Hər il Avropadan ABŞ-a 300 milyard dollar kapital axını baş verir

Hər il Avropa İttifaqından ABŞ-a 300 milyard avro kapital axını baş verir ki, bu da Avropa maliyyə sistemini və Avropa şirkətlərinin rəqabət qabiliyyətini sarsıdır.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen əsas mövzusu Aİ-də iqtisadi vəziyyətin və icma üçün zəruri olan iqtisadi transformasiyaların müzakirəsi olan Aİ sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

O vurğulayıb ki, Avropa İttifaqı buna qarşılıq olaraq 2010-cu ildə yaranmış avro böhranına cavab kimi formalaşdırılan “Aİ Kapital Bazarları İttifaqı”nın yaradılmasını başa çatdırmalıdır.

Bu yeniliklər Aİ ölkələrində bank və maliyyə tənzimləmələrinin uyğunlaşdırılmasına, məsələn, Avropa şirkətlərinə, xüsusən də kiçik və orta müəssisələrin kreditləşdirilməsi üçün vahid şəraitin yaradılmasına və ya korporativ iflas üçün ümumavropa qaydalarının yaradılmasına yönəlib. Bu tədbirlər genişlənməyə və yeni üzvlərin qəbuluna hazırlaşarkən Aİ-nin iqtisadi transformasiyasının bir hissəsi olmalıdır.

Belçikanın Baş naziri Aleksandr De Kroo isə vurğulayıb ki, bu islahatların mahiyyəti Avropa dövlətlərinin əlində olan suveren Avropa iqtisadiyyatının inkişafına yönəlib. Onun sözlərinə görə, Aİ vahid kapital bazarından əlavə, vahid müdafiə sənayesi, ümumi Avropa rəqəmsal bazarı və “yaşıl texnologiyalar” bazarı yaratmalıdır.

Bütün bu transformasiyalar İtaliyanın keçmiş baş naziri Enriko Letta tərəfindən hazırkı sammit üçün hazırlanmış Avropa İttifaqının gələcəyi ilə bağlı iqtisadi hesabata əsaslanır. Sammitdən sonra keçirilən mətbuat konfransında o vurğulayıb ki, təklif olunan bütün islahatların mahiyyəti “Avropa layihəsinin tacında ən böyük almaz olan Avropa İttifaqının həqiqətən vahid bazarının formalaşdırılması üzrə işlərin başa çatdırılmasıdır”.

Letta xüsusilə qeyd edib ki, Avropa İttifaqı yaşıl keçidin maliyyələşdirilməsi prinsipinə yenidən baxmalı və bu ehtiyaclar üçün təkcə dövlət və Avropa ehtiyaclarını deyil, özəl vəsaitləri də səfərbər etməlidir.

Musavat.com

19.04.2024 11:25
407