Hərbi Hava Qüvvələrinin yeni komandanı kim olacaq - iki şanslı..

General-leytenant Ramiz Tahirovun yerinə Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə və ya “Qarabağ” ordenli polkovnik Elşad Pənahov gətirilə bilər - hərbi mütəxəssis Ramaldanov deyir ki...

Ötən həftə Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov yaş həddi ilə əlaqədar xidmətdən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev müdafiə nazirinin müavinin hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması barədə sərəncam imzalayıb. 

“Yeni Müsavat” qeyd edir ki, Ramiz Tahirov 2014-cü ildə Prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub. Ramiz Tahirov 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə Dövlət İdarəçilik Akademiyasını və 2023-cü ildə isə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu fərqlənmə ilə bitirib. 2002-2013-cü illərdə Prezidentin müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib. General Tahirov Azərbaycanın ən səriştəli hərbi mütəxəssislərindən biri hesab olunurdu. 

Bayraktar Azərbaycan əsgərlərinə sertifikatlar verdi — Foto

Elşad Pənahov

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri strukturuna hava hücumundan müdafiə qüvvələri də daxildir. Azərbaycan regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. 2012-ci ilin məlumatına görə, 8.000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. HHQ-nin arsenalında “Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı  "MiQ-21", "MiQ-29", "Su-24", "Su-25", "İl-76", "An-24", "An-12", "Tu-134A", "Tu-16", "Mi-2", "Mi-8", "Mi-24", "Mi-35M" markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var. 2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş "MiQ-29M" döyüş təyyarəsi, həmçinin "Mi-24"  helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin "MiQ-29" və "Su-25" döyüş təyyarələri Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təchiz edilib. 

2017-ci ildən etibarən, Pakistan Azərbaycana təlim məqsədilə Super “Mushshlak” təyyarələrini təhvil verməyə başlayıb. 2020-ci ilin iyununda isə Türkiyədən yeni "Bayraktar-TB-2"  alıb. 

General-mayor İslamzadə Namiq | Banker.az

Namiq İslamzadə

Bəs Hərbi Hava Qüvvələrinin yeni komanda kim ola bilər? Ehtimallardan biri Hərbi Hava Qüvvələrinin komandanın müavini polkovnik Elşad Pənahovdur. Elşad Pənahov 2020-ci ilin dekabrında Prezidentin sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib. Hərbi Hava Qüvvələri komandirinin daha bir müavini, general-mayor Namiq İslamzadədir. 

Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdənin Yeni Daşkənd kəndində anadan olub. 1981-1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olunub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Ali Hərbi Təyyarəçilik Məktəbinin təyyarəçi ixtisasını bitirib. 2019-2021-ci illərdə Hərbi Hava Qüvvələrinin komandanın aviasiya üzrə müavini -2021-ci ilin sentyabr ayında isə Hərbi Hava Qüvvələri Komandanının müavini - Hava Döyüş komandiri vəzifəsinə təyin olunub. 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib. 2020-ci ilin dekabrında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 

Hərbi Hava Qüvvələrinin Komandanlığının rəisi isə polkovnik Elçin Ahunovdur. 

Qeyd edək ki, iki gün əvvəl müdafiə nazirinə yeni müavin - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. Müşfiq Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. İdarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. 

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də “AÇIR  SANDIĞI, TÖKÜR PAMBIĞI”

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, komandanlar daimi deyil: “Bütün vəzifəli şəxslər təqaüdə göndərilə və ya xidmət yerini dəyişə bilər. Ona görə daimi heç nə yoxdur. Təqaüdə göndərilən komandanın da xidmətləri olub və Vətən müharibəsində Hərbi Hava Qüvvələrimiz öz döyüş gücünü nümayiş etdiriblər. Eyni zamanda HHQ-nin general-mayoru Namiq İslamzadə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunub. Ümumiyyətlə, Hərbi Hava Qüvvələrinin inkişafı daim prezidentin diqqətindədir. Bizim Pakistanla olan  təyyarələrin alınması üzrə müqavilələrimiz var. Pakistanın təlim təyyarələri 44 günlük müharibəyə qədər artıq alınmışdı. Yəni Hərbi Hava Qüvvələrinin inkişafı üçün həmişə böyük işlər görülüb". Polkovnik bu gün hava hücumundan müdafiə sistemlərinin təzələndiyini, Vətən müharibəsinə qədər Belarusla müqavilələr imzalandığını da yada salıb: “Belarus mütəxəssisləri xeyli işlər görüblər. Bizim ali məktəblərdə hərbi hava qüvvələri üçün kadrlar hazırlanır və onların peşəkarlığının artırılması istiqmaətində müasir trenajorlar mövcuddur. Həmçinin onlar daim uçuşlar həyata keçirirlər, pilotlarımız qardaş Türkiyədən olan həmkarları ilə birgə təlimlərdə iştirak edirlər. O baxımdan deyərdim ki, HHQ mütəxəssislərimiz yüksək peşəkarlığı ilə seçilir. Hazırda pilotsuz uçuş aparatları da istehsal olunur və müdafiə sənayesində bununla bağlı işlər görülür, bu sahədə kadrlar yetişdirilir. Bizim bu məsələdə İsrail və Türkiyə ilə sıx əməkdaşlığımız var. Bir sözlə, Azərbaycanın hava məkanını qorumağa tam şəkildə hazır olan kadrlarımız olduğunu deyə bilərik və onlar qarşıya qoyulan tələblərə ən yüksək səviyyədə cavab verirlər”. 

Qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. Azərbaycanın ikinci müstəqilliyi dövründə - 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan Ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" - indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan Ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 2014-cü ildən komandan Ramiz Tahirov idi. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”   

 

15.05.2024 11:59
5782