Deputat: “Ulu öndər bilirdi ki, azərbaycançılıq ideologiyası kimi böyük ideologiyanın təbliği mətbuatsız mümkün deyil”
Azərbaycan milli mətbuatının yaranmasının149-cu ildönümü dünən qeyd olundu. Əsası 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabinin rəhbərliyi ilə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulan Azərbaycan mətbuatı olduqca böyük inkişaf yolu keçib. Keçən 149 ildə bir sıra problemlərlə üzləşən, həmçinin ağır sınaqlardan çıxan Azərbaycan mətbuatı müasir inkişaf yolundadır. Azərbaycan mətbuatının inkişaf etməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu bildirir ki, Heydər Əliyevin mətbuata yanaşmasının əsasında onun ümumilikdə sözə münasibəti dayanırdı: “Söz onun üçün alternativsiz silah idi. Söz onun üçün enerji daşıyıcısı idi. Söz onun təqdimatında bərpa olunan enerjiyə çevrilirdi. Onun özünə olan kütləvi xalq inamı onun sözünə və məntiqinə olan inamdan qaynaqlanırdı”.
Aydın Hüseynov
Deputat Aydın Hüseynov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” fikirləri jurnalist peşəsinə verilən ən yüksək dəyərdir: “Ulu öndər mətbuatın bir xalqın inkişafında, milli ideologiyasının təşəkkül tapmasında ən böyük silahlardan biri olduğunu deyirdi. Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirib.
Dünya miqyaslı siyasi xadim mətbuatın, informasiyanın insanların vahid məqsədə, milli ideologiyada, milli ruhda yönəldilməsindəki rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı. Heydər Əliyev bilirdi ki, azərbaycançılıq ideologiyası kimi böyük ideologiyanın təbliği mətbuatsız mümkün deyil".
Deputat bildirdi ki, ötən əsrin 70-80-ci illərində - Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində respublika mətbuatı problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi.
Jurnalistikamızın inkişafında əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir: “Müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyən edib. Həmin fərman Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 19 iyun 1998-ci il tarixli “Məlumat azadlığı haqqında”, 7 dekabr 1999-cu il tarixli “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı".
Deputat xatırlatdı ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 2000-ci ildə Ulu öndərin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı: “Qeydiyyat sahəsində əngəllərin aradan qalxması söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etdi. Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi qayğısına da qalırdı. 2001-ci ildə onun sərəncamı ilə qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. 2003-cü il martın 15-də media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu oldu. Ulu öndər Heydər Əliyevin mediaya dəstəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib və etdirilir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib”.
Yazını hazırladı: Etibar SEYİDAĞA