Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişib

Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişib.

Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, pensiya hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən ediləcək.

Qanunla həmin şəxslərdən yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi miqdarında əlavə olunmaqla müəyyən edilməsi qaydası ləğv edilir.

Qanuna əsasən, yuxarıda qeyd edilən şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin - 50 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla müəyyən ediləcək.

Qeyd edək ki, bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

15.02.2024 14:26
1534