Həsən Nəsrullah: Hizbullahın 32 illik xarizmatik liderinin ölümü təşkilata necə təsir edəcək?

Dünən gecə İsrail ordusunun Livanın paytaxtı Beyrut şəhərinin cənub məhəllələrini bombalaması nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın öldüyü xəbəri yayılıb. İsrail mediasının yazdığına görə, hərbi aviasiya Beyrutun əsasən şiələr yaşayan, Hizbullahın nəzarətində olan Dahiyə rayonunda çoxmərtəbəli yaşayış binaları və yeraltı sığınacağı bombalaması nəticəsində bir çox Hizbullah komandiri, o cümlədən, təşkilatın icraiyyə şurasının sədri Seyid Haşim Səfiəddin, cənub komandiri Əli Kərəki, eləcə də Sepahın Livandakı qüvvələrinin komandiri ölüb. Bundan əvvəl Sepahın Qüds qüvvələrinin komandiri general İsmayıl Qaaninin öldürülməsi xəbəri yayılsa da, sonradan bu xəbər təsdiqlənmədi.

Hazırda Livan-İsrail sərhədində ağır bombardmanların davam etdiyini nəzərə alsaq, məlumat “bulanıqlığı” normaldır. Livan, o cümlədən Hizbullah və İran mediası Həsən Nəsrullahın ölümü ehtimalını ehtiyatla verir. İsrail və Qərb mediası isə daha çox İsrail ordusunun məlumatlarına əsaslanaraq Hizbullah liderinin Beyrutda yeraltı sığınacağın vurulması nəticəsində öldüyünü yazır.

MESRİ SON .png (644 KB)

Hələlik Həsən Nəsrullahın taleyi ilə bağlı dəqiq məlumat olmadığı üçün yayılan xəbərlərdən çıxış edərək Hizbullah liderinin taleyi haqda ehtimallar irəli sürə bilərik. Əvvəlcə, xəbərin doğruluğu ehtimalı haqqında. İsrail ordusunun son bombardmanı Beyrutun Dahiyə rayonunda bir neçə çoxmərtəbəli binanın dağıdılması ilə nəticələnib. Hizbullah və Sepah komandirlərinin bu binalarda olduğu, sonrakı xəbərlərdə isə binada deyil, binanın altında yeraltı bunkerdə olduğu zamanı vurulduğu xəbəri yayılıb. Son peycer və simsiz rabitə qurğularında olan partlayış göstərdi ki, İsrailin Hizbullah içərisində güclü casus bağlantıları olub və bunun vasitəsilə təşkilatın rəhbərliyinin toplantı yerini müəyyən edib vura biliblər.

Ancaq son 5 gündür Beyrutda, eləcə də Livanın cənubunda və şərqində şiddətli bombardmanların davam etdiyi bir vaxtda Hizbullahın lider heyətinin bir bunkerə yığılıb iclas keçirməsi inandırıcı görünmür. Xüsusən də Həsən Nəsrullahın son 20 ildə tamamilə gizli fəaliyyət göstərdiyi, hətta təşkilatın üzvlərinin belə əksər hissəsinin onun yaşadığı yeri bilmədiyi, toplantılara isə bir qayda olaraq canlı bağlantı ilə qoşulduğu bilinir. Bu mənada Nəsrullahın indiki ağır bombardman və döyüşlərin davam etdiyi bir vaxtda ümumi toplantı keçirməsi ehtimalı azdır.

LİVANO.jpg (102 KB)

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, son günlərin hadisələrindən çıxış etsək, İsrailin Hizbullahın içərisinə nüfuz etdiyini nəzərə alsaq, Nəsrullahın vurulması ehtimalı da yüksəkdir. Hər halda, çox güman ki, yaxın saatlarda bu mövzu açıqlığa qovuşar.

1960-cı il təvəllüdlü Seyid Həsən Nəsrullah Livanın cənubunda şiələr yaşayan bölgədə doğulub. Gənc yaşlarında siyasi fəaliyyətə qoşulub, Əmal Hərəkatının üzvü olub, vətəndaş müharibəsi illərində 1982-ci ildə yaranan Hizbullaha qoşulub. 1980-ci illərdə Nəcəfdə və İranda dini təhsil alıb, İran İslam inqilabının dəstəkçisi olub. 1992-ci ildə Hizbullahın baş katibi seçilib. Xarizmatik liderə çevrilib, 1997-ci ildə oğlu İsrail ordusu ilə döyüşlərdə öldükdən sonra nüfuzu artıb. Onun rəhbərliyi altında Hizbullah 2000-ci ildə İsrail qüvvələrini Cənubi Livandan çıxamağa nail olub, 2006-cı ildə isə İsrailin Livana hücumuna kəskin müqavimət göstərib və İsrail ordusuna ağır zərbə vurub. Son illərdə onun adı dünyada Hizbullahın simvoluna çevrilib.

Bütün bunlara görə Nəsrullahın ölümü təsdiqlənərsə, bu, Hizbullah və ümumilikdə İsrailə qarşı vuruşan qüvvələr üçün ciddi mənəvi-psixoloji zərbə olacaq. İndiki mərhələdə İsrailin böyük ölçüdə uğur qazanması ilə nəticələnəcək.

Lakin uzun perspektiv üçün bunu demək olmaz. HƏMAS kimi Hizbullah da lider üzərində formalaşmış təşkilat deyil, ideoloji qruplardır.

HİZBULLAH.jpg (87 KB)

Həsən Nəsrullah Hizbullahın sayca 3-cü baş katibidir. Bu mənada onun ölümü Hizbullahı indiki mərhələdə zəiflədə, təşkilat daxilində koordinasiyanı poza və lider heyətində boşluq yarada bilər. Bu da İsrailə indiki mərhələdə üstünlük qazanmağa kömək edə bilər. Ancaq uzunmüddətli mərhələdə Hizbullahın yenidən özünə gələrək, qüvvə toplaya biləcəyini söyləmək mümkündür. Çünki möhkəm ideoloji bazaya sahibdir, üstəlik, xarici – İran – dəstəyi də var. Bu mənada təşkilatın yenidən toparlanması zaman alsa da, mümkündür.

Başqa sözlə, Nəsrullahın ölümü müharibənin indiki mərhələsi üçün İsrailin uğurlu əməliyyatıdır, lakin bu zərbənin Hizbullahın tamamilə yox edilməsinə səbəbə olacağını gözləmək doğru olmaz.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

28.09.2024 15:11
2188