Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Ölkəmizdə adətən armudu stəkanda servis olunan bu içki şirniyyat, çərəz və limonla birlikdə təqdim edilir. Qonaqlara çay verilməsi isə onlara xüsusi hörmətin göstəricisi hesab olunur.
Bundan əlavə, çayın ürək sağlamlığına müsbət təsir etdiyi bilinməkdədir. Bu içki bağırsaq funksiyalarını yaxşılaşdırır, insult riskini azaldır və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir.
Bəs mədəniyyətimizdə bu qədər mühüm yerə malik olan çay çox içildikdə hansı ciddi xəstəliklərə səbəb ola bilər?
Musavat.com xəbər verir ki, mütəxəssislər gündə 3-5 stəkan çayın sağlamlıq üçün optimal olduğunu bildirirlər. Bu miqdarda çay immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir və ürək-damar sisteminə müsbət təsir göstərir. Lakin həddindən artıq çay istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
Çayın həddindən artıq istehlakı aşağıdakı problemlərə yol aça bilər:
Yuxusuzluq və narahatlıq: Çayda olan kafein həddindən artıq istehlak edildikdə, yuxusuzluğa və əsəbilik hallarına səbəb ola bilər. Kafein bədəndəki enerjini artırsa da, yuxu keyfiyyətini poza bilər.
Dəmir əskikliyi: Çaydakı tanin maddəsi dəmirin udulmasını azaldır. Həddindən artıq çay içmək, xüsusən vegetarian və ya vegan qidalanan şəxslərdə dəmir əskikliyinə səbəb ola bilər.
3Sidikqovucu təsir: Çayın diüretik (sidikqovucu) təsiri vardır. Həddindən artıq çay içmək bədəndən suyun atılmasına səbəb olaraq, dehidratasiya riskini artırır.
Mədə problemləri: Çayın turşuluğu mədə qıcqırmasına və həzmsizlik problemlərinə səbəb ola bilər. Həmçinin, yeməkdən sonra çay içmək mədənin pH səviyyəsini dəyişdirə bilər.
Əsəbilik və ürək problemləri: Çayın aşırı istehlakı ürək ritmində pozğunluqlara və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Çaydakı kafein, bədəndəki bəzi reaksiyaları sürətləndirərək əsəbilik yarada bilər.
Çay müsbət təsirlərini yalnız düzgün miqdarda istifadə edildikdə verir. Gündəlik çay istehlakı miqdarına diqqət yetirmək sağlamlıq problemlərinin qarşısını almağa kömək edər.
Musavat.com