Hər şey 5 il əvvəl bu gün BAŞLADI! - “Yeni Müsavat”çılardan İNANILMAZ xatirələr, ŞOK görüntülər

Hər şey 5 il əvvəl bu gün, 27 sentyabrda başladı... Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə start verdi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.

5 il əvvəl bu gün Azərbaycan bir başqa tarixə, bir başqa mərhələyə, bir başqa qələbəyə oyandı... 2020-ci ilin 27 sentyabrında ali baş komandan, şücaətli Azərbaycan ordusu və Azərbaycan xalqı bir yumruq kimi birləşərək, o yumruğu düşmənin başına endirdi... Milli həmrəylik, xalqımızın şücaəti və ordumuza olan inam idi bizi güclü edən... İndi bütün dünyaya nümunə kimi göstərilən 44 günlük savaşın ilk günlərində həyəcan, inam və sevinclə yanaşı bir narahatlıq da vardı... Əcəba... ordumuza qarşı başqa qüvvələr tərəfindən təxribat ola bilərmi? Amma inam bütün hislərə üstün gəldi və 44 günlük savaşımız qələbə ilə yekunlaşdı. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alındı.

Və bu savaş dönəmində ali baş komandan ölkənin başında, ordumuz cəbhədə vuruşduğu kimi mətbuat da informasiya savaşında əlindən gələni etdi. “Yeni Müsavat” Media Qrupu savaşın ilk dəqiqəsindən etibarən “xəbərçi şinelini” geyindi və reportyorlarımız savaş bölgəsinə yollandı... Savaşın, odun-alovun mərkəzindən xəbər verdilər, çəkdilər, yazdılar, göstərdilər...

TV Müsavatın “Canlı debat” verilişində 5 il öncəki həmin günə birgə ekskursiya edəcəyik. “Yeni Müsavat” Media Qrupu həmin günləri necə yaşayıb? Şanlı savaşımızın ilk günü, 44 gün boyunca yaşananlar. Media qrupunun rəhbəri Rauf Arifoğlu başda olmaqla komandamızın müharibə bölgəsində və studiyada savaşı anbaan işıqlandırması, oxuculara-tamaşaçılara qaynar xəbərləri çatdırması… Müharibə reportyorlarımız Elşən Balaxanılı, Məhəmməd Türkmən, İlkin Muradov, Elçin Əkbərov, Məğrur Salmanov və onların çəkdikləri-paylaşdıqları müharibə geçəkləri…

Bu efirlə sizi həmin günlərə aparacaq, şanlı savaşımızın ilk günlərini “Yeni Müsavat” Media Qrupunun gözü və xatirələrinin müşayiəti ilə izləyəcəksiz:

27.09.2025 09:32
508