Hər gecə 102-yə zəng edən şəxs həbs edildi

Bakıda içkinin təsiri altında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən şəxslər inzibati qaydada həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1985-ci il təvəllüdlü Cavid Salamov (ad-soyad şərtidir) mütəmadi olaraq gecə saatlarında DİN-in 102 xidmətinə zəng vuraraq, nalayiq ifadələr işlədib. Vətəndaşa dəfələrlə xəbərdarlıq olunsa da, əməllərini davam etdirib.

O, saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilib. Binada polisə müqavimət göstərib.

Məhkəmənin qərarı ilə, C.Salmanov İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.

07.11.2023 18:00
6173