Müharibədən sonrakı dövrdə, 1947-ci ildə onun müdafiə naziri (SSRİ silahlı qüvvələr naziri) vəzifəsinə təyinatını hərbi elita böyük narazılıqla qarşılayıb. Bir gün də olsun hərbi xidmətdə olmayan Nikolay Bulqaninin marşal rütbəsi almasını müharibə sərkərdələri - Georgi Jukov, Konstantin Rokossovski, İvan Konyev, Aleksandr Vasilevski və digər yüksək çinli hərbçilər rahatlıqla qəbul edə bilməyiblər. Təyinatın təşəbbüskarı İosif Stalin olduğundan general və marşallar açıq şəkildə öz etirazlarını bildirməkdən çəkiniblər. Yalnız Georgi Jukov Bulqaninə münasibətini gizlətməyib. Belə ki, Bulqanin xidməti məsələ ilə bağlı Jukova zəng edərkən özünü marşal kimi təqdim edib. Bu təqdimata Jukov qısa cavab verib:
- Mən belə marşal tanımıram...
Maraqlıdır, hansı səbəbdən Stalin müdafiə naziri postunda məhz Bulqanini görmək istəyib?
Məlum olduğu kimi, Stalin marşal və generallara qarşı həmişə sərt münasibət sərgiləyib. Müharibədən sonrakı illərdə isə böyük nüfuza sahib olan hərbi vəzifəlilər sovet liderini ciddi şəkildə narahat edib. Stalin bu narahatlığı aradan qaldırmaq üçün tanınmış sərkərdələri mərkəzdən uzaqlaşdırmağa çalışıb. Jukov Odessaya göndərilib, Rokossovski xidmətini Polşada davam etdirib və s.
Bulqanin Stalin üçün ən sərfəli kadrlardan biri sayılıb. Təşəbbüskarlıqdan uzaq, hakimiyyətə heç bir iddiası olmayan Bulqanin Kremlin işlərinə heç vaxt müdaxilə etməyib. “Sözəbaxan” məmur kimi tanınan Bulqanin məhz mütiliyinə görə Kremldə öz mövqelərini qorumağa bacarıb və o, Stalinin ən yaxın silahdaşlarından birinə çevrilib.
Əslində Bulqanin Nikita Xruşovun kadrı olub. Xruşov Moskva şəhər Partiya Komitəsinin birinci katibi işləyəndə Bulqanin Moskva şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. Elə həmin illərdə də Xruşov onun gələcək vəzifə karyerasında mühüm rol oynayıb.
Bulqaninin vəzifə karyerasında ən maraqlı məqamlardan biri onun tam fərqli sahələrə rəhbərlik etməsi olub. Belə ki, 1937-1938-ci illərdə Rusiya Xalq Komissarları Sovetinə rəhbərlik edən Bulqanin 1938-ci ilin oktyabr ayında SSRİ Dövlət Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb. 1947-ci ildə isə ona müdafiə naziri vəzifəsi həvalə edilib.
Stalinin vəfatından sonra Bulqanin ən qısa müddətdə Xruşovla keçmiş münasibətlərini tam bərpa etməyə nail olub.
Xruşovun yeni formalaşdırdığı hökumətdə o, yenidən müdafiə naziri vəzifəsinə təyin edilib. Daha yüksək kürsüyə sahib olmaq üçün Bulqanin Xruşovun qarşısında sonsuz sədaqət nümayiş etdirib. Onun hakimiyyəti tam əlinə keçirməsi üçün Bulqanin SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkovun siyasi səhnədən uzaqlaşdırılmasında xüsusi canfəşanlıq edib. Xruşov Bulqaninin “fəal”lığını yüksək qiymətləndirib, onu ölkənin baş naziri kürsüsünə əyləşdirib.
1957-ci ildə Bulqaninin siyasi fəaliyyətində ciddi problemlər yaranıb. “Antipartiya qrupu” (Molotov, Kaqanoviç, Malenkov) Xruşovu hakimiyyətdən devirmək istəyəndə Bulqanin də onları dəstəkləyib. Hakimiyyət çevrilişi təhlükəsi sovuşanda Xruşov Bulqanindən qisasını çox da sonraya saxlamayıb. Bulqanin təkcə vəzifəsindən deyil, həm də Moskvadan kənarlaşdırılıb. Xruşov onu Stavropol Xalq Təsərrüfatı Sovetinin sədri təyin edib. Qisas bununla da bitməyib. Sovet lideri Bulqanini marşal rütbəsindən də məhrum edib.
Sözsüz ki, Bulqanin üçün bu təyinat təxminən sürgün cəzasına bərabər olub və o, bu vəzifədə uzun müddət işləyə bilməyib. 1960-cı ildə Bulqanin Xruşova zəng edərək onun qəbuluna düşməyi xahiş edib. Xruşov xahişi rədd edib. Onların telefon danışığı qısa və konkret olub:
- Nikita Sergeyeviç, xahiş edirəm vaxt ayırıb məni qəbul edəsiniz.
- Əgər qəbula gəlməyiniz Moskvada yeni təyinat arzusu ilə bağlıdırsa, gəlməyinizə ehtiyac yoxdur. Sizə açıq bildirirəm ki, Moskvada sizə heç bir vəzifə verilməyəcək.
- Onda məni bütün vəzifələrimdən azad edin.
- Böyük məmnuniyyətlə, ərizənizi poçt vasitəsilə göndərin.
Beləliklə, Bulqanin 1960-cı ildə bütün vəzifələrindən azad edilib.
Müxtəlif illərdə SSRİ-də yüksək vəzifələr tutan Bulqanin siyasi elitada heç vaxt ciddi fiqur kimi qəbul edilməyib. Müasirlərinin qənaətinə görə o, ayrı-ayrı qurumlara rəhbərlik edəndə sərbəst qərar çıxarmaq gücündə olmayıb. Ən adi məsələləri belə o, Kremllə razılaşdırmağı mütləq sayıb.
Vyaçeslav Molotov öz xatirələrində Bulqanin haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:
“Bulqanin icraçı məmur idi. O, Mərkəzi Komitənin, Nazirlər Sovetinin iclaslarında bir dəfə də olsun təkliflə çıxış etməyib. Bir faktı xatırlatmaq istəyirəm. Dövlət Bankında ştatların sayı eyni qalmaqla struktur dəyişikliyi ediləndə dörd xadimənin işi ixtisara düşmüşdü. O, bununla bağlı Stalinə məruzə etdi. Mən həmin vaxt Stalinin kabinetində idim. Çox nadir hallarda gülən Stalin Bulqaninə qulaq asdıqdan sonra az qala qəhqəhə çəkdi:
- Kolya, indi nə təklif edirsən? Mən həmin xadimələri işlə təmin etməliyəm. Axı heç bu sənin də vəzifən deyil. Kadrlar idarəsi var, qoy bu işlərlə onlar məşğul olsunlar.
Bulqaninin içində həmişə birincilərin xofu olub. Vəzifəsini itirmək onun üçün ölümə bərabər bir iş sayılıb...”
Bulqanin bu qorxu, bu xofla uzun illər öz kürsüsünü saxlaya bilib. Bəlkə də o, bir az cəsarət sahibi olsaydı, Brejnevin hakimiyyəti illərində də hansısa bir vəzifəyə sahib ola bilərdi.
Qeyd edək ki, sabiq baş nazir 1975-ci ildə, 79 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com