Hər il 18 milyon insan bu səbəbdən ÖLÜR – ŞOK XƏBƏRDARLIQ

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olan ürək-damar xəstəlikləri hər il təxminən 18 milyon insanın ölümünə səbəb olur.

Musavat.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, ürək-damar xəstəliklərini yaradan əsas risk faktorları arasında qeyri-sağlam qidalanma, fiziki aktivliyin azlığı, tütün və alkoqol istifadəsi yer alır.

Bu risk faktorları yüksək qan təzyiqi, qan şəkəri və piylənmə kimi hallara səbəb olaraq ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Risk faktorlarının birgə halda müşahidə edilməsi isə daha təhlükəlidir. Buna görə də ürək-damar xəstəliklərindən qorunmaq üçün yalnız bir risk faktoruna deyil, bütün risk faktorlarına birlikdə yanaşmaq və müdaxilə etmək böyük əhəmiyyət kəsb edir.

Ümumdünya Səhiyyə Təşkilatına görə, düzgün həyat tərzi və risk faktorlarının nəzarət altına alınması ilə ürək-damar xəstəliklərindən qaynaqlanan ölümlərin dörddə üçündən çoxunun qarşısını almaq mümkündür.

Türkiyə Səhiyyə Nazirliyi bu xəstəliklərlə effektiv mübarizə aparmaq üçün “Ürək-Damar Xəstəliklərinin Qarşısının Alınması və Nəzarət Proqramı” hazırlayıb.

Proqram çərçivəsində ürək-damar xəstəliklərinin risk faktorlarından qorunma, erkən diaqnoz, effektiv müalicə və izləmə işlərinin ailə həkimlərindən başlayaraq bütün səhiyyə mərhələlərində sistemli və effektiv şəkildə həyata keçirilməsi üçün strateji yanaşmalar müəyyən edilib.

Proqrama əsasən, ailə həkimləri 40 yaş və yuxarı şəxslərə ürək-damar riski qiymətləndirməsi aparır. Qiymətləndirmə zamanı ilk olaraq şəxsin yaşı, cinsi, siqaret istifadəsi kimi məlumatlar toplanır, qan təzyiqi ölçülür və xolesterin səviyyəsi yoxlanılır. Toplanmış məlumatlar əsasında növbəti 10 il ərzində ölümcül ürək-damar xəstəliyi keçirmə riski hesablanır və şəxsə xüsusi məsləhət verilərək müalicə planı hazırlanır.

Nazirlik rəsmiləri ürək sağlamlığını qorumaq üçün emal olunmuş qidalardan uzaq durmağı, duz qəbulunu azaltmağı, siqaret və alkoqoldan imtina etməyi, müntəzəm fiziki məşqlər etməyi və yuxu rejiminə diqqət yetirməyi tövsiyə edirlər.

Musavat.com

19.04.2025 13:14
534