Həsən bəy Zərdabi mükafatı və AJB-nin üzvlük vəsiqəsi Elşad Paşasoya təqdim olundu

Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuatın 149-cu ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimatını edib.

Musavat.com bildirir ki, 2024-cü ildə mükafata 6 media nümayəndəsi layiq görülüb. Beləliklə, Müsəllim Həsənov (İctimai Televiziya) “XX yüzillik, faktlar, hadisələr, insanlar” televiziya layihəsinə, Zöhrə Əliyeva (“Mədəniyyət\Culture” jurnalı”) çağdaş mədəniyyətimizə həsr edilən müəllif yazılarına, Nadir Məmmədli (AMEA Nəsimi adına Dilçilik İnstitutu) mətbuatda ana dlinin problemləri ilə bağlı aktual yazı və çıxışlarına görə, “Mətbuatda ölkənin ictimai-siyasi həyatının mühüm aspektlərini işıqlandıran yazılarına görə” “Yeni Müsavat” Media Qrupun əməkdaşı Elşad Paşasoy, regionda aparılan böyük quruculuq işlərindən bəhs edilən məqalələrinə görə AJB Şərqi Zəngəzur təşkilatının sədri Qafqaz Əvəzoğlu, “On yeddi illik mücadilə. Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)” və “Erməni terroru və Qriqoriyan kilsəsi” kitablarının müəllifi, “Xalq qəzeti” nin əməkdaşı, “1875.az” xəbər portalının baş redaktoru Anar Turan mükafatlandırılıblar.

Mükafatları AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, “Yeni Nəsil” Jurnalistlər Birliyinin və “PressKlub”un rəhbəri Arif Əliyev, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı sahiblərinə təqdim ediblər. E.Şıxlı, Q.Məhərrəmli, A.Əliyev, Y.Məmmədli çıxışlarında qalibləri təbrik ediblər, mətbuatımızın bu günü, sabahı ilə bağlı dəyərli fikirlərini söyləyiblər.

Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür ediblər. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən vacib mükafatlardan biridir. “Yeni Müsavat”ın əməkdaşı Elşad Paşasoy böyük Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin cəmi 56 sayının nəşr olunduğunu xatırladaraq bildirib ki, milli mətbuatımızın yaranmasında, təşəkkül tapmasında misilsiz izləri olmuş bu qəzet bir az da Azərbaycan Xalq Cümhuriyyətin taleyini yaşayıb, Cümhuriyyətimizdən təqribən 3 ay çox ömrü olub. Amma eyni zamanda cümhuriyyətçilərin yetişməsi üçün baza rolunu oynayıb. E.Paşasoy 2025-ci ildə Milli Mətbuatımızın yaranmasının yubiley – 150 illik yubileyinin qeyd olunacağını xatırladaraq bəzi təkliflərlə çıxış edib və səslənən fikirlər təqdirlə qarşılanıb. Zöhrə Əliyeva, Qafqaz Əvəzoglu və digər mükafatçılar da ürək sözlərini bölüşüblər.

Xatırladaq ki, “Zərdabi” mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Onu da əlavə edək ki, mükafatlandırma mərasimində Azərbaycan Jurnalistlər Birliyinin yeni üzvlərinə də vəsiqələr təqdim olunub. Əməkdaşımız Elşad Paşasoya AJB-nin üzvlük vəsiqəsini qurumun sədri Elçin Şıxlı təqdim edib, uğurlar arzulayıb.

Musavat.com

19.07.2024 15:30
955