Hər zarafatda bir həqiqət var – sovet liderlərinin LƏTİFƏ gerçəklikləri...

Dünyanın bir sıra ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Məhz bu gün insanlar yumor hisslərini daha çox ifadə edirlər, zarafatlaşırlar, lətifələr söyləyirlər. Sözsüz ki, siyasətçilər də adi insanlar kimi yumor hissindən məhrum deyillər. Sovet liderləri də arabir zarafatlarından qalmayıblar, yeri gələndə lətifə də söyləyiblər, o cümlədən onlar haqqında lətifə qoşanlar da tapılıb. Əslində bu lətifələrdə bir gerçəklik də olub. Axı hər zarafatda bir həqiqət var...

Sovet liderləri arasında Stalin, Xruşov və Brejnev digərləri ilə müqayisədə siyasi fəaliyyətlərində maraq doğuran, cəmiyyətdə səs-küyə səbəb olan hadisələrlə daha çox yadda qalıblar.

Bu hadisələr nə qədər məxfi saxlanılsa da, müxtəlif mənbələrdən ictimaiyyətə informasiyalar sızıb. Beləliklə, həmin hadisələr dildən-dilə dolaşıb və bir az da “bəzək-düzək” verildikdən sonra lətifələrə çevrilib.

Stalin özü haqqında lətifələrdən az xəbərdar olub. Çünki heç kim cürət edib bu haqda ona danışmayıb. Stalinə nəinki lətifə danışmaq, adi bir təqdimatda cüzi bir səhv buraxmaq rəhbərin qəzəbinə və sərt reaksiyasına səbəb olub. Məsələn, Mark Reyzen Stalinin ən çox sevdiyi ifaçılardan biri olub. Bayram tədbirlərinin birində Stalin köməkçisinə göstəriş verib ki, tədbirdə Reyzen də iştirak etsin. Reyzenə bu haqda məlumat verəndə ifaçı Böyük Teatrdan işdən azad olunduğunu söyləyib. Buna baxmayaraq, ona iştirakının vacibliyini deyiblər və bu haqda həm də Stalini məlumatlandırıblar. Reyzeni isə işdən çıxaran İncəsənət işləri üzrə komitənin sədri Xarçenko olub. Tədbirdə Reyzenin çıxışından sonra Stalin həm onu, həm də Xarçenkonu yanına çağırıb və komitə sədrindən soruşub:

- Siz kimsiniz?

- İncəsənət işləri üzrə komitənin sədri Stalin Reyzeni işarə edərək növbəti sualı verib:

- Bəs bu kimdir?

- Reyzen

- Cavabınız düzgün olmadı. Bu, Dövlət Akademik Böyük Teatrın solisti, SSRİ Xalq artisti Mark Osipoviç Reyzendir, siz isə nəcissiniz. Təkrar edin!

- Bu, Dövlət Akademik Böyük Teatrın solisti, SSRİ Xalq artisti Mark Osipoviç Reyzendir, mən isə nəcisəm…

- Bax indi düzgün cavab oldu.

Stalin bəzi məqamlarda qarşısındakını ciddi görkəmdə, amma zarafatla başa salıb. “NKVD”yə rəhbərliyi dövründə Yejov Stalinin repressiya maşınının sükanında əyləşən ən qəddar komissarlardan biri olub. Stalin bu cəlladın bütün imkanlarından istifadə edib. Xarici işlər komissarı Litvinovun həyat yoldaşını da məhz Yejov həbs edib. Litvinov bu problemlə bağlı Stalinə müraciət edib:

- Yoldaş Stalin, mən inanıram ki, siz bu haqsızlığa göz yummayacaqsınız. Yejov mənim həyat yoldaşımı həbs edib.

Stalin təmkinlə cavab verib:

- Yejov bunu elə-belə yerdən etməz, yəqin ki, həyat yoldaşınız haqqında material var.

- Yoldaş Stalin, Yejovun materiallarını axtarsaq, oradan sizin haqqınızda da material çıxacaq. Axı bu, haqsızlıqdır.

- Yoldaş Litvinov, hər şey ola bilər. Biz “NKVD”nin işinə qarışa bilmərik.

Xruşov isə lətifələri çox da ciddiyə almayıb.

XRUS SON.png (59 KB)

 

Onun haqqında lətifələri üzünə söyləyiblər və o da bunu gülə-gülə qarşılayıb, özü də bir lətifə söyləyib.

Tarixə durğunluq dövrünün müəllifi kimi düşən Brejnev isə lətifələrdən zövq alıb.

BREZ.jpg (88 KB)

Hətta o, öz yaxınlarından ona qoşulan lətifələri söyləməyi xahiş edib. Baş katib bildirib ki, əgər onun haqqında lətifələr dolaşırsa, deməli, o, yaxşı işləyir. Əslində Brejnevə qoşulan lətifələr həqiqəti əks etdirib.

Məlum olduğu kimi, Brejnev son dərəcə hədiyyə, mükafat, orden-medal həvəskarı olub. Amma marşal rütbəsində olan baş katib nədənsə generalissimus rütbəsini taxmaqdan imtina edib.

Bir gün Brejnevin ən yaxın silahdaşlarından biri sayılan Suslovdan bunun səbəbini soruşanda Kremlin boz kardinalı həqiqəti deməyə məcbur olub:

- Leonid İliç generalissimus sözünü ifadə edə bilmir. Buna görə də marşalla kifayətlənib.

Brejnev özü də yaxşı bilib ki, ictimaiyyət arasında onun mükafat hərisliyi tez-tez gündəmə gəlir. Elə bununla bağlı da növbəti bir lətifə meydana çıxıb. Jurnalist Brejnevin çoxsaylı təltifləri haqqında ona sual verəndə baş katib konkret faktla cavab verib:

- Çoxları elə düşünür ki, guya mən dövlət təltiflərini çox sevirəm və onlardan heç vaxt imtina etmirəm. Xeyr, heç də belə deyil. Mən bu yaxınlarda Mavritaniya dövlətinin ən ali mükafatı olan buruna taxılan qızıl həlqədən imtina etmişəm…

Lətifə olsa da, həqiqətdir. Brejnevin 200-ə yaxın təltifləri arasında həqiqətən də buruna taxılan qızıl həlqə olmayıb.

İlham Cəmiloğlu,
Musavat.com

01.04.2024 13:04
6681