Hər kəsin toxunmaq istədiyi “qadının” sirli hekayəsi - Old Budva haqda ŞOK DETALLAR

Yunan bani, venesiyalı idarəçilər, zəlzələnin dağıtdığı şəhər

Monteneqronun ən çox ziyarət edilən şəhərlərindən biri Budvadır.

Bunun əsas səbəbi Budvanın kurort mərkəzlərindən biri olması, ən böyük çimərliklərin də məhz burada yerləşməsidir. Sahilboyu saysız-hesabsız otellər tikilib və günü-gündən artan tələbatı ödəmək üçün tikintilərin sayı daha da artır. Şəhərin içinə doğru kirayə verilən evlər də çoxluq təşkil edir. Gündüzlər dənizdə dincələn turistlər axşamlar qədim şəhərə üz tuturlar.

DENİ.jpeg (192 KB)

Adriatik dənizinin mavi suları ilə əhatə olunan qədim şəhər-Old Budvanın əsası 2500 il əvvəl qoyulub. Bu şəhər Adriatik dənizinin sahilindəki ən qədim yaşayış məskənlərindən biridir. Budva və ətrafı, yəni Budva Rivyerası Monteneqronun ən böyük turizm mərkəzidir. Böyük çimərliklər məhz bu ərazidədir.

NİGA.jpeg (2.35 MB)

Burada Aralıq dənizi memarlığının gözəl nümunələrini görmək olar. Şəhər körfəz sahilindədir. Şimala doğru uzanan körfəz burnunda qədim qala qapıları görünür. Köhnə Budvada ilk yaşayış məskənlərinin eramızdan əvvəl 5-ci əsrdə olduğuna dair çox sayda arxeoloji sübut var. Rəvayətə görə, şəhərin əsasını qədim yunan qəhrəmanı Finikiyalı Kadmus qoyub. O, əsasını qoyduğu Fev şəhərini tərk edərək özü və həyat yoldaşı Harmoniya üçün burada sığınacaq tapıb. Budvada Aralıq dənizinin iki nəhəng sivilizasiyası-Qədim Yunan və Romaya aid tarixi abidələr var. Roma İmperiyasının süqutundan və onun iki yerə bölünməsindən sonra yaranan güclər arasındakı bölücü xətt Budvadan keçdi və bu bölgənin mədəniyyətinə böyük təsir göstərdi.

MEDENİY.jpeg (302 KB)

Orta əsrlərdə Budva Duklya krallarının, serb və zeta feodallarının hakimiyyəti altında idi. Venesiyalılar şəhəri 1420-ci ildən 1797-ci ilə qədər idarə ediblər. Həmin vaxt şəhər Budua adlanırdı və Venesiya Albaniyasına məxsus idi. Şəhər türk basqınlarından qorunan keçilməz divarlarla əhatə olunmuşdu. Şəhər sakinləri 19-cu əsrə qədər venesiya dilində danışırdılar. XIX əsrin 60-cı illərinə qədər Budva Avstriya İmperiyasının, 1918-ci ilə kimi isə Avstriya-Macarıstan İmperiyasının tərkibində olub. 1929-cu ildən Yuqoslaviya Krallığının bir hissəsinə çevrilib. 1930-cu illərin ortalarından başlayaraq şəhər tədricən beynəlxalq kurort kimi inkişaf etməyə başlayıb. 1970-1980-ci illərdə Qərbi Avropa turistlərinin bölgəyə marağı artıb. 15 aprel 1979-cu ildə güclü zəlzələ baş verdi. Şəhərin çox hissəsi dağılsa da, sonradan bərpa olundu.

Balığa çevrilən aşiqlərin əfsanəsi

Adətən qədim yaşayış məskəninlərinin maraqlı hekayələri olur. Dünya xəritəsində əfsanələri ilə məşhur coğrafiyalardan biri də Adriatik dənizinin sahilləridir. Budva da istisna deyil. Budvanın əsas simvolu bir-birinə bağlı iki balıqdır. Qədim qala divarındakı barelyefdə bu balıqların təsvirini görə bilərsiniz. Əfsanəyə görə şəhərin adı gözəl Elena və ona aşiq olan daşkəsən Markonun eşqi ilə bağlıdır. Elenanın zəngin atası kasıb bir daşkəsəni kürəkən olaraq görmək istəmirdi. Aşiqlər ümidsizlikdən əl-ələ verib, özlərini qayalardan fırtınalı dənizə atıblar. Suya toxunan kimi balığa çevriliblər və bu zaman uçurumdan bir səs gəlib: “İkisi bir olsun”. Monteneqroda bu, “Ko jedno nek budu dva” kimi səslənirdi. Və şəhər beləcə Budva adını alıb. Sonradan daş ustası Markonun evində iki balıq təsviri olan tematik daş aşkar edilib. Bu daş şəhər qalasının divarına tikilib. Səyahət edənlərə bu daşa toxunaraq sevgilərini gücləndirməyi tövsiyə edirlər. Hər yerdə olduğu kimi, burada da belə bir əfsanə tarixə yazılıb...

DENİ SON.jpeg (201 KB)

Minlərlə turistin düşdüyü “sehr”, ona toxunan...

Qala divarları ilə əhatə olunan Old Budvanı heç yerə daxil olmadan gəzmək 15-20 dəqiqə vaxt aparır. Qədim daş divarlar, dar küçələr, müxtəlif məhsulların satıldığı kiçik dükanlar, kafelər, restoranlar və s. Bir sözlə, turistlərin çox sevdiyi tipik “old town”. Başınızı yuxarı qaldıranda bir tərəfdə güllü-çiçəkli eyvanlar, digər tərəfdə zivədən asılmış paltarlar görəcəksiniz. Eyvanda Napoleon heykəlini görəndə təəəcüblənən zaman qulağınıza kilsə zənginin səsi gələcək. Ayağınız sizi qədim küçələr boyu aparacaq, bir də baxacaqsınız ki, eyni yerə çıxmısınız. Bəli, Old Budvada bu adi haldır.

Bəs Qədim Budvada nələr görə bilərik?

Monteneqronun məşhur kurortunun mərkəzində yerləşən bu şəhər qədim Aralıq dənizi memarlığının yaxşı qorunan guşəsidir. Budvaya gələn hər kəs dolanbac küçələrdə gəzməyə, kilsələrə getməyə, axşamın sərinində Aralıq dənizi sahilində gözəl mənzərədən həzz almağa çalışır. Daxili qala Qədim Budvanın ən mühüm memarlıq abidəsidir. Yerli sakinlər burada düşmənlərdən gizlənirdilər. Hər il burada teatr festivalı keçirilir. Bu teatr bayramına əcnəbi aktyorlar da gəlir. Yay aylarında daxili qalanın həyətində musiqili konsertlər də təşkil olunur. Daxili qalanın müşahidə göyərtəsindən dəniz sahilinə, dağlara və kurorta gözəl mənzərə açılır.

Qala ərazisində Dəniz Muzeyi var. Arxeologiya Muzeyi də burada yerləşir. Qalanın düz yanında yerləşən kitabxanada ölkənin tarixindən bəhs edən köhnə kitablar mövcuddur.

BUDVA.jpeg (243 KB)

Köhnə şəhərin yaxınlığında nekropol var. Nekropol İkinci Dünya Müharibəsindən əvvəl, otel tikintisi zamanı aşkar edilib. Qazıntılar zamanı xarabalıqların müxtəlif dövrlərə aid olduğu məlum olub. Bir hissəsi İlliriya-Yunan dövrünə, eramızdan əvvəl VI-IV əsrlərə, bir hissəsi isə Yunan-Roma dövrünə (e.ə. III əsrlər) aiddir.

Old Budva ərazisində həm katolik, həm də pravoslav bir neçə kilsə və məbəd yerləşir. Bunlardan ən məşhuru Müqəddəs İohan Məbədidir. Ən hündür zəng qülləsini demək olar ki, hər tərəfdən görmək mümkündür.

Bina 1948-ci ildən dövlət tərəfindən qorunur və 1961-ci ildə Monteneqronun mədəniyyət abidələrinin xüsusi reyestrinə daxil edilib. Puntadakı Müqəddəs Məryəm kilsəsi (red: Santa Maria in Punta, 840-cı ildə tikilib) buradakı monastrdan günümüzə gəlib çatan yeganə tikilidir. Müqəddəs Üçlük Kilsəsi isə 19-cu əsrin əvvəllərinə aid pravoslav kilsəsidir. Monteneqronun mədəni irs abidələri siyahısına daxil edilib.

Tarixlə maraqlananlar üçün Budva Şəhər Muzeyini ziyarət etmək maraqlı ola bilər. Bu 4 mərtəbəli muzeydə eramızdan əvvəl 5-ci əsrə aid kolleksiyaları görmək olar. Bir çox eksponat Bizans, Roma və hətta sonrakı dövrlərə aiddir. Burada Ellinizm dövrünə aid artefaktlar, şüşədən hazırlanmış dəfn qabları, qədim yazıları əks etdirən daş lövhələr var.

Şəhərin ən çox ziyarət edilən yerlərindən biri də sahildəki Budvalı rəqqasə abidəsidir. Bürünc heykəli sevgi haqqında rəngarəng hekayələrdən ilhamlanan heykəltəraş Qradimir Aleksiç yaradıb. Heykəlin bir neçə adı var: “Budvalı rəqqasə”, “Budvalı gimnast” və “Budvalı balerina”.

REQAS.jpeg (70 KB)

Sonuncu variant dəqiq deyil, çünki qız tutu (balerina ətəyi) geyinməyib. Bu zərif qız heykəli şəhərin simvoluna çevrilib. Moqren çimərliyinin yaxınlığında qayalı sahildə yerləşən heykəlin ətrafında hər zaman turistlər olur. Yerli rəvayətə görə, qızın kövrək fiqurasına toxunanın arzuları gerçəkləşir. Minlərlə turist də bu “sehr”ə inanır. Bəziləri hesab edir ki, abidə qayadan yıxılaraq faciəvi şəkildə həlak olan Monteneqrolu gimnastın şərəfinə ucaldılıb. Ancaq heç kim qızın dəqiq adını və ya nə vaxt baş verdiyini xatırlamır. Başqa bir dramatik əfsanə aşiq cütlükdən bəhs edir. Adriatik dənizinin sularında üzən gənclər dəniz canavarının hücumuna məruz qalıb. Yalnız qız hücumdan xilas ola bilib. O, qayalığın üstünə çıxmağı bacarıb və səbirsizliklə sevgilisinin sahilə çıxmasını gözləyib. Lakin möcüzə baş verməyib. Uzun illər qız sevgilisinin öldüyü yerə gəlib və əngin dənizə baxıb. Onun ölümündən sonra daşlardan birinin üzərində əbədi hiss və sədaqəti xatırladan heykəl peyda olub. Başqa bir romantik əfsanəyə görə, heykəlin yaranması rəqqasə və dənizçinin eşq hekayəsindən ilhamlanaraq yaradılıb. Dənizçi uzunmüddətli səyahətə çıxıb və sevgilisi onun qayıtmasını gözləməli olub. İllər keçsə də, gəmi geri qayıtmayıb. Sevgilisi intizarlı gözlənti içində dünyasını dəyişib. Əsl hekayəsi bəlli olmasa da, bu gün turistlər heykəli görmədən getmirlər.

Tarix və rəvayətlər sizə maraqlı deyilsə, Müasir İncəsənət Qalereyasını ziyarət edə bilərsiniz.

Qalereya 1972-ci ildə açılıb. Burada Petar Lubard, Milo Milunoviç, Tabuccio və digər Avropa və Asiya müəlliflərinin yaradıcılığı ilə tanış olmaq olar. Qalereyada məşhur ekspressionistlərin əsərlərinin böyük kolleksiyası mövcuddur və onlar daimi sərgiyə daxildir.

Budvanın “Havay” adası, 16 avroya qara düyü

Budva sahilində gəzişərkən yaxınlıqda bir ada görünür-Müqəddəs Nikola adası. Köhnə şəhərdən 1 kilometr aralıda yerləşən adanın uzunluğu 2 kilometr, sahəsi 36 hektardır. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 121 metr hündürlükdə olan bir qayadır. Ada turistlər arasında məşhurdur. Adada ümumi uzunluğu 840 metr olan 3 böyük çimərlik, ətrafında isə yalnız qayıqla qət ediləcək çox sayda kiçik çimərlik var. Adanın sakit yerlərində marallar yaşayır. Yerli sakinlər adaya Şkol deyirlər. Bu söz “Školjka” yəni balıqqulağı sözündən əmələ gəlib. Gənclər isə ərazini “Havay” adlandırırlar.

Köhnə Budva küçələrini gəzdikcə birinci mərtəbələrdə mağazaların, kafelərin, restoranların çoxluğu diqqəti cəlb edir. Binaların üst mərtəbələrində isə yerli sakinlər və ya turistlər yaşayır. Turizm mövsümündə küçələrdə yerli musiqiçiləri dinləmək olar.

Əgər yaddaqalan hədiyyələr almaq istəyirsinizsə, alış-verişi elə Old Budvada edə bilərsiniz. Maraqlı suvenirlər, əl işi məhsulları, müxtəlif qoxulu sabunlar, şamlar, yağlar, kosmetik məhsullar, bəzək əşyaları, heykəlciklər, geyimlər, Monteneqro, Budva yazılı yüzlərlə çeşid məhsul yaxşı seçim ola bilər.

 HEYKELİ.jpeg (432 KB)

Qiymətlərə gəlincə, Avropada olduğunuzu dərhal hiss edəcəksiniz:

Karandaş - 1 avro

Qələm - 3 avro

Maqnitlərin ən sadəsi və ən ucuzu 2 avrodur. Daha maraqlıları 5 avrodur.

Sabun - 4.50 avro

Şamlar - 5 avro

Kiçik gəlinciklər - 15 avro

Çantalar və T-shirtlər-in qiyməti 15 avrodan başlayır.

Bir çox turist Monteneqrodan zeytun məhsulları almağa üstünlük verir. Deyilənə görə, ölkə zeytun məhsulları ilə də tanınır. Foto çəkilməsinə icazə verilməsə də, dükanlardan birində geniş çeşidlə qarşılaşdım. Həm qida, həm də kosmetik vasitə kimi onlarla məhsul seçimi var. Ən kiçik ölçülü zeytun yağının qiyməti 7 avrodan başlayır.

Gözəl gəzintidən və alış-verişdən sonra nə etmək olar?

Əlbəttə ki, yemək yemək və dincəlmək. Qeyd etdiyim kimi, Budvada kafe-restoran çoxdur. Menyuda həm yerli, həm də əcnəbi, xüsusilə italyan mətbəxinə məxsus yeməklər çoxdur.

PUBA.jpeg (189 KB)

Buranın “black risottosu” məşhur imiş. Mən də bu yeməyi dadmaq qərarına gəldim. Elə adından bəlli olduğu kimi, önümə qara düyü gətirdilər.

YEMİ.jpeg (168 KB)

Sona qədər yeyə bilmədim, çünki Monteneqroda yemək porsiyaları böyük və doyumlu olur, amma dadlı idi. Qiyməti 16 avro idi. Alma, laym, nanə qarışımı içkimə isə 5.50 avro ödədim.

Menyudakı digər qiymətləri aşağıdakı şəkillərdə görə bilərsiniz:

MENYU SON.jpeg (158 KB)

MENYU 1.jpeg (156 KB)

Müşahidələrimə görə, turistlər ayaqüstü yeməyə üstünlük verirlər.

Budvada bir dilim pizza 3,50 avrodur. Hətta kumpir çeşidləri də var. Küçələrdə yerli şərab çeşidlərinin dadına baxmaq üçün masalar da qoyulub.

Yeməyimizi yedikdən və bir qədər dincəldikdən sonra Old Budvanın axşam mənzərəsini seyrə çıxdıq. Nə yalan deyim, bir anlıq İçərişəhər üçün darıxdım. Bizim İçərişəhər hər nə qədər qarış-qarış müxtəlif obyektlərlə dolu olsa da, bu qədər səs-küylü deyil. Yeri gəlmişkən, Budvada həyat gecə başlayır.

1 saat əvvəl yemək yediyiniz sakit məkan 1 saat sonra çılğın gənclərin məkanına çevrilir. Gənclər əllərində içkiləri ilə kurort bölgənin sərin havasında əylənirlər.

Bu səs-küydən qaçanlar isə sahildə gəzişməyə üstünlük verirlər. Adriatik dənizinin sərin mehi, dalğaların səsi gecə gəzintisi üçün əla seçimdir. Sahildə saysız-hesabsız gəmi, yaxta, qayıq var. Onlar müxtəlif istiqamətlərə turlar təklif edir və taksi xidməti göstərirlər.

Bunu da qeyd edim ki, Budva və ümumiyyətlə, Monteneqroda təhlükə riski olmadan rahat gəzə bilərsiniz. Restoranda oturduğunuz zaman azyaşlı uşaqlar yaxud qucağında uşaq olan qadınlar sizdən pul istəyə bilərlər. Lakin siz “yox” desəniz, turist olsanız da narahat etməyəcəklər. Oğurluq yox dərəcəsindədir. Odur ki, bu barədə rahat ola bilərsiniz.

Monteneqro, Old Budva,
Fotolar, VİDEO müəllifindir,
Nigar HƏSƏNLİ,
Musavat.com

17.08.2024 20:00
2232