İnsanlar əylənə və dil tapa biləcəkləri ilə dost, ağlaya biləcəkləri ilə qardaş olurlar...
Azərbaycan xalqı qazax xalqını özünə “dost” yox, “qardaş” hesab edir. Xalqların qardaşlığı əsrlərə, qərinələrə söykənir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir.
Qanlı 37-ci ildə şaxtalı Qazaxıstan çöllərinə sürgün olunan günahsız azərbaycanlılara qardaş qazax xalqı həyatlarını riskə ataraq əllərindən gələn köməyi əsirgəməyib. Fürsət tapdıqca soydaşlarımıza isti geyim, qida veriblər. Hazırda həmin sürgünlərdən sağ çıxa bilən təxminən 300 min azərbaycanlının nəsilləri doğma Qazaxıstanda yaşayır.
Qazax xalqı Qurtuluş Savaşında da qardaş Türkiyəni tək qoymayıb, istər könüllü əsgər, istərsə də maddi yardımla öz vəfalarını göstəriblər.
Musavat.com Qazaxıstandan Azərbaycana gəlib dar günümüzdə Qarabağımız üçün canından keçən əziz əsgər Yerbol Barimbetov haqqında maraqlı məlumatları təqdim edir.
Yerbol Turexanoviç Barimbetov 1 iyun 1974-cü ildə Qazaxıstanın Luqovski rayonunun Koraqatı kəndində anadan olub. 1992-ci ildə 18 yaşlı Yerbol ali məktəbə sənəd versə də, qəbul olunmur. Ölkəsi sovet əsarətində olduğuna görə gənc qazax sovet ordusunda xidmətə çağırılır. Qəhrəmanımız xidmətdə olduğu vaxt Qazaxıstan da müstəqillik əldə edir və 1993-cü ildə onun xidmət etdiyi ordu artıq Qazaxıstan orudusu olur. Elə həmin il Yerbol gizirlə münaqişə yaşayır və heç kimə bir kəlmə demədən hərbi hissəni tərk edir. Qazaxıstan onu öncə hərbi hissəni özbaşına tərk etmiş, sonra isə itkin elan edir. Ailəsi isə onun nə cənazəsini, nə də məzarını gördüyünə görə sağ olduğuna inanır. Elə həmin ərəfədə Xəzərin o tayından qardaş harayı Qazaxıstana çatır. Yerbol ailəsinə xəbər vermədən dərhal Bakıya gəlir və könüllü olaraq Azərbaycan ordusuna yazılır. İgid əsgər 20 illik ömrünün 2 ilini Azərbaycana həsr edir və olduqca əhəmiyyətli tapşırıqları yerinə yetirib düşmənə ağır zərbələr vurur.
Həyatda olan döyüş yoldaşları Yerbolun qəhrəmanlıqlarından danışarkən qeyd ediblər ki, səriştəli döyüşçü Azərbaycan ordusunda ən məsuliyyətli vəzifələrdən birini - kəşfiyyatçı qrupun komandiri vəzifəsini icra edib.
Barimbetov öncə Murovdağ və Tərtər-Ağdərə zonasında kəşfiyyat qrupuna rəhbərlik edir. Həmin bölgədə 8 dəfə düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirir.
Onun xidmət etdiyi hərbi hissə ləğv olunduqdan sonra Yerbol yeni yaranan xüsusi təyinatlı əlahiddə batalyona keçirilir.
Artıq igidliyi ilə ad qazanan qazax qardaşımız bu batalyonda da kəşfiyyat qrupunun rəhbəri təyin olunur. Tərtər-Ağdərə bölgəsində hərbi əməliyyatların birində onun batalyonu pusquya düşür və gənc komandir onları pusqudan xilas edərkən ağır yaralanır. Tərtər xəstəxanasına çatdırılır və həyatı xilas olunur. Lakin hələ sağalmayan Yerbol düşmənin mənfur planlarına qarşı öz döyüş yoldaşlarını tək qoymayıb döyüş bölgəsinə qayıdır.
1994-cü ildə düşmən Tərtəri tamamilə ələ keçirmək üçün hücum edir. Yerbolun batalyonu şücaətlə bu hücumu dəf edir. Düşmən məqsədinə çata bilmir. Bu batalyonun xidmətləri Ali Baş Komandan Heydər Əliyevi də qürurlandırır. Aprelin 15-də çıxışı zamanı Yerbolun batalyonunun xidmətlərindən bəhs edir. Cəmi 5 gün sonra - aprelin 20-də qəhrəman Yerbol Barimbetov düşmənin arxa cəbhəsində şəhidliyə ucalır.
Bakımızın qonağı olan şəhidin qardaşı Nurbol Barimbetov o illəri xatırlayarkən bunarı deyib:
“Uzun illər Yerboldan xəbərimiz olmadı. 1993-cü il mayın 7-də o, evə zəng edərək bildirdi ki, ayağından yaralanıb və Xanlar şəhərində hərbi hospitaldadır. Onda anamız sağ idi. Yerbol bərk-bərk tapşırdı ki, anama deyim ki, narahat olmasın. Sonra əlaqəmiz olmadı. Müdafiə Nazirliyinə müraciət etdik, onu tapmaqda kömək istədik, lakin yenə tapa bilmədik. O vaxt indiki kimi sıx əlaqələrimiz yox idi. Günlərin birində hərbi komissarlıqdan zəng gəldi. Bildirdilər ki, Azərbaycanın I Qarabağ müharibəsinin veteranları şəhid Yerbol Barimbetovun qohumlarını axtarırlar...”
Döyüş yoldaşlarının sözlərinə görə, Yerbol qorxmaz döyüşçü olub. Onun xidmət etdiyi hərbi hissənin sayəsində ermənilər Azərbaycanı iki yerə bölmək və kapitulyasiyaya məcbur etmək üçün Kürdəmir yoluna çata bilməyiblər. Yerbolun da daxil olduğu kəşfiyyatçılar qrupu tapşırıqlardan birini yerinə yetirərkən 10 gün arxa cəbhədə qalıb, onun meşə ərazisində hərəkət etmək qabiliyyəti sayəsində qrup tapşırığı yerinə yetirərək öz yoldaşlarının yanına qayıdıb, halbuki yoldaşları onların həlak olduğunu düşünürmüş.
1994-cü ilin 21 aprelində dostları Yerbol Barimbetovu Bakıdakı II Şəhidlər xiyabanında dəfn ediblər.
Onlar bildiriblər ki, 20 yaşlı gəncin Azərbaycanda döyüş yoldaşlarından başqa heç kimi yoxdur. Amma 28 il boyunca şəhidin qohumlarını axtarmağa davam ediblər. 2022-ci ildə, Yerbolun şəhid olduğu gün qardaşı Nurbol Azərbaycana gəlib. II Fəxri xiyabanda qardaşının məzarını ziyarət edib.
Qazaxıstan səfirliyi Xətai rayonu ərazisində yerləşdiyinə görə, Yerbol Törexan oğlu Barimbetova “Şəhid” adı Xətai rayonunda verilib. Onun ailəsi Azərbaycanın “Şəhid ailəsi” sayılır.
Yerbolun qardaşı həyatda olsa da, ana-atası bala yolu gözləyərək dünyadan köçüblər. Nurbol Barimbetov Azərbaycandan gedərkən Yerbolun məzarından torpaq aparıb ata-anasının məzarına səpib. Bu haqda Azərbaycan sevdalısı qazax jurnalist Nəsihə Gumarqızı “Qarabağ uğrunda şəhid olmuş bir qazax balasının hekayəti” yazısında geniş bəhs edir.
Əziz şəhimizin döyüş yoldaşları, ordumuzun zabitləri qəhrəmanın ölümündən sonra onun orden, medalla təltif edilməsi, adının Azərbaycanda məktəbə və ya küçəyə verilməsi xahişilə Azərbaycan Müdafiə Nazirliyinə və digər dövlət idarələrinə müraciət ediblər. Zabitlərin müraciətinə müxtəlif instansiyalarda baxılır.
Şahanə Rəhimli
Musavat.com