Hər gecə təzə dərdlə yatan adam

Uşaq bağçaları tərbiyəçilərinin sertifikasiya imtahanı bu yaxınlarda keçirildi. Nəticələr haqda dərin məlumatım yoxdur, xəbərlərdə 1-ci yeri Balakəndəki uşaq bağçasında tərbiyəçi işləyən qadının tutduğunu gördüm. Hesab edirəm ki, burada rəmzi hadisə olmuşdur, axı “Balakən” toponimi “bala” sözündən yaranmışdır! Yekun qiymətləndirmə açıqlansın, güman edirəm Balaxanı, Cocuq Mərcanlı, Bala Bəhmənli uşaq bağçalarının kollektivi də uğurlu göstəricilərlə xalqımızı sevindirəcəkdir.

Doğrudur, bağçalarda sertifikasiya (az qalmışdı “bağçalarda yasəmənlər...” yazım) uzun müddət müzakirə edildi. Gah dedilər olacaq, gah dedilər olmayacaq. Xüsusilə hazırda çalışan 5 min tərbiyəçinin qeyri-ixtisas sahibi olması vəziyyəti qəlizləşdirirdi. AXC-Müsavat dövründə bağçalarımıza kimi gəldi götürürdülər. Dərəbəylik idi. Əbülfəz bəyin videosu var idi, uşaq bağçasında İsa Qəmbərlə şərab içirdi.

Ancaq həkimlər, orta məktəb müəllim(ə)ləri, dövlət qulluğunun başqa sferaları sertifikasiya olunursa, niyə bağça tərbiyəçiləri də olmamalıydı? O üzdən, imtahan vacib idi.

Məsələn, ağlayan uşağı necə sakitləşdirmək, uşaqların payını yemək, bu zaman çəkisini aşağı düşməyə qoymamaq, qarşokun kirayə, pampersin icarə verilmə üsulları, yatmayanları döymək qaydaları və sairə elmi məsələlər öyrənilsə yaxşı olar. Yəqin alimlərimiz də bu istiqamətdə çoxlu işlər görməlidir.

Yeni azərbaycanlı insan yetişdirmək işinə biz körpələr evi, uşaq bağçasından, hətta qətiyyətlə yazıram: doğum evlərindən başlamalıyıq. Bu haqda hədis var. Deyir bir nəfər gəlir peyğəmbərin yanına, soruşur ki, uşağa haçan əxlaq-tərbiyə öyrətməliyəm. Peyğəmbər soruşur övladın neçə yaşı vardır. Valideyn ərz edir: “Altı aylıqdır”. Peyğəmbər buyurur: “Artıq gecdir”.

Ata-babalarımızın da bu temada yaxşı fikirləri vardır: “Qızını döyməyən, dizini döyər”, “Qırağına bax, bezini al, anasına bax, qızını al”, “Yaxşı uşaq neynir uşaq pulunu, pis uşaq neynir ünvanlı sosial yardımı” və sairə. 

Sözgəlişi, təzəlikcə orta təhsil ocaqlarımızdan birində qeyri-adi hal yaşanmışdır. Məktəblilər öz sinif yoldaşlarını 4-cü mərtəbədən aşağı sallamışlar, onu qorxudurmuşlar ki, səni aşağı atacağıq. Səs-küyə məktəb rəhbərliyi, hüquq-mühafizə orqanları, icra hakiminin yeniyetmələrlə iş şöbəsinin müdiri, rayonun deputatı, AMEA-dan müxbir üzvləri, qəzetlərdən bir neçə müxbir, telekanallardan çoxlu müğənnilər, o cümlədən, diplomatik korpusun nümayəndələri gəlmişdir. Uşaq xilas edilmişdir, xoşbəxtlikdən tələfat yoxdur. Şagirdlər bildirmişdir ki, əslində məqsəd uşağı aşağı atmaq deyildi, zarafat ediblər, eyni zamanda, məktəblilərimizə vətənpərvərlik, cəsurluq hissləri aşılamaq məqsədi güdür. Ya da güdülmüşdür – orasını tam dəqiq bilmirəm.

Belə şeylər dünyanın hər yerində olur. Amerikada məktəbli olmaq ümumiyyətlə əcəllə çilingağac oynamaqdır. Ancaq gərə biz sayıqlığı əldən verməyək. Bu işdə hökumətdən öyrənməyə borcluyuq. Gör sərhədləri 4 ildir necə uğurla bağlı saxlayırlar!

Bu sərhəd məsələsini təkcə pəncərədən şagird sallamaq baxımından yazmadım. Yaxınlarda sel-su olmuşdu, Bakıda bir məktəbin hasarı uçmuşdu. Məndə olan məlumata görə həmin hasarı hələ də düzəltməyiblər! Uşaqlar hasarın yarıq yerindən sərbəst şəkildə dərsdən qaçır, repetitor yanına gedir, siyasi baxımdan pozulurlar. Hazırda icra hakimiyyətinin ehtiyatda olan qüvvələri, yaxındakı parkın qarovulçuları, velosiped zolağının süpürgəçiləri və sairə yoldaşlar hasarın uçan hissəsində monitorinqlərə cəlb edilmişdir. Vətən sərhəddən, məktəb hasardan başlanır!

Yazını görkəmli şairimiz Bəxtiyar müəllimin şeirindən sitatla bitirirəm:

Göyün yırtıq yeri düşdü başıma,

Soyuq su qatdılar isti aşıma.

Hər gün bir təzə dərd çıxdı qarşıma,

Bir gecə yatmadım köhnə dərdlə mən.

03.11.2024 19:27
1519