Hərənin əvvəlki “ideoloji orbit”inə qayıtmasının vaxtı deyilmi?..

Bu ayın, bəli, noyabrın 28-də Astanada KTMT-nin növbəti sammiti keçiriləcək. Qeyd edək ki, bu təşkilatın toplantıları bir qayda olaraq, elə bir diqqət çəkmir, amma Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən bu praktika bir az pozulub, hər dəfə söyləniləndə ki, bəs filan tarixdə filan yerdə KTMT-nin tədbiri olacaqdır, dərhal sual yaranır ki, görəsən, ermənilər, onların baş naziri Paşinyan orada iştirak edəcəkmi? 

Odur ki, indi də eyni mənzərə hökm sürür, hamı olmasa da, MDB məkanındakı prosesləri izləyən siyasi təhlilçilər və bir də, əlbəttə ki, KTMT-nin hərbi-siyasi məmurları bu sual üzərində düşünürlər... 

Nikol Paşinyan hakimiyyətə gələndən “rus NATO-su”nu, necə deyər, iqnorə edir, amma bu günə qədər bunun əsl motivləri bəlli deyil - bəli, bilmək olmur, ermənilər bunu İkinci Qarabağ savaşı zamanı KTMT-dən onlara kömək etmədiyi üçün “incidiklərindən” edirlər, yoxsa Ermənistanın indiki rəhbəri Nikol Paşinyanın ardıcıl ciddi geosiyasi məramları var və o, Rusiyanın hərbi-siyasi orbitindən birdəfəlik və özü də sistemli şəkildə uzaqlaşmaq, Moskva ilə yalnız və yalnız sırf iqtisadi əlaqələr saxlamaq kursu götürübdür?

Hər halda, növbəti Astana sammiti bu xüsusda daha bir test olacaq Ermənistan üçün, baxmayaraq ki, bu tezliklə bütün kartlar açıla bilməz, xüsusən də nəzərə alanda ki, Donald Tramp ABŞ-da prezident seçiləndən sonra dünyada yenə də ən azı müvəqqəti qeyri-müəyyənlik yaranıbdır. Bir daha deyək ki, belə hesab olunur ki, guya Tramp Rusiyanın geosiyasi ambisiyalarına daha çox meydan və ya sərbəstlik verəcək, Gürcüstanı və Moldovanı, hətta Ukraynanı, eləcə də indi Qərbə doğru özünün ilk, bir az da qeyri-ardıcıl, ziddiyyətli addımlarını atan, ABŞ-da erməni diasporası kimi güclü dayağı olan Ermənistanı da yarı yolda qoyacaqdır!..

Odur ki, Paşinyan bu vaxta qədər proqnozlaşdırılmayan addımlar da ata bilər. Co Baydenin hakimiyyəti dövründə o, Rusiya sərhədçilərin Zvartnots hava limanından çıxardı. Deyilənə görə, hazırda Ermənisatnın müdafiə nazirliyində Pentaqonun nümayəndələri əyləşiblər. Bundan başqa, İrəvana hərbi təyinatlı bir neçə qrant ayırılıbdır, düzdür, onlar elə də böyük deyil, amma bütün hallarda, hərbi-maliyyə dəstəyi sayıla bilər. 

İndi bu ölkənin ərazisində Avropanın da müəyyən yarım-hərbi kontingenti var və onların sayı getdikcə artır. Üstəgəl, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də postundan getmək ərəfəsində böyük bir ermənipərəst məqalə ilə çıxış etdi, hərçənd biz elə gəlir ki, bu, onun “qu nəğməsi”di və ermənilərdən çox onun özünə lazım idi, çünki bu adama da siyasi karyerasını davam etdirmək üçün beynəlxalq erməni mərkəzlərinin dəstəyi lazım idi. Qərəz, bütün hallarda, bu bir neçə ildə Qərb dairələri də, Paşinyan da Ermənistanın Qərbə tərəf ciddi hərbi-siyasi dreyf etməsi üçün nələrsə ediblər. Amma indi bütün bunların davamlı olub-olmayacağı sualı yaranıbdı, çünki hakimiyyətə ABŞ-ın bu vaxta qədərki qlobal hərbi-siyasi siyasətinə ən azı kritik yanaşan Tramp cənabları hakimiyyətə gəlibdir...          

Biz bu haqda artıq çox və ətraflı yazmışıq, ona görə də təkrara ehtiyac yoxdur, sadəcə, bir az gözləmək lazım gələcək, yanvardan başlayaraq Tramp cənablarının da “kart”ları açılmağa başlayacaq və onda hər şey aydın olacaqdır. 

Hazırda isə bütün Cənubi Qafqaz qazan kimi qaynamqda davam edir, Ermənistan bir tərəfə, qonşu Gürcüstan da narahatlıq içindədir. 

Əvvəlcədən gözlənildiyi kimi, sonuncu parlament seçkiləri Tiflisə barışıq və dayanıqlılıq yox, əksinə, ciddi siyasi qarşıdurma gətirdi. Ötən həftənin sonunda gürcü MSK-sı seçkilərin yekun nəticəsini açıqladı, amma onun nümayəndəsinin üstünə qara boya atıldı. O ki qaldı etiraz və mitinqlərə, onlar da davam edir və biz hələ balaca Abxaziyanı demirik, qoy, bir-iki gün keçsin, görək, oraları qaynadan kimlərdir?..

Əlbəttə, biz istərdik ki, Ermənistanın Rusiyanın hərbi-siyasi təsir dairəsindən uzaqlaşması və Qərbə yönəlməsi ardıcıl və davamlı olsun, ona görə də Bakı ilə İrəvan arasında əsl sülhün əldə olunmasında, münasibətlərin həqiqətən normallaşmasında maraqlıyıq, çünki nə qədər ki, bu olmayıbdir, biz də, ermənilər də Moskvanın geosiyasi ilgəyindən asılı qalacağıq. Bir daha deyirik ki, indi çox deyirlər ki, bəs Qərb Ermənistanı silahlandırır və s. və i. Mən bunlara qəti inanmıram, həm də düşünmürəm ki, Qərb Ermənistanı nə vaxtsa Türkiyəyə, hətta Azərbaycana qarşı qaldıra bilər! Yox, bu, heç vaxt olmayacaq,- əlbəttə, Bakı da, elə qardaş Ankara da Qərblə normal münasibətlər saxlamaqda davam etsə, özlərini onlara qarşı qoymasa! 

Biz real, əsl təhlükəni yenə də Şimaldan - Rusiyadan görürük, çünki onlar yenə də Cənubi Qafqazı bütünlüklə nəzarətə götürməyə cəhd edə bilərlər. Həm də keçmiş Dağlıq Qarabağ probleminin həll olunması üçün biz hamımız Azərbaycanla Rusiya arasında müvəqqəti “geosiyasi ticarət”ə də hazır idik. 

Xoşbəxtlikdən bu müstəvidə hələ ki hər hansı bir narahatlıq doğura bilən addım atılmayıb. Bəli, biz KTMT üzvü deyilik, hətta Avrasiya İttifaqı ilə bağlı da hər hansı bir ciddi planlarımız yoxdur. BRİKS-ə gəldikdə isə, bu, elə də qorxulu deyil, ən azı ona görə ki, orada qardaş Türkiyə də iştirak edir!.. 

Amma daha müəyyən bir dövrə qədəm qoyulmasının çox intizarındayıq, çünki Kremllə geosiyasi oyunların - "manevr"lərin bir gün tamam başqa nəticələri də ola bilər, xüsusən də bu yaxın dörd il ərzində...

Sonda bir detalı da qeyd edək. Nə qədər ki, bizim Qarabağ kimi problemimiz vardı, jurnalistlərin belə əsas diqqəti ilk növbədə milli-patriotik dəyərlərin, hətta bəzən insanlarda millətçi ovqatın və hisslərin gücləndirilməsinə yönəlmişdi. İmkan daxilində bu sətirlərin müəllifi də bunu edirdi, halbuki bəndəniz həmişə fanatik “qərbçi” və hətta liberal-qlobalist olubdur. 

Amma indi, Qarabağ problemi həll olunandan, xüsusən də yaxın gələcəkdə İrəvanla etibarlı sülh bərqərar olunandan (hər halda, ümid edirik!) və nəhayət, Rusiyanın geosiyasi ambisiyaları neytrallaşdırılandan sonra hamımız, o cümlədən də jurnalistlər, hər birimiz əvvəlki “ideoloji orbit”imizə qayıda bilərik, çünki bəlkə də oxucu razılaşmayacaq, amma mən həmişə hesab etmişəm ki, Şərq, xüsusən də müsəlman ziyalısının mənəvi seçimi ardıcıl “qərbçi” olmaq, Vətənini həqiqətən də azad etmək üçün Qərbin demokratik dəyərlərini təbliğ-təşviq etməkdir, xüsusən də nəzərə alanda ki, bizdə də bunun böyük Mirzə Fətəli kimi nümunəsi var! Həm də ona görə ki, hələ böyük Hegel yazırdı ki, təəssüf, Şərqdə əsl azadlıq heç vaxt olmayıb...

19.11.2024 10:23
590