində ciddi problemlər yaradır. Hazırda Bakı və Abşeronda yüz minlərlə çıxarış ala bilməyən fərdi ev var. Çıxarış ala bilməmələrinə əsas səbəb həmin yaşayış massivlərindəki torpaqların digər təyinatlı torpaqlar olmasıdır. Yəni kənd təsərrüfatı, digər təyinatlar və yaxud neftin ərazisi adlanan torpaqlarda olduqlarına görə, bu ərazilərə çıxarışlar verilmir. Fərdi yaşayış evlərinin çıxarışla təmin olunması üçün ilk növbədə torpaqlarının çıxarışları olmalıdır. Daha sonra evin üzərinə çıxarış verilməlidir. Torpaqlara çıxarışların verilməsi üçün isə təyinat dəyişikliyi olmalıdır. Bu qaydalar da  qaydalar əmlak bazarına təsir edib. Bu qərardan sonra əmlak bazarında artıq çıxarışsız torpaqlara və tikilməkdə olan fərdi evlərə tələbat azalıb. Bu isə öz-özlüyündə həmin əmlakların qiymətlərinin düşməsinə, çıxarışlı evlərin isə bahalaşmasına səbəb olub. Bu problemlərin həlli üçün həmin ərazilərdəki torpaq sahələrinin təyinatları dəyişməlidir. Bundan sonra fərdi yaşayış evlərinə çıxarışlar verilə bilər. Beləliklə, kommunikasiya xətlərinin çəkilməsi mümkün olar”.

Elnur Fərzəliyev bildirib ki, çıxarışlı mülk əldə etməyin bir çox üstünlükləri var:

“Çıxarışlar verildikdə vətəndaşların mülkiyyət hüquqları qorunar, dövlətin məruz qaldığı böyük itkilərin qarşısı alına bilər. Bu cür əmlaklar torpaq və əmlak vergisi ödəməli olacaq. Həmçinin, sığortalanır, ipoteka əmlakına çevrilə, banka girov qoya, digər kreditli şərtlərlə satıla və vərəsələr arasında bölünə bilir. Çıxarış olmadıqda isə vətəndaşlar problemlə üzləşir, dövlət isə gəlir götürə biləcəyi bu sahədən məhrum olur”.

Qeyd edək ki, 2023-cü ilin III rübündə mənzil bazarında qiymətlər 2022-ci ilin III rübünə nisbətən 10.1 faiz bahalaşıb. Cari ilin III rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz, təkrar mənzil bazarında isə 10.1 faiz artıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

06.09.2024 18:56
3277