Heybətli molla Heybətulla - O, Kabulu yox, Qəndəharı paytaxt edib, Əfqanıstan isə həminki kimidir

Üç il öncə bu günlər Əfqanıstanda növbəti hakimiyyət dəyişikliyi oldu: üsyançı “Taliban” terror təşkilatı paytaxt Kabula doğru silahlı reyd edərək çox asanlıqla onu ələ keçirdilər və öz hakimiyyətlərini bərqərar etdilər.

Bu, “taliblər”in Əfqanıstanda hakimiyyətə ikinci gəlişiydi. Onların birinci hakimiyyətləri 1996-2001-ci illər arasında olmuşdu. Hərəkatın sponsor və lideri Üsamə bin Ladenin əmri ilə ABŞ-da silsilə terror aktları törədilməsindən sonra ABŞ Əfqanıstana hücum etmiş, “Taliban”ı hakimiyyətdən və paytaxtdan uzaqlaşdırmışdı.

Bundan 20 il sonra isə məhz ABŞ öz əli ilə Əfqanıstanda hakimiyyəti “Taliban”a verdi, öz sərəncamındakı hərbi texnika və silahları terror təşkilatına bağışlayaraq, ölkəni tərk etdi. Bu təhvil-təslim Qətərin paytaxtı Dohada amerikalılarla “taliblər”in arasında aparılmış danışıqların nəticəsində bağlanmış sazişə uyğun həyata keçirildi.

İndi ictimiyyət üçün verilən açıqlamalarda “Taliban” ABŞ-ni “şeytan, kafir, düşmən” adlandırır, ABŞ də “Taliban”ı “qəddar şəriət rejimi” qurmaqda, terrorçuluqda, insan haqlarını pozmaqda ittiham edir. Amma gerçəklik budur ki, bu iki qüvvə müttəfiqdir.

Artıq çoxdan sübut olunub ki, ABŞ hər həftə “Taliban”a 40-80 milyon dollar nağd pul göndərir və “taliblər” bu vəsaitlə iqtisadiyyatı dağılmış, əhalisi səfalət içində yaşayan ölkədə vəziyyətin daha katastrofik olmasının qarşısını alırlar.

İndi “Taliban” liderləri “cihad”larının qələbəsinin üçüncü ildönümünü geniş şəkildə qeyd edirlər. Nazirlər öz şücaətləri barədə hesabatlar verirlər. “Taliban” əmiri Heybətulla Axundzadənin təntənəli mesajı yayılıb.

Ancaq gerçəklik budur ki, ölkə yaman gündədir. “Taliban” diktaturası ölkəni tərəqqi yoluna çıxarmaq iqtidarında deyil. Ölkə əhalisinin dörddə biri, yəni 7 milyon əfqan ölkədən qaçaq düşüb. Bir o qədər insan da başını götürərək, onlara sığınacaq verən istənilən ölkəyə keçmək niyyətindədir. Bunu “taliblər” özləri də etiraf edirlər.

“Taliban” hərəkatının hakimiyyətə qayıtmasının ABŞ-nin layihəsi olduğunu sübut edən çox fakt var. Biri də odur ki, vaxtilə “Taliban”ın başına pul kəsdiyi, “Amerikanın uşağı” adlandırdığı eks-prezident Həmid Kərzay hələ də Əfqanıstanda asudə yaşayır və nəinki təqib olunur, hətta hökumətə məsləhətlər də verir.
Bundan başqa, son üç ildə “Taliban” hərəkatının fəalları tərəfindən Əfqanıstan ərazisində Rusiya, Çin, Pakistan və İran vətəndaşlarına qarşı terror aktları həyata keçirilib, Əfqanıstanla qonşu olan demək olar ki, bütün dövlətlərin sərhədyanı əraziləri atəşə tutulub. Ancaq Amerika vətəndaşlarına qarşı bir hücum olmayıb (bu gün Əfqanıstan şəhərlərində bir çox amerikalı var), "əmirlik" xaricində də Amerika missiyalarına qarşı heç bir terror hücumu hazırlanmayıb.

Lakin ABŞ-dən alınan maddi dəstək Əfqanıstanın daxilində sosial-iqtisadi problemləri həll etmir. Ölkədə millətlər, dini konfessiyalar, hətta qəbilələr arasında ziddiyyətlər güclənir. 20 milyondan çox əfqan qadını əsas hüquqlardan məhrumdur. “Taliban”ın öz daxilində sürünən parçalanma prosesi gedir, narkotik sənayesi, qaçaqmalçılıq və korrupsiya axınından əldə edilən gəlirlərə nəzarət uğrunda mübarizə aparan hökumətdaxili fraksiyaların münaqişələri şiddətlənir. Yeni “Taliban” aristokratiyası arasında əmlak təbəqələşməsi getdikcə artır. Əfqan iş adamları respublika dövrünün korrupsiya səviyyəsini ancaq xəyal edirlər: “Taliban” dövründə müxtəlif qəsblər xeyli artıb və artmaqda davam edir, milli sahibkarlığın inkişafına maraq ölüb.

Bilgili adamların verdiyi məlumata görə, hakimiyyət daxilində Haqqani-Axundzadə qarşıdurması mövcuddur. “Taliban”ın yaratdığı idarəçilik sistemində dominant Axundzadə klanıdır. Digər klanların özlərində də müxtəlif fraksiyalar və kiçik qruplar var. Bütün bu qruplar gücə, maddi resurslara və gəlirli vəzifələrə imtiyazlı çıxış əldə etməyə çalışırlar.

“Taliban” üçün ən mühüm problem “əbədi” puştundaxili mübahisə, ölkədə hökmranlıq uğrunda bir-biri ilə rəqabət aparan durrani klanı ilə gilzayi klanının arasındakı münaqişədir. Bu mübarizənin uzun tarixi var. Məsələn, 1978-ci il aprel inqilabında gilzayi klanı gurrani qəbiləsindən olan padşahı devirərək dövlət çevrilişi edib. 1980-ci illərin cihadı zamanı durranilərdən heç biri mücahidlər hərəkatının lideri olmayıb. Bu iş yalnız gilzayilər baxıb.

Həmin klanlararası münaqişə bu gün də davam edir.

haybat.jpg (22 KB)

Əfqanşünasların iddiasına görə, bu gün Kabil artıq Əfqanıstanın paytaxtı deyil. Əsl paytaxt Qəndəhardır və Əfqanıstanın taleyi orada həll olunur. Ölkənin heybətli baş mollası Heybətulla Axundzadə əhalisinin əksəriyyətinin puştun olmayan Kabildə yaşamaqdan qorxur, hesab edir ki, o, Kabildə olsa, orada ona qarşı hərəkətlənmələr, etirazlar olar. Buna görə də, “Taliban” əmiri Kabildən 500 km aralıda, Qəndəharda oturur.

Bir sözlə, “Taliban”ın ikinci dəfə Əfqanıstanda hakimiyyət əldə etməsi əfqan xalqına xoşbəxtlik, firavanlıq, təhlükəsizlik gətirməyib və mollaların diktaturasının sonu görünmür. Hazırda həm əfqanlar arasında, həm region ölkələrində, həm də Qərbdə bəzi qruplar düşünür ki, zamanla “Taliban” hərəkatı nüfuzunu itirəcək, xalqın nifrətini qazanacaq, ondan sonra Əfqanıstan xalqı rejimə ciddi müqavimətə başlayacaq. Hətta “Taliban”ın daxilində hansısa “mötədil taliblər”in olduğuna inananlar da var. Ancaq bunlar havayı söhbətlərdir. “Taliban” kimi terrorçu, qəddar rejimlər hakimiyyəti əldə etdilərsə, onlar yalnız özlərindən qat-qat güclü xarici qüvvənin təsiri ilə onu itirə bilərlər, başqa cür heç kəsin onlara gücü çatmaz.

Araz Altaylı, Musavat.com

 

19.08.2024 11:01
1642