Politoloq: “Onun müəyyən etdiyi xarici siyasət doktrinasının əsas məqsədi yeni müstəqilliyini bərpa etmiş Azərbaycanı dünya ölkələrinə tanıtmaq, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etmək idi”
İyulun 9-da Azərbaycanda diplomatik xidmətin yaradılmasından 104 il keçdi. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyul ayının 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.
1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırılıb. Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaradıb. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud olub.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanınıb. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasətini uğurlu mərhələsinin əsasını qoyub. Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə Azərbaycanın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda Avroatlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Heydər Əliyevin müasir, demokratik və qüdrətli Azərbaycan dövləti quruculuğu prosesində əldə etdiyi nailiyyətlərin əsas səbəblərindən biri də həyata keçirdiyi daxili siyasəti yüksək peşəkarlıq və uğurla xarici siyasətlə tamamlamaq bacarığı idi. Mahir diplomat və siyasət ustası olan Heydər Əliyev gözəl bilirdi ki, dövlətlərin qəbul etdiyi əsas prinsiplər, atdığı çevik və qətiyyətli addımlar, qlobal çağırışlara verdiyi adekvat cavablar onun beynəlxalq arenada oynadığı rolun əhəmiyyətini müəyyən etmiş və şərtləndirmiş olur: “Bu cür siyasi transformasiyalar hələ Sovetlər İttifaqının bir hissəsi olduğu dövrdə də Azərbaycanın gələcəyinə və inkişafına təsirsiz ötüşmürdü. Dünya tarixinin müasir mərhələsi olan XX əsrin sonlarında SSRİ-nin dağıldığı, Balkanlardan Qafqazadək böyük siyasi və iqtisadi böhranların hökm sürdüyü dövrdə Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən çıxış edərək Azərbaycanın yüksək dəqiqliklə işlənib hazırlanmış uğurlu və çevik xarici siyasət kursunun əsasını qoydu. Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət doktrinasının əsas məqsədi yeni müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını dünya ölkələrinə tanıtmaq, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etmək, müxtəlif dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaratmaq, bütün istiqamətlərdə mili maraqları qorumaq və ən əsası pozulmuş ərazi bütövlüyümüzü bərpa etmək idi. Heydər Əliyev Azərbaycanın yaxın və uzaq ölkələrlə dostluq əlaqələrinin qurulmasına, beynəlxalq ictimaiyyətdə dövlətimizin adının, bayrağının tanıdılmasına böyük əhəmiyyət verirdi. Ulu öndər Heydər Əliyevin xarici siyasətində əsas istiqamətlərdən biri də Azərbaycanı dünyanın tanınmış qurumlarına, təşkilatlarına üzv etmək və Azərbaycan mövqeyini dünya arenasında möhkəmlətmək idi. Azərbaycanın BMT-dən sonra üzvü seçildiyi ən böyük beynəlxalq təşkilatlardan biri də ATƏT idi. 1 yanvar 1995-ci ilə qədər bu qurumun adı ATƏM idi, daha sonra dəyişilərək bu təşkilat ATƏT oldu. Bu, Azərbaycanın ilk qəbul olunduğu Avropa təşkilatı idi. Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmə marağını artırır. Aİ öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-də öz daimi nümayəndəliyini 2000-ci ildə açmışdı. Heydər Əliyevin zamanında - 2001-ci ildə Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul edilməsi də tarixi hadisə idi.
1994-cü ilin 3-4 may tarixində Belçikaya rəsmi səfəri zamanı Prezident Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO sülh naminə tərəfdaşlıq proqramının çərçivə sənədini imzalamışdı. Bunula Azərbaycan NATO ilə genişmiqiyaslı əməkdaşlığı nəzərdə tutan sülh naminə tərəfdaşlıq proqramını imzalamış 15-ci dövlət oldu. Diplomatiyamızda bu çox uğurlu gedişlərdən idi.
Heydər Əliyev siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələrdə səfirlikləri açıldı. Xarici dövlətlərin səfirlikləri Azərbaycanda fəaliyyətə başladı".
Ulu öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Regionun lider dövləti olan Azərbaycan dünya miqyasında mövqeyi olan dövlətlərdən biri kimi qəbul edilir.
HAZIRLADI: Etibar SEYİDAĞA