Həyat yoldaşını döyməkdə ittiham olunan həkim sertifikatsız fəaliyyət göstərirmiş

Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Əsədli İbrahim Novruz oğlunun sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib:

""Əhalinin sağlamlığının qorunması haqqında" və "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün bu kimi hallar aşkar olunduqda vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət edə bilərlər. Həmçinin, mediada işıqlandırılan məlumatlarda insan həyatı və sağlamlığına təhlükə yaradan faktlar əsasında Analitik Ekspertiza Mərkəzi araşdırmalar apara bilər", - deyə nazirliyin cavabında qeyd olunub.

Xatırladaq ki, Aynur Əsədli həyat yoldaşı İbrahim Əsədlinin ona qarşı şiddət göstərdiyinə görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət etmişdi. İş üzrə ekspertiza təyin edilmişdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq hazırda qeyd edilən hadisə ilə bağlı 25-ci Polis Şöbəsinə araşdırılmaların davam etdirildiyi bildirilib.

28.02.2024 15:43
914